AZ

Konfutsi və Nizami Gəncəvi dünyagörüşündə hüquq, ədalət və sosial nizam ideyaları

ain.az, Qaynarinfo saytına istinadən bildirir.

Tarix boyunca bəşəriyyətin intellektual irsində xüsusi yer tutan mütəfəkkirlər fərqli coğrafi mühitlərdə, fərqli zamanlarda yaşasalar da, insan təbiətinin dəyişməz dilemması olan nizam, ədalət və harmoniya məsələlərinə cavab axtarışında ortaq məna qatları yaratmışlar. Fikir tarixində bu səssiz rezonans, müxtəlif sivilizasiyaların təfəkkür sistemləri arasında dərin mənəvi axınların varlığından xəbər verir. Belə bir metafizik axarın iki möhtəşəm daşıyıcısı olaraq Konfutsi və Nizami Gəncəvi, bir-birlərindən uzaq mədəni coğrafiyalarda formalaşsalar da, insanın cəmiyyət qarşısındakı mövqeyinə, idarəetmənin əxlaqi əsaslarına və sosial strukturun mənəvi dayanıqlığına dair düşüncələrində sanki eyni hikməti səssizcə izah edirlər.

Konfutsinin etik sistemi, fərdi davranışı kainatdakı ümumi nizamla uyğunlaşdırmağa yönəlmiş daxili və xarici tarazlıq axtarışıdır. Bu sistem "Li” adlanan mərasim və davranış qaydaları ilə "Ren”in insanpərvərlik ruhunu birləşdirir və hüququ əxlaqdan törəyən ikinci bir mərhələ kimi dəyərləndirir. Burada hüquq qaydaları əsas deyil, əxlaqi özünüidarə əsas rol oynayır. Çünki Konfutsi üçün düzgün davranış hüquqi cəzadan qorxmaqla deyil, insanın daxilindəki mənəvi ideallara sadiqliyi ilə formalaşmalıdır.

Nizami Gəncəvinin fikirlərində ədalət, zaman və məkan daxilində siyasi quruluşun mərkəzi elementi kimi təqdim olunur. Onun əsərlərində padşah təkcə hakimiyyət sahibi deyil, həm də əxlaqi məsuliyyət daşıyan və gücü ədalətlə birləşdirən simvolik hüquqi fiqurdur. Nizam və sabitlik yalnız inzibati üsullarla deyil, həm də mənəvi yüksəliş və hüquqi məsuliyyətin vəhdəti ilə təmin olunmalıdır. Bu baxışda, insanın daxilindəki ilahi ahəng cəmiyyətin hüquq sistemində əksini tapmalıdır.

Hər iki təlimdə insan – hüququn və əxlaqın kəsişmə nöqtəsində dayanan varlıq kimi təqdim olunur. Dövlət strukturu da eyni zamanda həm maddi qaydaların, həm də mənəvi prinsiplərin ifadəsi olaraq düşünülür. Konfutsi üçün bu struktur, ailədən imperiyaya qədər uzanan münasibətlər şəbəkəsində harmoniya və qarşılıqlı hörmətin təminatıdır. Nizami üçün isə hüquq və ədalət, ictimai nizamın sadəcə mexaniki tərəzi üzərində deyil, ruhi tərəzidə də ölçülməli olan yüküdür.

Bu fəlsəfi görüşlərin müasir dövrdə hüquq elmi üçün önəmi, multikultural cəmiyyətlərin etik əsaslar üzərində dayanıqlılıq axtarışlarında daha da aktuallaşır. Hüquq yalnız məcburetmə mexanizmi kimi deyil, cəmiyyətin özünütənzimləmə bacarığının və dəyərlər sisteminin ifadəsi kimi dərk edilməyə başladıqda, Konfutsi və Nizaminin irsi həmin bu dönüşümün bələdçisi kimi yenidən şərh oluna bilər. Onların düşüncəsindəki universal ideyalar, hüququn humanist əsaslarını və dövlətin mənəvi legitimliyini müzakirə etməyə imkan verən zəngin fəlsəfi platforma təqdim edir.

Konfutsi siyasi və mənəvi böhran şəraitində meydana çıxaraq, ictimai harmoniyanın təməlini insanın özünütənzimləməsi və əxlaqi məsuliyyətində görürdü. Onun fikrincə, ictimai nizam qanunlardan yox, əvvəlcə insanın daxilində formalaşan mərhəmət və ədalət duyğusundan yaranmalıdır. Ənənəyə bağlılıq, ailə münasibətlərinə dərin hörmət və rəhbərin nümunəvi davranışı Konfutsi təliminin əsas dayaqlarıdır. O, hüququn icrasından daha öncə, vicdanın və daxili ahəngin təsirini ön plana çəkirdi; qanunların gücündən çox, insanın daxilindəki səsə inanırdı.

Nizami Gəncəvi isə, ziddiyyətli və zorakılığın hökm sürdüyü bir dövrdə, şeir və fəlsəfəni birləşdirərək ədaləti zamanının əsas ideyasına çevirən bir mütəfəkkir kimi çıxış edir. Onun əsərləri yalnız bədii mətnlər deyil, həm də hüquqi və siyasi məsuliyyətin şeir dili ilə ifadəsidir. Nizami üçün ədalət, sadəcə idarəetmə texnikası deyil, kainatdakı ilahi nizamın yer üzündəki əksidir. Hökmdarın qərarları bu böyük nizamla uyğun olmalı, insanların əxlaqi duruşu isə hüquq qaydalarının davamlılığını təmin etməlidir.

Həm Konfutsi, həm də Nizami düşüncəsində insanla cəmiyyət arasındakı bağ əxlaq üzərində qurulur. Onlara görə, fərdin içindəki nizam ictimai sabitliyin əsas qaynağıdır. Liderin mənəvi yetkinliyi, hüquq sistemindən önəmli sayılır və insanlar arasında ədalət daha çox mənəvi meyarlarla formalaşır, yazılı qanunlarla deyil. Hüquq bu mənada yalnız qaydalar toplusu yox, həm də harmoniya və sülhün zehni ifadəsidir.

Belə bir baxış, müasir hüquq nəzəriyyələri üçün də dərin bir mənbə ola bilər. Əgər hüquq, insanın daxili dünyasından doğan bir ehtiyac kimi qəbul edilərsə, onun tətbiqi də daha sabit və davamlı ola bilər. Konfutsi və Nizami bu mənada, hüququn sadəcə normativ bir mexanizm deyil, mənəvi konstruksiya, cəmiyyətin ruhuna toxunan bir quruluş olduğunu göstərirlər. Onlar harmoniyanın qorunduğu yerdə hüququn gücünə, hüququn ədalətə bağlı olduğu yerdə isə dövlətin legitimliyinə işarə edirlər. 

Konfutsi fəlsəfəsinin əsasını təşkil edən harmoniya (hé) anlayışı, insanla kainat arasında tarazlıq üzərində qurulmuş əxlaqi və sosial düzən modelidir. Onun fikrincə, cəmiyyətin sabitliyi, təbiətin öz ritminə uyğun şəkildə nizamlanmalıdır. Fərd cəmiyyətdəki mövqeyini düzgün dərk etməli və uyğun davranmalıdır; yalnız bu halda ümumi nizam mümkün olar. Bu baxımdan, "Li” – yəni mərasim, ənənə və rituallar hüququn sərt məcburetmə vasitələrindən daha təsirli hesab edilir, çünki onlar insanın daxilindən qaynaqlanan itaətə və mədəni dəyərlərə əsaslanır. Konfutsiyə görə, nizamın qorunması üçün əsas vasitə qanunlar deyil, liderin mənəvi nüfuzudur. O, rəhbərlərin əxlaqi nümunə ilə cəmiyyətə yol göstərməsini vacib sayır. "Lunyu” (Söhbətlər və düşüncələr) adlı əsərində Konfutsi vurğulayır ki, əgər rəhbər özünü islah edərsə, xalq da ona tabe olaraq düzələcək. Beləliklə, idarəetmədə rasionallıqdan çox, mənəvi nüfuz ön plana çıxır.

Nizami Gəncəvi isə kainat və cəmiyyətin birgə dərkini təklif edən dərin və çoxşaxəli estetik-hüquqi düşüncə sistemi yaradır. Onun poetik fəlsəfəsində harmoniya anlayışı yalnız ulduzların hərəkətində deyil, eyni zamanda insan davranışlarının ritmində, cəmiyyətin daxili düzənində də təcəssüm olunur. Bu, ilahi nizamın həm təbiətdə, həm də ictimai münasibətlərdə əksini tapdığı bir vəhdət ideyasıdır. "İskəndərnamə” əsərində bu ideya daha aydın görünür: İskəndərin uzun səfərləri boyunca əldə etdiyi ən dəyərli müdriklik, hökmranlığın yalnız zahiri güc və sərvətlə deyil, daxili kamillik və ədalət hissi ilə bağlı olmasıdır. Burada qələbə idealları, torpaq və var-dövlətə sahib olmaq kimi anlayışlar kölgədə qalır; əsas diqqət hökmdarın mənəvi məsuliyyəti və daxili tarazlığına yönəlir. Nizaminin hüquq anlayışı da bu baxışla uzlaşır. O, hüququ sadəcə normativ davranış qaydaları deyil, əxlaqla və təbiətin qanunauyğunluqları ilə vəhdətdə olan bir metafizik sistem kimi təqdim edir. Qanunlar onun poetik dünyagörüşündə kosmik harmoniyanın yer üzündəki təzahürüdür – onlar cəzalandırmaqdan çox, insanı kainatla ahəngdar yaşamağa yönəltməlidir.

Konfutsidə sosial sabitliyin təməli rituallar və ailə daxilindəki münasibətlər sistemindən başlayırsa, Nizamidə bu sabitlik poetik ədalət ideyası vasitəsilə kainatın öz axarı ilə səslənir. Hər iki sistemdə harmoniya hüququn əvvəlində deyil, mahiyyətində yerləşir. Normativ davranışın sabitliyi, qanunlarla deyil, dəyərlərlə təmin olunur. Bu baxış tərzi müasir hüquq sistemlərində "prosedur ədalət” anlayışının – yəni hüququn tətbiq prosesinin ədalətli və ardıcıl olmasının mahiyyətinə uyğun gəlir.

Hər iki mütəfəkkirin təlimlərində hüquq – sanksiya sistemi deyil, mənəvi baxışın təşkilati formasıdır. Onlar üçün idarəetmə etik məsələdir; liderlik nüfuzla, güc rasionallıqla, qayda isə daxili harmoniya ilə izah olunur. Beləliklə, Konfutsi və Nizaminin irsində hüquq, harmoniyanın təzahürüdür: insanın özünə və dünyaya münasibətinin ədalətli nizamda ifadəsi. Bu irs, müasir hüquq nəzəriyyəsində formallığın arxasında gizlənən etik əsasa işıq salır və hüququn sosial funksiyasını daha dərindən anlamağa imkan yaradır.

Konfutsi fəlsəfəsində "yì” – yəni ədalət anlayışı, sadəcə hüquq normasına riayət etməklə məhdudlaşmır. Bu anlayış, daha çox insanın konkret vəziyyətdə nə etməli olduğunu vicdanla müəyyən etməsi, yəni "doğru olanı seçmək” vəzifəsi kimi təqdim olunur. Beləliklə, ədalət normativ bir çərçivə deyil, kontekstə bağlı və daxili əxlaqi təfəkkürə əsaslanan bir yanaşma halını alır. Konfutsiyə görə, lider sadəcə hökm verən inzibati fiqur deyil, cəmiyyət üçün nümunəvi davranış sərgiləyən ata obrazıdır. Onun hakimiyyəti qanunun gücündən çox, daxili kamilliyə, əxlaqi nüfuza və mənəvi örnəyə əsaslanmalıdır. O, hesab edirdi ki, ictimai sabitlik hüquqi məcburiyyətlə deyil, rəhbərin etik davranışı və nümunəvi şəxsiyyəti ilə təmin olunmalıdır. Bu yanaşma "qanunun hökmü” (rule of law) deyil, "mərifətin hökmü” (rule of virtue) ideyasına uyğundur. Yəni cəmiyyətdə nizam və ədalət yazılı qanunların deyil, daxili vicdanın və mənəvi rəhbərliyin sayəsində mümkün olur. 

Digər tərəfdən, Nizami Gəncəvi üçün ədalət, həm fərdi davranışın mənəvi təməli, həm də siyasi idarəetmənin hüquqi əsasıdır. Onun əsərlərində ədalət — həm ontoloji prinsip, həm də siyasi legitimliyin dayağı kimi təqdim olunur. "Ədalət tikər mülkün binasını, zülm isə çökdürər onun damını” — misrasında da açıq şəkildə göründüyü kimi, Nizami ədaləti dövlətin dayanıqlığının şərti kimi təqdim edir. Onun hökmdar obrazları, bir tərəfdən Tanrı qarşısında cavabdeh, digər tərəfdən isə xalq qarşısında məsuliyyət daşıyan hüquqi və mənəvi fiqurlardır. Bu baxımdan ədalət yalnız fərdi keyfiyyət deyil, hüquqi quruluşun və konstitusion idarəçiliyin təməlidir.

Nizami "Sirlər Xəzinəsi”, "İskəndərnamə” və "Yeddi Gözəl” əsərlərində hökmdarlara həm əxlaqi öhdəliklərini, həm də hüquqi məsuliyyətlərini xatırladır. O, rəhbərin iradəsini ilahi hikmətlə uyğunlaşdırır, lakin bu uyğunluğu yalnız mənəvi çağırış deyil, praktik hüquqi davranış nümunəsi kimi təqdim edir.

Bu iki düşüncə sistemi, eyni idealın — ədalətli cəmiyyətin qurulması ideyasının fərqli yollarla ifadəsi kimi çıxış edir. Konfutsi üçün bu yol daxili əxlaq və mərasimlərin tərbiyəvi gücü ilə, Nizami üçün isə hikmətli liderlik və hüquqi strukturun sintezi ilə mümkündür. Hər iki mütəfəkkir üçün liderlik, sadəcə idarəetmə funksiyası deyil, vicdanın və kamilliyin sosiallaşmış formasıdır.

Burada vacib bir təhlil predmeti yaranır: Hüquq və əxlaq münasibəti hansı dərəcədə qarşılıqlı asılıdır? Konfutsi modeli göstərir ki, əxlaqi tənzimləmə hüquqdan daha köklü və davamlı ola bilər. Nizami isə göstərir ki, hüquq və əxlaqın sintezi olmadan nə rəhbər nümunəvi, nə də cəmiyyət sabit ola bilər. Bu, müasir hüquq sistemləri üçün də əhəmiyyətlidir. Liderlərin şəxsi keyfiyyətləri — vicdan, məsuliyyət, dürüstlük hüququn tətbiqində nə qədər rol oynamalıdır? Qanunun aliliyi üçün mənəvi alilik zəruridirmi?

Bu suallar, Konfutsi ilə Nizaminin ədalət fəlsəfəsində ortaq, lakin fərqli səslənən cavablar doğurur. Onların fikirlərində hüquq və ədalət, yalnız idarəetmə vasitəsi deyil, harmonik cəmiyyətin mənəvi arxitekturası kimi dəyərləndirilir.

Sosial nizam məsələsinə gəldikdə, həm Konfutsi, həm də Nizami Gəncəvinin fikrində yalnız strukturlaşdırılmış cəmiyyət deyil, həm də mənəvi-etik vəzifələrin yerinə yetirilməsi ilə bağlı bir məsələ kimi dəyərləndirilir. Konfutsi təlimində sosial sabitlik "li” (mərasim, davranış normaları) və "zhengming” (adların düzəldilməsi) prinsipləri vasitəsilə qurulur. "Zhengming” konsepsiyası – hər bir fərdin öz sosial statusuna uyğun şəkildə davranması ideyasına əsaslanır. Konfutsinin məşhur fikrində deyildiyi kimi: "Əgər adlar öz yerini tutmasa, sözlər həqiqəti ifadə etməz; sözlər həqiqəti ifadə etməzsə, işlər düzgün getməz.” Bu baxışda sosial nizam, yalnız hüquqi qaydalarla deyil, fərdlərin öz rollarını mənəvi məsuliyyətlə yerinə yetirməsi ilə təmin olunur.

Nizami Gəncəvinin irsində isə sosial düzən, kainatdakı ahəngin yer üzündəki əksi kimi təqdim edilir. Onun fikrincə, ictimai harmoniya yalnız hökmdarın ədalətli idarəçiliyi ilə deyil, həm də hər fərdin öz mövqeyində məsuliyyətli davranması ilə mümkün olur. Nizaminin ifadəsi ilə desək: "Hər kəs öz yerində olarsa əgər, o zaman düzələr bu viran şəhər.” Burada "viran şəhər” təkcə fiziki dağınıqlığı deyil, həm də əxlaqi və sosial nizamın pozulmasını simvolizə edir. Cəmiyyətin dirçəlişi isə sosial rolların doğru icrasından keçir. Hökmdar ədalətin təcəssümü, alim hikmətin daşıyıcısı, sənətkar yaradıcılığın mənbəyi, xalq isə sədaqət və çalışqanlıqla sosial bütövlüyü təmin edən qüvvədir.

Hər iki mütəfəkkirin sistemində insan yalnız hüquq münasibətlərinin obyekti deyil, həm də nizamı qoruyan fəal subyektdir. Onların fikrincə, sosial rollar təsadüfi və dəyişkən deyil, əxlaqi və ilahi dəyərlərlə əsaslandırılmışdır. Konfutsidə bu rollar təbiət qanunlarının bir hissəsi kimi müqəddəsləşdirilir, Nizamidə isə Tanrının yer üzündə qurduğu mükəmməl sistemin tərkib hissəsi kimi təqdim olunur.

Fərqli mədəniyyətlərə və dövrlərə aid olsalar da, Konfutsi və Nizami insanın sosial düzəndəki yerini eyni həssaslıqla izah edirlər. Onlar üçün hüquq və ədalət – yalnız institusional sistemlə deyil, insanın daxili əxlaqi iradəsi ilə mümkündür. Bu iradə itdikdə, qanunlar və idarəçilik mexanizmləri nə qədər mükəmməl olsa da, sosial nizam öz mənəvi dayağını itirir.

Konfutsi və Nizami Gəncəvinin irsi müasir hüquq fəlsəfəsində formal ədalət anlayışının sərhədlərini aşaraq, hüququ yalnız normativ qaydalar toplusu kimi deyil, həm də etik və insani dəyərlərin daşıyıcısı kimi təqdim edir. Hər iki mütəfəkkirin təlimlərində hüquq, mənəvi məsuliyyət və sosial harmoniya ilə sıx bağlı olan dinamik bir sistem kimi nəzərdən keçirilir. Bu yanaşma, müasir hüquqi dövlət konsepsiyasının mərkəzində duran "qanun qarşısında bərabərlik” prinsipini daha dərindən dəyərləndirməyə imkan verir. Konfutsi bu ideyanı fərdin sosial və etik məsuliyyəti ilə tamamlayarkən, Nizami padşahın – yəni hakimiyyət daşıyıcısının ədalətə söykənən və mənəvi məsuliyyətlə yönəldilən idarəçilik borcu üzərindən izah edir. Beləliklə, hüquq təkcə formal tabeçilik mexanizmi deyil, həm də əxlaqi davranışların, qarşılıqlı hörmətin və ictimai vicdanın institusional ifadəsinə çevrilir. Bu baxımdan, Konfutsi və Nizaminin düşüncə sistemi, hüququn insan mərkəzli və mənəvi əsaslara dayanan fəlsəfi əsaslarını yenidən düşünmək üçün zəngin konseptual çərçivə təqdim edir.

Qloballaşan və getdikcə daha çox mədəniyyətlərarası qarşılıqlı təsirə açıq olan müasir dünyada hüquq sistemləri yalnız universal prinsiplərlə deyil, eyni zamanda kontekstual, yəni mədəni və tarixi şərtlərə uyğun normativ yanaşmalarla da zənginləşdirilməlidir. Bu baxımdan Konfutsi və Nizaminin ideyaları sivilizasiyalararası hüquqi dialoqda körpü rolunu oynaya bilər. Multikultural cəmiyyətlərdə hüquqi sabitliyi təmin etmək üçün fərqli mədəni dəyərlərin hüquq sisteminə inteqrasiyası zərurətə çevrilir. Bu kontekstdə:

Konfutsinin harmoniya və sosial məsuliyyətə dair prinsipləri, hüququn yalnız fərdi maraqları deyil, kollektiv dəyərləri və ictimai sabitliyi qoruyan bir sistem kimi formalaşmasına zəmin yaradır. Onun təlimində hüquqi strukturun təməlində cəmiyyətin mədəni kodları, ənənəvi davranış normaları və mənəvi nizam dayanır. Bu, hüququn yalnız məcburedici vasitə deyil, eyni zamanda sosial harmoniyanın ifadə vasitəsi kimi qəbul edilməsinə şərait yaradır.

Nizami Gəncəvinin ədalət və insan şəxsiyyətinin tanınması yönündəki vurğuları isə hüququn fərdi ləyaqət, daxili kamillik və mənəvi məsuliyyət kimi anlayışlarla qidalanmasının vacibliyini göstərir. Onun poetik təlimində hüquq, yalnız idarəetmənin texniki elementi deyil, həm də insanın mənəvi ucalığını və cəmiyyətin əxlaqi əsaslarını qoruyan bir institut kimi təqdim olunur. Bu isə müasir hüquq sistemində fərdi hüquqların mənəvi əsaslarla müdafiəsini gücləndirir.

Bu yanaşmalar, hüquqi pluralizm konsepsiyası ilə də səsləşir. Hüquqi pluralizm – fərqli hüquq sistemlərinin və mədəni hüquq təcrübələrinin eyni hüquqi məkanda paralel mövcudluğunu qəbul edən nəzəriyyə – Konfutsi və Nizami irsində yalnız nəzəri deyil, həm də mənəvi əsas qazanır. Konfutsi burada daha çox konfessional-etik hüquq modelini təmsil edir, hansı ki, hüququn sosial münasibətlərin ahənginə xidmət etməsini əsas tutur. Nizami isə islam hüquq ənənəsini humanist poetika ilə sintez edərək, hüququ ədalətin və mənəvi təmizliyin poetik modelinə çevirir. Bu iki baxış postmodern hüquq düşüncəsində normativ çevikliyə, mədəni uyğunlaşmaya və mənəvi hüquqi təfəkkürə ilham verir.

Əlavə olaraq, Konfutsi və Nizami fəlsəfəsi yalnız hüquq sistemlərinin deyil, hüquq təhsilinin də əsas sütunlarını formalaşdırmaq potensialına malikdir. Konfutsi öz tələbələrini yalnız biliklə deyil, özünütənqid, etik təhlil və sosial məsuliyyət vasitəsilə formalaşdırırdı. Nizami isə didaktik poeziya ilə hüquqi və əxlaqi prinsipləri cəmiyyətin şüuruna hopdurmaq missiyasını daşıyırdı. Bu gün hüquq təhsilində yalnız texniki-normativ məlumatların deyil, həm də mədəni və əxlaqi şüurun aşılanması vacib məsələ kimi ortaya çıxır. Beləliklə, hər iki mütəfəkkirin irsi hüquq məktəbləri üçün həm texnokratik maarifçiliyin, həm də mənəvi tərbiyənin sintez olunduğu inteqral bir tədris modelini təklif edir.

Konfutsi və Nizami kimi iki böyük irs daşıyıcısının düşüncə dünyasına diqqət yetirdikdə, zamanın və məkanın sərhədlərindən azad bir intellektual yaxınlıq duyulur. Onların ideyaları müxtəlif coğrafiyalarda, fərqli siyasi-iqtisadi və mədəni təbəqələrdə formalaşsa da, insanın mənəvi bütövlüyünə yönəlmiş bir baxışda qovuşur. Hər ikisi üçün hüquq, özlüyündə bir hakimiyyət vasitəsi və ya sosial davranışları tənzimləyən mexaniki sistem kimi deyil, dərin mənəvi kökləri olan ictimai əlaqə formasıdır. Hüququn varlığı, onların nəzərində, toplumun daxilində bərqərar olan əxlaqın ifadəsi, ahəngin davamlılığı və insan təbiətinin harmonik inkişafıdır.

Nizaminin poetik irsində çəkilən hökmdar obrazı – ədalət taxtı üzərində oturan, hikmətlə hökm edən, təbəəsinin yalnız fiziki təhlükəsizliyini deyil, mənəvi rifahını da təmin edən bir fiqur olaraq – Konfutsinin dövlət başçısı modelinə bənzər şəkildə, idarə etmənin əsasını daxili fəzilətlərə bağlayır. "Ren” – insanpərvərlik – və "Li” – davranış normaları – Konfutsi etik sistemində təkcə fərdi kamilləşdirmə vasitəsi deyil, sosial münasibətlərin nizamlayıcısıdır. Nizamidə isə ədalət anlayışı, fövqəlbəşər bir ideya olmaqdan çox, cəmiyyətin ruhunda dirçələn və hökmdarın şəxsiyyətində cisimləşən bir zərurət kimi çıxış edir. Hər iki düşüncədə idarəetmə hüquqla deyil, hikmətlə başlanır; qaydaların mənəvi əsaslara söykənmədiyi yerdə hüququn özü də dağıdıcı gücə çevrilə bilər.

Bu yanaşma çağdaş hüquq nəzəriyyəsi üçün təkcə tarixi maraq doğurmur. Hüquqi dövlətin formalaşmasında, qanunun aliliyinin təminində, fərqli mədəniyyətlərin hüquqi təmsilində və hüquq təhsilinin fəlsəfi əsaslarının qurulmasında bu düşüncələrin səsi hələ də eşidilir. Dəyərlərin texnoloji nizam qarşısında sarsıldığı bir dövrdə, Konfutsi və Nizaminin irsi hüququn yenidən mənalandırılmasına, onun sadəcə qaydalar məcmusu kimi deyil, mənəvi-intellektual həyat tərzi kimi dərk olunmasına işıq tuta bilər.

Konfutsi və Nizami Gəncəvi düşüncəsi hüququn dəyərlər sistemindəki yerini mənəvi və estetik çalarlarla ifadə edən zəngin bir irs formalaşdırır. Onların fikirlərində hüquq, insan davranışlarının tənzimlənməsi ilə yanaşı, daxili kamillik, sosial harmoniya və mənəvi məsuliyyətin daşıyıcısı kimi təqdim olunur. Hüquq anlayışı burada yazılı qaydaların tətbiqindən kənara çıxaraq, əxlaqi örnəklərlə yönlənən ictimai nizamın bir hissəsinə çevrilir. İdarəetmə modeli şəxsiyyətin mənəvi yetkinliyinə əsaslanır. Rəhbərin davranışları hüquqi məcburiyyət deyil, mənəvi nüfuzla formalaşır. Hüquq bu kontekstdə sadəcə hökm mexanizmi deyil, davranış mədəniyyətinin, ictimai etimadın və daxili sabitliyin ifadəsidir. Bu mənada hesab edirik ki, Konfutsi və Nizami arasında başlanan dialoq, müasir hüquq düşüncəsində yenidən dirçəldilməli və daha geniş kontekstə daşınmalıdır.

Əli Qədimov,

hüquqşünas

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
qaynarinfo.az

1Mənbələr