AZ

Arzularını çəkən rəssamElbəy Rzaquliyev - Günün tablosu

15 sentyabr Xalq rəssamı Elbəy Rzaquliyevin anım günüdür.

Kulis.az bu münasibətlə sənətkarın həyatı, yaradıcılığı haqqında faktları və rəssamın məşhur "İçərişəhər"tablosunu təqdim edir.

Elbəy Rzaquliyev 17 iyun 1926-cı ildə Bakıda anadan olub.

Məktəb illərində Bakı Pionerlər evinin rəssamlıq studiyasında məşğul olub.

Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra, 1946-cı ildə Ümumittifaq Dövlət Kino İnstitutunun rəssamlıq fakültəsinə daxil olub. Orada Q. Şeqal, Y. Pimenov, A. Dixtyar və M. Boqdanov kimi peşəkar rəssam-pedaqoqlardan dərs alıb. Təhsilini başa vurduqdan sonra, 1953-cü ildən "Azərbaycanfilm" kinostudiyasında işləməyə başlayıb.

Onun yaradıcılığı rəngkarlıq və kino rəssamlığı istiqamətində inkişaf edib.

Kinostudiyada ilk işi 1954-cü ildə Hüseyn Seyidzadə və Yan Fridin çəkdiyi “Doğma xalqımıza” bədii-sənədli film olub. Bu film üzərində C. Əzimov və A. Freydlə birgə işləyib.

1955-ci ildə isə dostu C. Əzimovla birgə “Bəxtiyar” və “Görüş” kinokomediyalarına bədii tərtibat verib.

1960-cı ildə Bakıda, 1960–1967-ci illərdə isə Moskvada və Kaunasda fərdi sərgiləri böyük uğurla nümayiş olunub. 1977-ci ildə Azərbaycanın xalq rəssamı fəxri adına, 1986-cı ildə SSRİ Dövlət mükafatına layiq görülüb.

1998-ci ildə "Şöhrət" ordeni ilə təltif olunub. Azərbaycan Rəssamlar İttifaqının katibi olub.

Yaratdığı əsərlər arasında "Daşkəsənin gənc inşaatçıları", "Əli Bayramlı DRES-i", "İnsanların torpağı", "Çiçəklər arasında", "Qırmızı və ağ qızıl güllər", "Xəncər və məişət əşyalarından ibarət natürmort", "Tac-Mahal", "Yaponiya silsiləsi", "Əmək adamları", "Ana", "Montajçılar", "Kənddə" və digər əsərlər var.

O, həmçinin "Sevil", "Arşın mal alan", "Görüş", "Ögey ana", "Onun böyük ürəyi", "Bir məhəlləli iki oğlan", "Telefonçu qız", "Uşaqlığın son gecəsi" və s. kinofilmlərin rəssamı olub.

2007-ci ildə Mübariz Nağıyev tərəfindən Elbəy Rzaquliyevin həyat və yaradıcılıq yolundan bəhs edən “Arzularını çəkən rəssam” adlı qısametrajlı sənədli film çəkilib.

Elbəy Rzaquliyev 15 sentyabr 2007-ci ildə 81 yaşında vəfat edib.

"İçərişəhər" tablosu

Seçilən
25
kulis.az

1Mənbələr