AZ

Antiterror əməliyyatı: Bu, böyük uğurdur

Cebheinfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

2023-cü ilin 19-20 sentaybr antiterror əməliyyatının ikinci ildönümünə sayılı günlər qalıb. 

Həmin tarixi zəfərimizin ildönümünü qeyd etmək ərəfəsindəyik. Belə ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərksilah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror əməliyyatına başlanılıb.

Cəmi 23 saat davam etmiş və sentyabrın 20-də başa çatmış əməliyyat nəticəsində rəşadətli Azərbaycan Ordusu qarşısına qoyulmuş bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirib. Beləliklə, növbəti parlaq Qələbə nəticəsində Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövıüyü tam bərpa edilib. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı. 

Xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. 

Ədalət Partiyasının sədri Mütəllim Rəhimli “Cebheinfo.az”-a açıqlamasında bildirib ki, 2023-cü ilin 19-20 sentyabrında keçirilən antiterror əməliyyatları nəticəsində Azərbaycan Ordusu cəmi 23 saata erməni separatçılarının ərazilərimizdən çıxarılmasına nail oldu:

“Ermənilər də özlərinin qanunsuz silahlı dəstələrinin Azərbaycandan vurulub çıxarıldığını gördükdə könüllü şəkildə ərazilərimizi tərk etdilər. Ümumiyyətlə, bir dövlətin dünyada söz sahibi olması, eləcə də inteqrasiya etməsi üçün müstəqil və suveren olması çox vacib faktordur. Biz həm region, həm də dünya ölkələrinin bir çoxunun tamamilə suveren şəkildə mövcud olmadığını müşahidə edirik.

Yəni həmin ölkələrin konstitusiya və qanunları bütün ərazilərində işləmir. Təbii ki, bütün bunlar ölkənin sosial və iqtisadi həyatına təsir göstərir. Lakin Azərbaycan dövlətlərin öz müstəqilliklərini və suverenliklərini itirdikləri bir dövrdə həm ərazi bütövlüyünü, hə də suverenliyini tam bərpa edən yeganə ölkədir. Eyni zamanda, Azərbaycan qanunlarının bütün ölkə ərazisində işləməsinə nail olduq”.

Partiya sədri vurğulayıb ki, bu, böyük uğurdur:

“Dəyişən dünyada bu uğuru qorumağımız lazımdır. Ona görə də suverenliyimizin bərpası məsələsi mütəmadi olaraq gənc nəslə çatdırılmalıdır.

Azərbaycan Ordusu müasir silahlarla təchiz olunub və istənilən əməliyyata tam hazırdır. Çox peşəkar orduya sahib olduğumuzu 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatında bütün dünya gördü.

Şanlı Ordumuzun əməliyyatları dünya ölkələri tərəfindən də öyrənilir. Eyni zamanda, Ordumuzda vətənpərvərlik hissi də çox yüksək səviyyədədir. Bütün bunları formalaşdıran isə Ali Baş Komandan İlham Əliyevdir. Cənab Prezident və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli addımları sayəsində bu gün dünyanın ən güclü ordularından birinə sahibik”.

Elmir Mustafa

“Cebheinfo.az”

Açar sözlər:

Antiterror əməliyyatı Mütəllim Rəhimli

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
30
1
cebheinfo.az

2Mənbələr