AZ

Koreya, ABŞ və Yaponiya “Freedom Edge” hərbi təlimlərinə başlayıb

Koreya Respublikası, ABŞ və Yaponiya silahlı qüvvələri sentyabrın 15-dən 19-dək Cənubi Koreyanın Ceju adasının cənub-şərqində beynəlxalq sularda üçtərəfli “Freedom Edge” hərbi təlimlərinə start verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.

Təlimlər dənizdə, havada və kiberməkanda həyata keçirilir. Proqram çərçivəsində raket və hava hücumundan müdafiə manevrləri, dənizdə tibbi təxliyə və müdaxilə üzrə ssenarilər icra olunur. Cənubi Koreyanın Birləşmiş Qərargah Rəisləri bu addımın KXDR-dən gələn nüvə və raket təhdidlərinə cavab xarakteri daşıdığını və regionda sülhün qorunmasına xidmət etdiyini açıqlayıb.

Manevrlərin məqsədi üç ölkə orduları arasında ahəngdarlığı gücləndirmək və “sülhün kollektiv şəkildə qorunmasına sadiqlik” nümayiş etdirməkdir.

Bu, “Freedom Edge” adı altında keçirilən üçüncü belə təlimdir. Bundan əvvəl oxşar manevrlər 2024-cü ilin iyun və noyabr aylarında baş tutub. Cari təlimlər Koreya Respublikasının yeni prezidenti Li Çje Myonqun və ABŞ prezidenti Donald Trampın ikinci administrasiyası dövründə ilk birgə təcrübə hesab olunur.

Eyni tarixlərdə Koreya Respublikası və ABŞ ayrıca “Iron Mace” adlı ikitərəfli komanda-qərargah təlimləri də keçirir. Bu təlimlər Vaşinqtonun nüvə imkanlarının Seulun adi silah potensialı ilə inteqrasiyasını nəzərdə tutur və KXDR-dən gələn nüvə təhlükəsi ssenarilərinin sınağını əhatə edir.

Seçilən
9
9
operativmm.az

10Mənbələr