AZ

DYP yeni tədris prosesinin başlanması ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Yeni tədris prosesinin başlanması ilə bağlı Baş Dövlət Yol Polisi (DYP) İdarəsi hərəkət iştirakçılarına müraciət edib.

İdarədən bildirilib ki, müraciətdə deyilir:

“Tədris prosesinin başlanması ilə paytaxtın küçə və prospektlərində nəqliyyatın hərəkəti daha da intensivləşir. Bu, ilk növbədə məktəb və bağça ətrafında, eləcə də ali təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə özünü göstərir. Belə şəraitdə həm sürücülərin, həm valideynlərin, həm də şagird və tələbələrin qaydalara ciddi əməl etməsi xüsusi əhəmiyyət daşıyır.

Sürücülərdən xahiş olunur ki, zəruri olmadıqda şəxsi avtomobildən istifadə etməsinlər, ictimai nəqliyyata üstünlük versinlər, dayanma-durma qaydalarını pozmasınlar və təhsil müəssisələrinin yaxınlığında sürəti azaldaraq daha diqqətli olsunlar.

Valideynlər uşaqları məktəbə gətirərkən kortej şəklində hərəkət etməməli, imkan daxilində eyni nəqliyyat vasitəsindən bir neçə şagirdin daşınması üçün istifadə etməli, avtomobilləri yalnız icazə verilən yerlərdə saxlamalıdırlar. Uşaqların avtomobildən düşməsi zamanı onların mütləq səkiyə yaxın qapıdan çıxmasına nəzarət edilməlidir.

Piyadalar, o cümlədən şagird və tələbələr, yalnız nişanlanmış piyada keçidlərindən istifadə etməli, qəfil yola çıxmamalı, hərəkət zamanı isə diqqətlərini yayındıran amillərdən uzaq durmalıdırlar”.

Baş Dövlət Yol Polisi İdarəsi yeni tədris prosesinin başlanması münasibətilə bütün təhsil ictimaiyyətini bir daha təbrik edir və xatırladır ki, yollarda təhlükəsizliyin təmin olunması hər bir hərəkət iştirakçısının məsuliyyətli davranışından asılıdır.

Seçilən
41
49
yeniazerbaycan.com

10Mənbələr