AZ

İlham Əliyev Xocalı rayonunun Seyidbəyli və Daşbulaq kəndlərində olub



Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Seyidbəyli kəndində olub.

Newscenter.az xəbər verir ki, dövlət başçısına kənddə görülmüş işlər barədə məlumat verildi.

Qeyd edək ki, Seyidbəyli kəndi 2023-cü ilin sentyabrında Silahlı Qüvvələrimizin həyata keçirdiyi antiterror əməliyyatı zamanı Azərbaycanın nəzarətinə keçib.

Bundan sonra kəndin sosial infrastrukturunun qurulmasına başlanılıb. Belə ki, 30 kilometr uzunluğunda mövcud elektrik xətti bərpa olunub, 2 ədəd transformator quraşdırılaraq, sayğaclaşdırma işlərinə start verilib. Magistral qaz xətləri çəkilib, 5,7 kilometr uzunluğunda mövcud qaz xətti, həmçinin su anbarı, subartezian quyusu bərpa edilib, içməli su şəbəkəsi yenidən qurulub. Kənddə bayraq meydanı salınıb, kənddaxili yollar asfaltlanıb.

Seyidbəyli kəndində 140 ev var ki, onlardan da 22-i yararsız, 118-i isə qismən yararlıdır. Artıq 10 ev bərpa edilib. Bu ilin sonunadək 44, 2026-cı ildə isə daha 64 ev istismara hazır olacaq. İndiyədək kəndə 9 ailə (31 nəfər) köçüb.

Dövlətimizin başçısı kəndə köçən Rasim Ələkbərovun evində oldu.

XXX

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 15-də Xocalı rayonunun Daşbulaq kəndində 13 hektar sahədə salınmış tut bağında olub.

Dövlət başçısına görülmüş işlər barədə məlumat verildi.

Bildirildi ki, burada Çin Xalq Respublikasından idxal olunmuş 130 min ting əkilib. Tut bağında damcılı suvarma sistemi yaradılıb.

Qeyd olunub ki, 2026-cı ildə 100 ton, 2030-cu ildə isə 500 ton tut yarpağının istehsalı planlaşdırılır. Proqnozlaşdırılan barama istehsalı gələn ildən başlayaraq 5 il ərzində 60 tondur. Bu ilin oktyabr-noyabr aylarında əlavə 150 hektar sahədə damcılı suvarma sisteminin tətbiqi və təxminən 1,5 milyon tut tinginin əkilməsi, klaster modeli əsasında tut bağının salınması, ətrafda kümxanaların qurulması, ipəkqurdunun bəslənməsi, yaş barama istehsalı, həmçinin məhsulun emal prosesinin həyata keçirilməsi nəzərdə tutulur. Burada 25 nəfər daimi işlə təmin olunub. Mövsümi işlərə isə 750 nəfər cəlb ediləcək.


Sevinc Mehdiyeva

Seçilən
27
12
newscenter.az

10Mənbələr