AZ

Çin sürətlə dollardan imtina edir

Rəsmi dairələr hesab edir ki, yuan nəhayət yetkin mərhələyə çatıb

Çin rəhbərliyi tarixi fürsətin qapıda olduğunu düşünür. ABŞ prezidenti Donald Trampın qeyri-sabit ticarət siyasəti, böyük büdcə kəsiri və Federal Ehtiyat Sisteminin müstəqilliyinə yönəlmiş təhdidlər dolların mövqeyini ciddi şəkildə zəiflədə bilər. Yanvardan bəri dolların dəyəri ticarət göstəricilərinə görə 7% ucuzlaşıb ki, bu da 1973-cü ildən bəri ən pis başlanğıc sayılır. Əksinə, ciddi şəkildə tənzimlənən Çin valyutası — yuan, noyabrda Tramp yenidən seçildikdən sonra ən yüksək səviyyəsinə çatıb. Xarici investorlar da buna diqqət yetirir. Bir çox hökumətlər kimi onlar da dollara alternativ axtarışındadır.

Bu maraq yeni deyil. Eləcə də, Çinin yuanı beynəlmiləlləşdirmək arzusu. İlk addımlar 2009-cu ildə atılmışdı və bu, kapital axınlarına nəzarətin yumşaldılması ilə nəticələndi. Amma 2015-ci ildə fond bazarının çökməsi və milli valyutanın devalvasiyası kütləvi kapital qaçışı yaratdı. Bu isə yenidən sərt nəzarəti gündəmə gətirdi və yuanın beynəlxalq genişlənməsini dayandırdı. Bu dəfə rəsmilər həm davamlı irəliləyiş əldə etməyə, həm də kapital axınlarına ciddi nəzarəti qorumağa çalışırdılar.

Çin rəhbərləri düşünürlər ki, yuanın dünyada qəbul olunması ixracatçıları dolların məzənnə dəyişkənliyindən qoruyacaq və ABŞ-ın maliyyə sanksiyaları riskini azaldacaq. Bəzi rəsmilər ümid edirlər ki, xarici şirkətlər və investorlar dövlətin sərt nəzarətini görməzlikdən gələcək, hətta yuanı investisiya aləti kimi qəbul edəcəklər. Son illərdə bu istiqamətdə irəliləyişlər nəzərəçarpan dərəcədədir: hesab-fakturalarda və xarici kreditləşmədə yuanın payı artıb, dollarla bağlı olmayan maliyyə infrastrukturunun inkişafı isə diqqət çəkib. Bununla belə, indi xarici investorların yuanı seçməsi üçün daha güclü stimullar lazımdır.

Yuanın zəif və güclü tərəfləri

Çinin dünya iqtisadi fəaliyyətində payı 20%-ə yaxındır, amma beynəlxalq ödənişlərdə yuanın payı cəmi 4%-dir (dollarla müqayisədə 50%). Mərkəzi bankların valyuta ehtiyatlarında yuanın payı isə 2%-dən azdır, dolların payı isə 58%-dir. Bu fərqin əsas səbəbi — ölkənin kapital hərəkətlərinə nəzarətidir. Bir çox iqtisadçılar düşünür ki, bu nəzarət davam etdikcə yuanın tam beynəlmiləlləşməsi mümkünsüzdür.

Bununla belə, Çin çox sürətli irəliləmə nümayiş etdirir. 2022-ci ildən yuanın beynəlxalq ödənişlərdəki payı ikiqat artıb. 2019-cu ildə ölkənin ticarətində yuanın payı 14% idisə, indi 30%-dən çoxdur. 2010-cu ildə transsərhəd ödənişlərin 1%-dən azı yuanda aparılırdısa, indi bu göstərici 50%-i ötüb.

Siyasət və strategiya

Pekində fəaliyyət göstərən Trivium China konsaltinq şirkətindən Dinni Makmaxon deyir ki, siyasətçilər yuanın daxildə və xaricdə sabit dövriyyəsini qurmaq niyyətindədirlər. Bunun üçün may ayında tənzimləyicilər iri banklara göstəriş verib ki, ticarətin dəstəklənməsi məqsədilə verilən kreditlərin ən azı 40%-i yuanla olmalıdır. Bundan başqa, Çin tərəfdaş ölkələri yuanı ödəniş vasitəsi kimi qəbul etməyə təşviq edir.

ABŞ Federal Ehtiyat Sisteminin iqtisadçılarının martda dərc etdiyi araşdırmaya görə, 2022-ci ildə Rusiyaya qarşı sanksiyalardan sonra Çin bankları xarici kreditlərin böyük hissəsini dollardan yuana keçirdi. Əvvəllər bu kreditlərin cəmi 15%-i yuanda verilirdisə, indi göstərici üçqat artaraq rekord həddə çatıb.

Eyni strategiya dövlət maliyyəsində də tətbiq olunur. Çin indiyədək 32 ölkənin mərkəzi bankına 4,5 trilyon yuanlıq (630 milyard dollar) svop xətti təqdim edib. Bu, faktiki olaraq İMF-in qlobal təhlükəsizlik sisteminə alternativdir. İstifadə olunan hissə az olsa da, bu mexanizm ölkələrə böhran anında yuanla kredit və valyuta əldə etmək imkanı yaradır.

Yeni maliyyə infrastrukturu

Çin həmçinin öz maliyyə sistemini qurub. Buraya rəqəmsal yuan, mobil ödəniş texnologiyaları və ən əsası — beynəlxalq banklararası ödəniş sistemi CIPS daxildir. Bu sistem Qərbin SWIFT platformasına alternativdir. Artıq 1700-dən çox bank CIPS-ə qoşulub və ötən il tranzaksiya həcmi 43% artaraq 175 trilyon yuana (24 trilyon dollar) çatıb.

Bundan başqa, Çin digər mərkəzi banklarla birgə rəqəmsal ödəniş layihəsi mBridge-i inkişaf etdirir. ABŞ rəsmiləri etiraf edirlər ki, iqtisadi baxımdan hələ kiçik olsa da, bu layihə artıq geosiyasi təsir gücünə malikdir. Avqustda Sincanda sanksiyalara məruz qalan bir şirkət öz xarici səhmdarlarına məhz mBridge vasitəsilə ödəniş edib.

Növbəti addımlar

Si Cinpin hökuməti daxili bazarın möhkəmləndirilməsinə və maliyyə müstəqilliyinə fokuslanaraq, eyni zamanda, xarici investorların bazara çıxışını genişləndirir. Artıq daxili bazarda ticarət üçün açılan maliyyə kontraktlarının sayı iki dəfədən çox artıb.

Beynəlxalq arenada isə Çin dost ölkələr üçün kapital bazarını açır. Bu il Macarıstan 5 milyard yuanlıq “panda-obligasiya” buraxıb. Sentyabrda Rusiya enerji şirkətlərinə yuanla obligasiya buraxmağa icazə verilib. Keniya yaxın zamanda dollar borcunu yuana çevirmək niyyətindədir, Braziliya isə yeni yerləşdirmə üzərində düşünür.

Perspektivlər

İyunda Çin Mərkəzi Bankının rəhbəri Pan Gunşen bildirib ki, dünya maliyyə sistemi “çoxqütblü” olur və yaxın gələcəkdə dollar yuan kimi valyutalarla rəqabət aparmaq məcburiyyətində qalacaq. Pekin ümid edir ki, bu rəqabət sayəsində yuan dollardan asılılığı azaltmaqla yanaşı, qlobal səviyyədə özünəməxsus mövqeyini də qoruyacaq.

 

Seçilən
39
banker.az

1Mənbələr