AZ

"Emmi" mükafatlarının qalibləri açıqlandı: Rekordlar və tarixi anlar

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Los-Ancelesdə televiziya sənətləri sahəsində nailiyyətlərə görə təqdim edilən 77-ci "Emmi" mükafatlarının təntənəli mərasimi keçirilib. Televiziya dünyasının ən nüfuzlu mükafatı sayılan "Emmi"nin builki qalibləri arasında həm rekordlar, həm də tarixi hadisələr qeydə alınıb.
Oxu.Az bu barədə "Variety" nəşrinə istinadla xəbər verir.
Məlumata görə, ən yaxşı dramatik serial nominasiyasında "The Pitt", ən yaxşı komediya serialı isə "The Studio" qalib olub.
Gecənin ən yaddaqalan məqamı "Netflix"in "Adolescence" layihəsindəki rolu ilə 15 yaşlı Ouen Kuperin mükafat qazanmasıdır. O, "Emmi"ni əldə edən ən gənc aktyor kimi televiziya tarixinə düşüb. Ümumilikdə isə "Adolescence" beş nominasiyada qalib gələrək "Ən yaxşı mini-serial və ya antologiya" daxil olmaqla bir sıra mükafatların sahibi olub.
Dram janrında ən yaxşı aktyor adına "The Pitt"dəki çıxışına görə Noa Uayli, ən yaxşı aktrisa adına isə "Severance" serialındakı performansına görə Britt Louer layiq görülüb. Komediya janrında isə "The Studio"dakı rolu ilə Set Rogen, "Hacks" serialındakı rolu ilə isə Cin Smart qalib gəliblər.
Gecənin rekordçusu isə şübhəsiz ki, "Apple TV+" istehsalı olan "The Studio" serialı olub. Layihə 13 "Emmi" mükafatı qazanaraq komediya serialları arasında tarixi rekorda imza atıb. Bununla yanaşı, Set Rogen də bir gecədə ən çox "Emmi" qazanan aktyor kimi tarixə düşüb və gecənin ən çox danışılan ulduzlarından birinə çevrilib.
Xatırladaq ki, "Emmi" mükafatları 1949-cu ildən təqdim edilir və televiziya sənayesinin ən yüksək mükafatı hesab olunur. Builki 77-ci mərasim yeni istedadların üzə çıxması və rekordların yenilənməsi ilə yadda qalıb.
Seçilən
16
1
oxu.az

2Mənbələr