AZ

Bir günə sığmayan MAHİYYƏT

Əkbər QOŞALI

Azərbaycan tarixində elə günlər var, onlar bütöv bir ulusun taleyinin dönüş nöqtəsidir. 1918-ci ilin 15 sentyabrı – Bakı şəhərinin bolşevik-menşevik, daşnak-maşnak və digər yadellilərin işğalından azad edilməsi – məhz belə bir gündür. Bu tarix Bakının qurtuluş günü olmaqla yanaşı müstəqil Azərbaycan dövlətinin mərkəzi hakimiyyətinin paytaxta dönüşü, türk qardaşlığının qılınc səhnəsində bir daha möhürlənməsi idi.

O gün Qafqaz Türk-İslam Ordusu – Nuru Paşanın rəhbərliyi ilə Osmanlı əsgərləri və Azərbaycan milli qüvvələrinin birləşmiş iradəsi – Qafqaz tarixinin axarını dəyişdirdi. Çanaqqala səngərlərində can vermiş azərbaycanlı gənclərin ruhu sanki Bakıda döyüşən qardaşlarının ruhuna calanmışdı. Əslində, Çanaqqaladan Bakıya, Bakının qurtuluşundan bu günədək uzanan yol Türk dünyasının sabahına işıq salan qutsal bir yol oldu. 

1918-ci ilin Zəfəri Azərbaycan dövlətçiliyinin nəfəsini açsa da, 1920-ci ilin 28 aprel işğalı bu müstəqilliyi boğdu; lakin ulusumuz heç vaxt ruhən işğala boyun əymədi. Xalq şairi Cabir Novruz necə deyirdi? - KAŞ MİLLƏTDƏ RUH YAŞASIN! Yaşadı, Tanrıya şükür, yaşadı! 1991-ci ildə dövlət müstəqilliyimiz bərpa olundu. Baxmayaraq ki, bərpa olunan müstəqillik də yenidən sınaqlardan keçdi: bu dəfə Sovet mirası üzərində qurulan Ermənistanın işğal siyasəti ilə üz-üzə qaldıq. Arxalarında Moskva vardı, bu azmış kimi yaxın-uzaq coğrafiyalarda digər arxa-dayaqlar da irəli durmuşdu: Paris, Tehran, Vaşinqton… 
Amma tarix bir daha göstərdi: haqq incəlsə də üzülməz!

2020-ci ilin Vətən müharibəsi 1918-in ruhunu yaşatdı – yarımçıq qalan tarixi uğurla, şərəf-şanla tamamladı. Bu dəfə Azərbaycan Ordusu, Türkiyənin siyasi- diplomatik, informasiya və güclü mənəvi dəstəyi ilə böyük Zəfərə imza atdı. 
2023-cü ilin sentyabrında isə dövlətimiz antiterror əməliyyatı ilə suverenliyini tam bərpa etdi. Beləcə, 1918-ci ildə Bakının qurtuluşu ilə başlanan yol 2020-ci ilin Zəfəri ilə tamamlandı, 2023-cü ildə isə altundan taclandırıldı.

1918-ci ilin qəhrəmanları – türk əsgərləri və Azərbaycan döyüşçüləri – qanları ilə qardaşlığın təməlini qoydu. Bugünkü Azərbaycan-Türkiyə müttəfiqliyi ən azı həmin qutsal təməl üzərində yüksəlir. “Şuşa Bəyannaməsi” bu müttəfiqliyin hüquqi-siyasi möhürüdür. Prezident İlham Əliyevin sözləri ilə desək: “Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib”.

Deməli, 15 sentyabr təqvimdən yuxarı bir anlam daşıyır – o, günümüzdə yaşayan, sabahı işıqlandıran bir dəyərdir. Həm Çanaqqalanın, həm Bakının, həm də Qarabağın qəhrəmanlarının qanı bir amalın rəmzidir: söhbət türkün silah qardaşlığı, ruh birliyi və gələcək əminliyindən gedir.

107 il öncə Bakının qurtuluşunu yaşayan Azərbaycan bu gün daha qüdrətli, daha azad, daha müstəqildir. Hər il bu tarixi yad edərkən biz təkcə şəhidlərin ruhuna sayğı göstərmirik, həm də türk qardaşlığının sarsılmazlığını bir daha təsdiqləyirik.

15 sentyabr – 
bu tarixdə biz həm döyüş meydanında qəhrəman əsgərin addımını, həm də məktəb həyətində ilk zəngə qaçan uşağın gülüşünü eşidirik. Birində Vətən torpağını qoruyan, digərində Vətən gələcəyini öyrənən nəsillər dayanır.

Bir yanda 1918-ci ilin Anlaşması – Osmanlı ilə Azərbaycan Cümhuriyyətini çiyin-çiyinə gətirən müqavilə…
O biri yanda 2021-ci ilin “Şuşa Bəyannaməsi” – bu qardaşlığa çağdaş dönəmin hüquqi-siyasi möhürünü nümayiş etdirən görkəmli sənəd…

Bu iki tarix, bu iki sənəd – eyni yolun iki işığıdır: biri keçmişdən gələn, biri gələcəyə yol alan. Arasında yüz ili aşqın zaman dilimi, amma bir damarda döyünən qardaşlıq qanı var.

Maarifin işığı, 
müstəqilliyin nəfəsi, 
qardaşlığın qüdrəti – bu üçbucaq – Azərbaycanı və Türk dünyasını ucalığa aparan yolun əsl adı, əsl anlamıdır.

Şəhidlər ölmədi, Vətən bölünmədi!

Qardaşlığımız zaval görməsin!

Bakının Qurtuluş Günü qutlu olsun!

Seçilən
18
2
modern.az

3Mənbələr