AZ

Mağaza işçisindən milyarderliyə - Kriştiano Ronaldonun sevgilisi Corcina Rodrigez kimdir? - VİDEO

Corcina Rodrigezin həyatı bir anda dəyişən nağıl kimidir. Heç kim inanmazdı ki, "Gucci" mağazasında sadə bir satıcı işləyən qadın, məşhur bir futbolçu ilə tanış olub təkcə eşqə deyil, həm də dəbdəbəli bir həyata qovuşacaq. Bu gün dünyanın ən məşhur futbolçularından birinin sevgilisi kimi tanınan Corcina çoxlarının həsədlə baxdığı bir həyata sahibdir.

Rodrigez karyerasına dörd yaşından etibarən klassik balet təhsili alaraq rəqqasə kimi başlayır, amma ailəsinin maddi vəziyyəti səbəbindən təhsilini davam etdirə bilmir. 17 yaşında ingilis dilini təkmilləşdirmək və pul qazanmaq məqsədilə İngiltərənin Bristol şəhərinə köçüb uşaq baxıcısı olur. Daha sonra Madridə köçərək səkkiz ay boyunca "Gucci" mağazasında satış köməkçisi kimi işləyir.

Bir gün tale onun həyatını bir anda dəyişir: həmin gün məşhur futbolçu Kriştiano Ronaldo mağazaya alış-veriş etməyə gəlir. Ronaldo Corcinanın zərif və təbii gözəlliyindən təsirlənərək dərhal ona nömrəsini verir. O, bu təklif qarşısında çaşqın qalsa da, Ronaldonun özünə inamından da təsirlənmədən keçə bilmir.

Bu tanışlıqdan sonra ikilinin münasibəti başlayır. Ronaldonun ona göstərdiyi diqqət, Corcinanın həyatına tamamilə başqa bir istiqamət verir. Lakin mediada maraq artdıqca Corcina mağazada işləməkdə çətinlik çəkməyə başlayır və nəhayət işindən ayrılır.

Corcinanın Ronaldodan iki övladı var və o, onun digər üç övladına ögey analıq edir. O, gündəlik xərclər və uşaqların baxımı üçün aylıq 50.000–100.000 avro arasında pul xərcləyir.

Ronaldonun ilk övladı Kriştiano Junior 2010-cu ildə doğulub. 2017-ci ilin iyununda isə surroqat ana vasitəsilə Eva María və Mateo adlı əkiz övladları dünyaya gəlib. Corcina isə ilk dəfə 2017-ci ilin noyabrında qızı Alana Martinanı dünyaya gətirib, 18 aprel 2022-ci ildə isə əkiz övladları Ángel və Bella Esmeralda dünyaya gəlir. Təəssüf ki, Ángel doğulduqdan qısa müddət sonra vəfat edir.

Kriştiano Ronaldo ilə birlikdə olmaq, Corcinaya təkcə maddi baxımdan böyük imkanlar qazandırmır, həm də onu dünya miqyasında tanınan bir şəxs halına gətirir. Amma bu dəbdəbəli həyata baxmayaraq, o, ürəyinin dərinliyində yaşadığı çətinlikləri unutmur və münasibətlərinin ilk illərindən etibarən köməyə ehtiyacı olan uşaqlara dəstəyini davam etdirir.

Ronaldonun sevgilisi olmaqla yanaşı, beş övladının anası olan Corcina pula, şöhrətə və dəbdəbəyə baxmayaraq, ən qiymətli şeyin insanlıq və yardımlaşmaq olduğunu hamıya göstərir.

Corcina həmçinin "Gucci", "Prada" və "Chanel" kimi markaların kampaniyalarında iştirak edərək model və sosial media fenomeni kimi karyera qurub. 2022-ci ildə onun "Mən Corcinayam" adlı sənədli filmi Netflix-də yayımlanıb.

Eyni zamanda "Save the Children" təşkilatının elçisidir. O, uşaq yoxsulluğu mövzusunda maarifləndirmə aparıb və bir çox digər xeyriyyə təşkilatlarına da pul ianə edib.

Ötən ay Ronaldo sevgilisi Corcina Rodrigezə evlilik təklif edib. Bu barədə Corcina sosial media hesabında paylaşım edib.

“Bəli, “hə” dedim. İndi və əbədi həyatımda”,-deyə o, Ronaldonun taxdığı üzüyü izləyicilərinə təqdim edib.

Həmidə İbrahimova

Seçilən
11
3
olke.az

4Mənbələr