AZ

Çoşqun Diniyev: “Türkiyədə çox dözdüm” - MÜSAHİBƏ

“Araz Naxçıvan”ın yeni transferi Çoşqun Diniyevin Azərbaycan Premyer Liqasının IV turunda “Kəpəz” üzərində qazandıqları 2:0 hesablı səfər qələbəsindən sonra Sportnet.az-a müsahibəsi

– Oyun haqqında fikirləriniz necədir?

– Qələbə qazandığımız üçün sevincliyəm. Əlbəttə, bu dövrdə xallar toplamalıyıq. Mümkün qədər reallıqla danışsaq, ən böyük rəqiblərimizdən biri “Qarabağ”dırsa, onların bu çətin periodunda nə qədər xal götürə bilsək, o qədər yaxşıdır. İnanıram ki, davamını gətirəcək, ən azı keçənilki nəticəni təkrarlayacağıq.

– Türkiyədə I Liqa karyeranız niyə davam etmədi: Legioner olmaq üçün başqa komandalardan təkliflər var idi?

– Türkiyədən təkliflər, əlbəttə, var idi. Mən deyərdim ki, orada çox dözdüm. 3 il səbr etdim, dişimi sıxdım, amma bəzi maddi çətinliklər var idi. Artıq yaş da keçir, övladım da böyüyür, qərar verməli idim. Ona görə buradan gələn təklif ürəyimcə oldu.

– Növbəti turda “Qarabağ”a qarşı keçirəcəyiniz oyun barədə nə düşünürsünüz?

– Çətin oyundur. Amma yenə deyirəm, “Qarabağ”ın bu dəqiqə çətin periodu və sıx qrafiki var. Nə qədər deməsələr də, fikirlərinin 70–80 faizi Çempionlar Liqasındadır. Onlar qələbə qazanmaq istəyirlər, biz də əlimizdən gələni edəcəyik ki, qalib gələk.

– Yenidən legioner həyatı yaşamaq fikriniz varmı?

– Açığı, var. “Yoxdur” desəm, düz olmaz. Təkliflərə açığam.

– Milli komandadakı dəyişiklikləri necə dəyərləndirirsiniz?

– Millidə elə bir dəyişiklik yoxdur. Baş məşqçi gələr, ondan sonra danışarıq. Fernandu Santuş mənim çox bəyəndiyim baş məşqçi idi. Kim nə deyir-desin, mən üzüldüm. Amma nəticələr də göz önündə idi. Nəticə olmayanda istər-istəməz birinci məsuliyyəti baş məşqçi daşıyır. Ona da gələcək karyerasında uğurlar arzulayıram.

– “Araz Naxçıvan”da yarımmüdafiədə böyük rəqabət var. Bu rəqabəti gözə alıb gəlmisiniz?

– Gəlməmişdən qabaq bilirdim ki, “Araz Naxçıvan”ın orta sahəsində çoxluq var. Klubun faktiki rəhbəri Zaur Axundovla danışanda da özümə olan güvəni hiss etdim. Oynamayacağım komandaya gəlmərəm. Özümə güvəndim.

– Türkiyəli baş məşqçilərlə işləmisiniz. Sizcə, milliyə niyə qardaş ölkədən baş məşqçi təyin olunmur?

– Nə desəm, yalan olar, çünki qərarı mən vermirəm. Amma həqiqətən də bizə yaxın mentalitetdədirlər. Onlarla işləmək, məncə, maraqlı olar.

İdman.biz

Seçilən
29
1
idman.biz

2Mənbələr