AZ

Proxima Tech Solutions şirkətində yüksək səviyyəli görüş keçirilib

Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Saməddin Əsədov, Proxima Tech Solutions baş ofisini ziyarət edərək şirkətin təsisçisi Tahir Gözel və rəhbər heyəti ilə görüşüb.

Görüş zamanı Proxima Tech-in əsas fəaliyyət sahələri barədə ətraflı təqdimat keçirilib. Şirkətin süni intellekt həlləri, kiber təhlükəsizlik xidmətləri, bulud texnologiyaları və İT infrastrukturun idarə olunması üzrə gördüyü işlər, həyata keçirdiyi layihələr və beynəlxalq tərəfdaşlıqları barədə geniş məlumat təqdim olunub.

Müzakirələrin mühüm mövzularından biri Azərbaycanın texnologiya ixracı potensialı olub. Proxima Tech rəhbərliyi şirkətin region ölkələri və beynəlxalq bazarlarda həyata keçirdiyi layihələr, həmçinin bu istiqamətdə atdığı addımlar haqqında danışaraq, Azərbaycanın texnologiya ixracının gücləndirilməsi üçün konkret təkliflərini bölüşüb.

Eyni zamanda, Nazirliyin təşəbbüsü ilə fəaliyyətə başlamış Azərbaycan Süni İntellekt Akademiyası və Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi ilə əməkdaşlıq imkanları da diqqət mərkəzində olub. Nazir müavini Proxima Tech-in bu qurumlara dəstək göstərə biləcəyi sahələr – kadr hazırlığı, təcrübə mübadiləsi, praktiki layihələrin həyata keçirilməsi və qabaqcıl texnologiyaların tətbiqi istiqamətində perspektivlər barədə məlumat alıb.

Səfər çərçivəsində cənab Saməddin Əsədov Proxima Tech-in Kibertəhlükəsizlik Əməliyyatlar Mərkəzi (SOC)-ni də ziyarət edib. Burada qonağa real vaxt rejimində təhdidlərin monitorinqi, qabaqcıl təhlükəsizlik texnologiyaları, kiber müdafiə həlləri və milli təhlükəsizlik üçün əhəmiyyət daşıyan xidmətlər barədə ətraflı məlumat təqdim olunub.

Cənab Saməddin Əsədov görüşün yüksək səviyyədə və məhsuldar keçdiyini vurğulayaraq, gələcək əməkdaşlıqların Azərbaycanın rəqəmsal transformasiyasına, süni intellekt ekosisteminin inkişafına, kibertəhlükəsizlik ekosisteminin güclənməsinə və texnologiya ixracının artmasına əhəmiyyətli töhfə verəcəyinə inandıqlarını bildirib.

Seçilən
17
4
apa.az

5Mənbələr