AZ

Dövlət büdcəmizə gömrük sistemində vurulan badalaq... - BU FAKTDIR!

Dövlət qurumlarının məqsədi yaranan problemləri vaxtında görmək, qiymətləndirmək və onların həlli üçün sistemli şəkildə tədbirlər görməkdir. Bu, yalnız kağız üzərində yazılmış vəzifə deyil, hüquqi dövlətin və şəffaf idarəetmənin əsas sütunlarından biridir. Amma son vaxtlar Azərbaycanda bu fundamental prinsiplərin ciddi şəkildə pozulduğu, dövlət qurumlarının ictimaiyyət qarşısında cavabdehlik daşımaqdan imtina etdiyinin şahidi oluruq.

Vətəndaş müraciətləri cavabsız qalır...

Əvvəllər media və vətəndaşların qaldırdığı məsələlərə dövlət orqanlarından müəyyən reaksiya gəlir, həll edilməsəydi belə ən azı münasibət bildirilirdi. İndi isə vəziyyət tamamilə fərqlidir. Dövlət qurumları nəinki müraciətlərə cavab verir, ümumiyyətlə, onları nəzərə almaqdan belə imtina edir. Bu səssizlik o qədər dərinləşib ki, insanlar artıq həmin qurumlara rəhbərlik edən şəxslərin kimliyindən belə xəbərsizdir.

Məsələn, Səhiyyə Nazirliyi - mövcuddurmu? Əlbəttə. Amma nə ilə məşğuldur? Cəmiyyət bu sualın cavabını bilmir. Çünki fəaliyyət yoxdur, münasibət yoxdur, cavab yoxdur. Hətta insanlar Səhiyyə nazirinin adını belə unudub.

Lakin mövzumuz səhiyyə deyil. Səhiyyə Nazirliyini sadəcə bir misal kimi çəkirik. Əsas məsələ ölkə iqtisadiyyatına, dövlət büdcəsinin formalaşmasına və xalqın rifahına birbaşa təsir edən strateji dövlət qurumlarının zəif fəaliyyətidir.


Strateji dövlət qurumlarının zəif fəaliyyəti...

İqtisadiyyat Nazirliyi, Dövlət Gömrük Komitəsi, Maliyyə Nazirliyi, İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi - bunlar ölkənin iqtisadi istiqamətini müəyyən edən, büdcənin formalaşmasında həlledici rola malik olan qurumlardır. Lakin bu qurumların fəaliyyəti də uzun müddətdir ki, tam susqunluq içindədir. Onlara ünvanlanan suallar, faktlara əsaslanan ictimai müraciətlər demək olar ki, cavabsız qalır.

Bu günlərdə bir neçə şirkətin səlahiyyətli nümayəndəki, iqtisadçı Ayaz Qocamanovun baş verənlərlə bağlı Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevaya ünvanladığı videomüraciət və bundan irəli gələrək cavablandırmalı olan qurumların susqunluğu daha bir bariz nümunə hesab olunmalıdır.

İqtisadçı Ayaz Qocamanov müraciətində Gömrük sistemində uzun illərdir fəaliyyət göstərən qanunsuz şirkətlər barədə konkret faktlar səsləndirib, onların fəaliyyətini çılpaqlığı ilə ortaya qoyub.

İqtisadçı videomüraciətində deyir ki, bu "şirkətlər" dövlət büdcəsinə milyonlarla manat ziyan vurur, qanuni sahibkarlığın inkişafına əngəl törədir, balanslı rəqabət mühitini pozur. Qanuni fəaliyyət göstərən, vergi ödəyən sahibkarlar ziyan çəkir, şirkətlərini bağlamağa, işçiləri ixtisar etməyə məcbur qalırlar.
Amma nə Dövlət Gömrük Komitəsi, nə İqtisadiyyat Nazirliyi, nə də birbaşa məsul şəxs olan İdxal-İxrac idarəsinin rəisi Azər Məmmədov bu müraciətə münasibət bildirmir, əməli tədbirlər görmək istəmir. Sükut bir daha sübut edir ki, ya bu faktlar doğru və "sərfəlidir", ya da cavabdeh qurumlar ya bacarıqsızdır, ya da məsuliyyətsiz.

Kimin qazandığı, kimin itirdiyi bəllidir...

Qanunsuz fəaliyyətdə olan gömrük "şirkətlər"inin arxasında duran məmurların milyonlarla vəsait qazandığı, bunun müqabilində isə dövlət büdcəsinin və qanuni sahibkarların uduzduğu bir dövr yaşanır. Əgər dövlət qurumları bu hallara qarşı mübarizə aparmırsa, deməli mövcud vəziyyət onları narahat etmir, yaxud birbaşa maraqlıdırlar.

İqtisadçı Ayaz Qocamanovun faktlara əsaslanan video-müraciətinə hələ də rəsmi cavab verilməməsi, bu sistemin şəffaflıqdan, ictimai məsuliyyətdən və hüquqi prinsiplərdən nə qədər uzaqlaşdığını bir daha ortaya qoyur. Əgər ölkə iqtisadiyyatı həqiqətən güclənməli, qeyri-neft sektoru inkişaf etməli, real rəqabət formalaşmalıdırsa, ilk növbədə bu kimi qanunsuz şirkətlər ləğv olunmalı, dövlət qurumları isə vətəndaş müraciətlərinə biganə yanaşmamalıdır.

Ayaz Qocamanovun müraciətində qaldırılan məsələ sıradan bir sahibkar problemi deyil, bu, ümumi iqtisadi sistemin sağlamlığını təhdid edən, ictimai narazılığı artıran bir tendensiyadır.

Bu videomüraciəti bir daha aidiyyəti qurumların diqqətinə çatdırırıq. Ümid edirik ki, bu dəfə susqunluqla yox, konkret tədbirlərlə cavab veriləcək. Əgər bu baş verməzsə, sual açıq qalır: Dövlət qurumları kimə xidmət edir - xalqa, yoxsa öz maraq dairələrinə...

 

 
 

Seçilən
14
7news.az

1Mənbələr