AZ

Azərbaycan regional və qlobal əməkdaşlıqda liderliyini möhkəmləndirir - MÜSAHİBƏ

Regional və qlobal əhəmiyyətli tədbirlərin Azərbaycanda keçirilməsi artıq bir ənənəyə çevrilib. Bu baxımdan, “İnkişaf və təhlükəsizliyin rezonansı: AQEM-in institusional transformasiyasında regional əməkdaşlıq və idarəetmə” mövzusunda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Beyin Mərkəzləri Forumunun 13-cü sessiyası ölkəmizin bu sahədəki liderlik rolunu bir daha təsdiqləyir.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva "İki sahil" TV-yə müsahibəsində forumun əhəmiyyəti, Azərbaycanın təşəbbüskarlıq rolu və regional əməkdaşlığa verdiyi töhfələrə aydınlıq gətirib.

-AQEM-in Beyin Mərkəzləri Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi ölkəmiz üçün hansı əhəmiyyətə malikdir?

-İlk növbədə, bu, Azərbaycanın beynəlxalq platformalarda artan nüfuzunun və diplomatik fəallığının göstəricisidir. Belə mötəbər tədbirin Bakıda baş tutması ölkəmizin regionda siyasi sabitlik və təhlükəsizlik baxımından etibarlı tərəfdaş kimi qəbul olunduğunu sübut edir.  Eyni zamanda, bu forum Asiya ölkələrinin beyin mərkəzləri ilə əlaqələrin genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və strateji əməkdaşlığın inkişafı üçün əlverişli şərait yaradır. Sessiyanın məhz Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq nüfuzunun, etibarlı tərəfdaş imicinin göstəricisidir. Bu kimi platformalar vasitəsilə regional təhlükəsizlik, iqtisadi inteqrasiya, qarşılıqlı etimad mühitinin gücləndirilməsi və beyin mərkəzlərinin rolunun artırılması kimi məsələlər müzakirə olunur. Azərbaycan bu proseslərdə fəal iştirak etməklə həm də regional məsələlərin həllində təşəbbüskar mövqeyini nümayiş etdirir.

-Forumda AQEM-in institusional transformasiyası konkret olaraq hansı dəyişiklikləri və ya təklifləri əhatə etdi?

-Forumda AQEM-in institusional transformasiyası çərçivəsində əsas diqqət təşkilatın daha çevik, funksional və müasir çağırışlara cavab verə bilən struktura çevrilməsinə yönəldi. Təkliflər sırasında qərarların qəbulunda iştirakçı ölkələrin bərabər təmsilçiliyinin təmin olunması, əməkdaşlığın yalnız təhlükəsizlik sahəsi ilə məhdudlaşmaması və iqtisadi, ekoloji, texnoloji sahələri də əhatə etməsi vurğulandı. Eyni zamanda, beyin mərkəzlərinin şəbəkələşməsi, ortaq araşdırma layihələrinin həyata keçirilməsi və region ölkələri arasında məlumat mübadiləsinin artırılması da önəmli dəyişikliklər kimi təqdim olundu. Bu yanaşmalar AQEM-i gələcəkdə daha effektiv platformaya çevirməyi hədəfləyir. Azərbaycan həm Avropa, həm Asiya, həm də Yaxın Şərq arasında təbii tranzit zonası kimi AQEM çərçivəsində yeni əməkdaşlıq modellərinin yaradılmasına töhfə verə bilər. Azərbaycanın Cənub Qaz Dəhlizi və bərpaolunan enerji sahəsindəki təşəbbüsləri AQEM üzvü olan bir çox ölkə üçün nümunədir və bu sahədə əməkdaşlıq imkanları genişdir.

-Yeni dünya düzənində “Qlobal Cənub”un rolu hansı strateji dəyişiklikləri ehtiva edir və bu anlayışın beynəlxalq münasibətlər sistemində artan çəkisi nədən qaynaqlanır?

-Son illərdə beynəlxalq münasibətlər sistemində “Qlobal Cənub” anlayışı tədricən strateji əhəmiyyətə malik kateqoriyaya çevrilib. Əgər əvvəlki dövrlərdə qlobal qərarların formalaşdırılmasında əsas rol Qərb dövlətlərinin  ABŞ və Avropa İttifaqının üzərinə düşürdüsə, bu gün inkişaf etməkdə olan ölkələrin artan iqtisadi potensialı, zəngin təbii resursları və strateji-coğrafi mövqeləri beynəlxalq sistemin yeni sütunlarını formalaşdırır.  Qlobal Cənub ölkələri artıq yalnız “müşahidəçi” deyil, qlobal proseslərin fəal iştirakçılarına çevriliblər. Bu tendensiyanı bir neçə əsas göstərici ilə izləmək mümkündür: Hindistan, Braziliya, İndoneziya, Türkiyə, Cənubi Afrika kimi ölkələr qlobal ÜDM-in artımına ciddi təsir göstərir. Dünyanın neft, qaz və strateji minerallar ehtiyatlarının əhəmiyyətli hissəsi bu regionun nəzarətindədir. Bundan başqa, dəniz yolları, tranzit dəhlizləri və logistika mərkəzlərinin böyük bir qismi məhz Qlobal Cənub ölkələrinin ərazisindən keçir ki, bu da onların beynəlxalq ticarətdə rolunu daha da artırır. Paralel olaraq, BRICS, Şanxay Əməkdaşlıq Təşkilatı, Afrika Birliyi və ASEAN kimi qurumlar vasitəsilə bu ölkələr beynəlxalq arenada qərarvermə prosesinə təsir imkanlarını genişləndirir, Qərb mərkəzli mexanizmlərə alternativ platformalar formalaşdırırlar. Beləliklə, enerji, ticarət və təhlükəsizlik sahələrində öz maraqlarını daha açıq və sistemli şəkildə müdafiə edirlər.

-Azərbaycanın ŞƏT ölkələri ilə ikitərəfli iqtisadi əlaqələrinin bu platforma çərçivəsində daha da dərinləşməsi hansı real nəticələr doğura bilər?

-Dünyada müşahidə olunan mürəkkəb geosiyasi mənzərə, iqtisadi-ticari çəkişmələr, iqlim dəyişikliyi və sülh ilə sabitliyin təmin olunması kimi qlobal çağırışlar beynəlxalq və regional təşkilatların daha aktiv fəaliyyət göstərməsini və çoxtərəfli dialoqun dərinləşməsini zəruri edir. Bu kontekstdə, həm ərazisinə, həm də əhalisinin sayına görə dünyanın ən böyük regional qurumlarından biri olan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) rolu xüsusilə ön plana çıxır.

ŞƏT-in başlıca məqsədləri üzv ölkələr arasında qarşılıqlı etimad və mehriban qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, iqtisadiyyat, elm, texnologiya, mədəniyyət, təhsil, enerji, nəqliyyat, turizm və ekoloji təhlükəsizlik sahələrində effektiv əməkdaşlığın qurulmasıdır. Eyni zamanda, təşkilat regionda sülh və sabitliyin qorunması, eləcə də daha ədalətli beynəlxalq siyasi-iqtisadi sistemin formalaşdırılması üçün birgə təşəbbüslərin irəli sürülməsini də qarşısına məqsəd qoyur.

Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatının iclas və forumlarında davamlı və fəal iştirakı ilə təşkilatın qərarlarının müzakirəsi və icrasına öz töhfəsini verir. Ölkəmiz yalnız siyasi deyil, həm də iqtisadi və humanitar sahələrdə ŞƏT çərçivəsində həyata keçirilən birgə layihələrdə maraqlıdır. Eyni zamanda, Azərbaycan beynəlxalq təhlükəsizlik gündəliyində əhəmiyyətli yer tutan terrorizm, narkotiklərin qanunsuz dövriyyəsi və digər transsərhəd təhlükələrə qarşı mübarizədə də təşkilatla əməkdaşlıq edir. Eyni zamanda, ölkəmiz regional sabitlik və təhlükəsizlik məsələlərində də ŞƏT ilə əməkdaşlıq edir. Transsərhəd təhdidlər, terrorizm və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı birgə mübarizə istiqamətində təcrübə və informasiya mübadiləsi həyata keçirilir. Azərbaycanın gələcəkdə təşkilata tamhüquqlu üzv olması məsələsi də müzakirə olunmaqdadır. Bu, ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirə və ŞƏT çərçivəsində daha geniş iqtisadi-siyasi imkanlar yaradaraq yeni əməkdaşlıq platformalarına yol aça bilər.

-ŞƏT ilə iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi Azərbaycanın regional rolu baxımından nə dərəcədə önəmlidir?

-Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətləri son illərdə ardıcıl şəkildə genişlənməkdədir. Hazırda müşahidəçi statusuna malik olan Azərbaycan bu platformada fəal iştirak edir, təşkilatın müxtəlif tədbirlərində, iclas və forumlarında nümayəndə heyətləri ilə təmsil olunur. Bu iştirak ölkəmizə regionun əsas geosiyasi və iqtisadi gücləri ilə əlaqələrin möhkəmləndirilməsi üçün əlverişli imkanlar yaradır.

ŞƏT ilə iqtisadi-ticari əməkdaşlığın genişləndirilməsi Azərbaycanın regional rolu baxımından olduqca strateji əhəmiyyət daşıyır. Bu əməkdaşlıq, ölkəmizin Orta Asiya, Çin, Hindistan, Rusiya və İran kimi böyük bazarlarla daha sıx inteqrasiya imkanlarını artırır. Azərbaycanın yerləşdiyi coğrafi mövqenin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində olması  ŞƏT üçün vacib tranzit və enerji tərəfdaşı statusunu daha da gücləndirir. Bununla yanaşı, ŞƏT çərçivəsində iqtisadi əməkdaşlıq Azərbaycanın qeyri-neft ixracını artırmaq, logistika, kənd təsərrüfatı, sənaye və turizm kimi sahələrə xarici sərmayə cəlb etmək baxımından da əlavə imkanlar yaradır.

Azərbaycan ŞƏT çərçivəsində xüsusilə nəqliyyat-tranzit, enerji təhlükəsizliyi, ticarət, turizm və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsində maraqlıdır. Cənub Qaz Dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Orta Dəhliz kimi iri layihələr Azərbaycanın strateji mövqeyini gücləndirərək, onu təşkilat üçün vacib tərəfdaşa çevirib.

-Əməkdaşlıq  sahəsində atılan addımlar ŞƏT ölkələrinə enerji və ticarət sahəsində hansı strateji üstünlükləri qazandırır və bu təşəbbüslər regional iqtisadi inteqrasiyaya necə təsir edir?

-ŞƏT-in əsas üstünlüyü ideoloji ritorikadan çox, qarşılıqlı faydaya əsaslanan praqmatik əməkdaşlıqda və konkret nəticələrə yönəlmiş fəaliyyət modelindədir. Limanların, sənaye zonalarının, quru dəhlizlərinin inteqrasiyası, həmçinin nəqliyyat və logistika infrastrukturunun inkişaf etdirilməsi ŞƏT-in siyasi dialoqu real və praktiki nəticələrə çevirmə qabiliyyətini nümayiş etdirir. Bu cür əməkdaşlıq enerji resurslarının daha təhlükəsiz və səmərəli daşınmasını təmin edir, üzv ölkələrin məhsullarının beynəlxalq bazarlara çıxış imkanlarını artırır və ticarət dövriyyəsini genişləndirir. Eyni zamanda, bölgədə istehsal və investisiya mühitini gücləndirərək yeni iqtisadi klasterlərin formalaşmasına şərait yaradır.

-Azərbaycanın həyata keçirdiyi nəqliyyat və enerji layihələri Orta Dəhlizin strateji əhəmiyyətini necə artırır və bu dəhliz ŞƏT ölkələri üçün hansı yeni imkanlar yaradır?

- Azərbaycanın hazırda həyata keçirdiyi nəqliyyat və transmilli enerji layihələri Orta Dəhlizin potensialını artırmaqla yanaşı, bu marşrutun siyasi və investisiya baxımından dəstəklənməsini də stimullaşdırır. İşğaldan azad olunmuş ərazilərdə sürətlə qurulan nəqliyyat infrastrukturu  xüsusilə Zəngəzur dəhlizinin işə düşməsi  Orta Dəhlizin mühüm seqmentinə çevrilə bilər. Artıq uzunluğu 140,6 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xətti tam hazır vəziyyətə gətirilib. Bu dəmir yolu Zəngəzur dəhlizinin əsas hissələrindən biri olmaqla, Bakı-Tbilisi-Qarsdan sonra Azərbaycanla Türkiyəni birləşdirən ikinci dəmir yolu bağlantısını formalaşdıracaq və yüklərin Şərq-Qərb istiqamətində daha sürətli və təhlükəsiz daşınmasını təmin edəcək.

Bütün bunlar göstərir ki, Orta Dəhliz artıq nəzəriyyədən çıxaraq praktik reallığa çevrilib. Layihə, eyni zamanda, Çindən başlayan və müxtəlif istiqamətlərə yönəlmiş digər marşrutlara güclü alternativ yaradır və strateji əhəmiyyəti ilə seçilir. Bu dəhliz yalnız nəqliyyat layihəsi deyil, eyni zamanda Şərqlə Qərb arasında yeni geosiyasi çəki mərkəzi formalaşdırmaq potensialına da malikdir. Xüsusilə Çin üçün təhlükəsizlik, enerji, ticarət və logistika baxımından əhəmiyyət daşıyan Orta Dəhliz, ŞƏT ölkələrinin regional dəyərini artırmaqla yanaşı, onları qlobal ticarət sistemində daha güclü və çevik mövqeyə çıxarır.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Seçilən
54
ikisahil.az

1Mənbələr