Xalqcebhesi saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
“Türkiyə-Ermənistan sərhədi açıla bilər. Artıq bunun üçün xüsusi bir maneə də yoxdur. Ermənistan faktiki olaraq Azərbaycanla sülh prosesindədir və hazırkı durumları nəzərə alsaq prosesə sadiqlik nümayiş etdirirlər. Bildiyim qədəri ilə sonuncu dəfə Ağrı dağının gerbdən götürülməsi məsələsi gündəmə gəlib. Bu da çox müsbət bir hadisədir. Böyük ehtimal tərəflər aralarındakı gərginliyi də aradan qaldıracaq. Yəni faktiki olaraq Türkiyə-Ermənistan sərhədinin açılması münasibətlərin normallaşmasına gətirib çıxaracaq”.
Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında politoloq Turan Rzayev deyib.
T.Rzayev qeyd edib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması gələcəkdə Ermənistana türk şirkətlərinin axın etməsinə və iqtisadi canlanmaya gətirəcək: “Əlbəttə, türk şirkətlərinin Ermənistandakı varlığı müəyyən mənada Ermənistanın Türkiyədən iqtisadi asılılığını yaradacaq və Rusiyadan asılı olacaq Ermənistandansa, Türkiyədən asılı olacaq bir Ermənistan bizim maraqlarımıza daha çox sərf edir. Onsuz da bu asılılığın 50 faizi Türkiyədən olacaqsa, qalan 50 faizini də tədricən Azərbaycan edəcək. Yəni Sovetlər dövründə olduğu kimi Azərbaycan Ermənistana neft-qaz tədarükünə başlayandan sonra faktiki olaraq 50 faizi bizdən asılı vəziyyətə düşəcək. Burada söhbət Ermənistanı müstəmləkə etməkdən getmir. Bizim elə bir dərdimiz yoxdur. Biz imperialist dövlətlər də deyilik. Burada məsələ Ermənistan kimi kənar təsirlərə açıq bir ölkənin nəzarətdə saxlanmasından gedir ki, elə məncə bu variant daha məqbuldur. Yəni başqaları Ermənistanı təsirə salacağına biz təsirə salaq. Ən azından bilərik ki, burada sülh olacaq, gələcəkdə müharibələr olmayacaq. O baxımdan da Türkiyə və Ermənistan münasibətlərinin normallaşması baş verəcək və sərhəd-keçid məntəqəsi böyük ehtimal yaxın müddət ərzində açılacaq. Daha dəqiq desək, Ermənistan-Azərbaycan arasında paraflanmış sülh sazişi yekun saziş kimi imzalanandan sonra və ya bundan qısa müddət öncə bu proses öz həllini tapacaq”.
Röya İsrafilova
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.