AZ

"Küvəzdən alov qalxdığını gördük" - Perinatal mərkəzdə yanğını söndürməyə çalışan xadimə ifadə verdi

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə "Respublika Perinatal Mərkəzi" Publik Hüquqi Şəxsində baş vermiş yanğınla bağlı cinayət işi üzrə araşdırmalar davam edir.

Musavat.com-un xəbərinə görə, hakim qarşısına mərkəzin direktoru Mehriban Abasquliyeva, Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev, dəstək xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli çıxarılıblar.

Bu gün keçirilən prosesdə şahid qismində Yeganə Əhmədova ifadə verib. Şahid deyib ki, hadisədən 6-7 ay əvvəl mərkəzdə işlməyə başlamışam.

Hadisə vaxtı növbədə olub:

"Yanğından əvvəl reanimasiya otağını təmizlədim, sonra mətbəxə getdim. Bu zaman Validə xanım qışqıraraq otaqda yanğın baş verdiyini dedi. Biz otağa gələndə küvəzdən alov qalxdığını gördük, yanğını söndürməyə çalışdıq".

Digər şahid Asif Dadaşov deyib ki, mərkəzdə elektrik vəzifəsində çalışıb, işi elektrik yuvalarının, lampaların işlək vəziyyətinə nəzarət və onların dəyişdirilməsi olub:

"Mən panellərdəki elektrik xəttinə və elektrik yuvalarına baxmişam, onları dəyişmişəm. Şöbələrdə nəyisə dəyişmək lazım olurdusa, mənə deyirdilər, həll edirdim. Dördüncü mərtəbədəki avadanlıqlarda nəyisə dəyişmək lazım olduqda Məryəm xanım, beşinci mərtəbədən isə Hamlet doktor göstəriş verirdi".

Asif Dadaşovun sözlərinə görə, mərkəzdə qısaqapanma hadisələri əvvəllər də olub. Daha sonra iş üzrə hüquqi varis kimi tanınan Emil Abasəliyev məhkəmədən təqsirləndirilən şəxslərin ölkə xaricinə çıxması ilə bağlı müvafiq qurumlara sorğu göndərilməsini istəyib. Bu zaman məlum olub ki, təqsirləndirilən Mehriban Abasquliyeva barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilsə də, o, iki dəfə ölkə xaricində olub.

Bununla bağlı o, nə polisə, nə də məhkəməyə məlumat verib.

Mehriban Abasquliyevanın vəkili bildirib ki, müvəkkili xarici ölkəyə çıxışına məhdudiyyət qoyulmayıb.

M.Abasquliyeva özü də iki dəfə ölkə xaricində olduğunu etiraf edib. O, ölkədən çıxmaq üçün aidiyyəti qurumlara məlumat verməli olduğunu bildmədiyini iddia edib.

Qeyd edək ki, ötən il yanvarın 9-da Respublika Perinatal Mərkəzində inzibati binasında yanğın baş verib. Baş Prokurorluq Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi başladıb, ibtidai istintaq Baş Prokurorluğun İstintaq idarəsinə tapşırılıb.

İstintaqla müəyyən olunub ki, Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin Yenidoğulmuşların intensiv terapiya bölməsinin yerləşdiyi dördüncü mərtəbədəki palatasında baş vermiş yanğın nəticəsində 7 yenidoğulmuş körpə ölüb, 4 nəfər xəsarət alıb, müəssisəyə isə ümumilikdə 361 min manat məbləğində maddi ziyan vurulub.

Bundan başqa, Mehriban Abasquliyevanın 27 dekabr 2022-ci ildə Mərkəzin direktoru təyin edilməsindən sonra müəssisənin tibbi təminat resursları və potensialını nəzərə almadan xəstə qəbulu sayını iki dəfəyədək artırması nəticəsində müəssisənin elektrik təsərrüfatının artıq yüklənərək sonda yanğına səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda istintaqla, Fövqəladə Hallar Nazirliyi tərəfindən Mərkəzdə yoxlamalar aparılaraq yanğın təhlükəsizliyi qaydaları, xüsusən də, mövcud avtomatik yanğın xəbərverici siqnalizasiya qurğusunun nasazlığı, daxili yanğın su kranlarının işlək olmaması və elektrik təsərrüfatında nöqsanların olması Mərkəzin rəhbərliyinə bildirilsə də, direktor və Mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədlinin nöqsanları aradan qaldırmamalarına əsaslı şübhələr müəyyən edilib.

Mərkəzin direktoru vəzifəsində işləmiş Mehriban Abasquliyeva Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin şöbə rəisləri vəzifəsində işləmiş Hamlet Mustafayev və Elnur Əhmədli isə Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə nəzərdə tutulan ittiham elan edilib.

Cinayət işi üzrə Respublika Perinatal Mərkəzi, bundan başqa, Elçin Gülmalı oğlu Nəcəfov, Vaqif İntiqam oğlu Hacıyev, Aynurə Qalib qızı Əhmədova, Gülbahar Zülfüqarova zərərçəkmiş qismində tanınıblar. Proses sentyabrın 29-da davam edəcək.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Seçilən
17
33
musavat.com

10Mənbələr