AZ

Neft Emalı Zavodu 2024-cü ildə proqnozlaşdırlan benzin və dizeli istehsal edə bilməyib – hesabat

2024-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) 5 milyon 803.4 min ton xam neft emal olunub. Bu göstərici əvvəlki ilin proqnozundan 7.7% az, 2023-cü ilin faktiki nəticəsi ilə müqayisədə isə 10.7% geriləmə təşkil edib.

Banker.az bunu SOCAR-ın illik hesabatına istinadən xəbər verir.

Bununla belə, zavodda emalın dərinliyi 97.5%-ə yüksəldiyi və bunun da dünya standartlarına yaxın nəticə hesab olunduğu qeyd edilir.

Avtomobil benzini üzrə 1 milyon 248.5 min ton istehsal qeydə alınıb. Bu, 2023-cü il faktiki nəticəsindən az olmaqla yanaşı, həm də 2024-cü il üçün nəzərdə tutulmuş 1 milyon 509.1 min tonluq proqnoza çatmayıb.

Əksinə, reaktiv mühərrik yanacağı üzrə nəticələr daha müsbət olub. 589.2 min tonluq faktiki istehsal həm 2023-cü ildəki 594.1 min tonluq proqnoza, həm də əvvəlki ilin göstəricisinə yaxın nəticə göstərərək proqnoz səviyyəsinə demək olar ki, çatıb. Dizel yanacağı üzrə 2 milyon 60.6 min ton istehsal olunub ki, bu da proqnozdan (2 milyon 355.6 min ton) geri qalır.

Digər məhsulların göstəricilərinə nəzər saldıqda, maye qazların həcmi 178.2 min ton təşkil edib ki, bu, proqnozdan əhəmiyyətli dərəcədə aşağıdır. Bitum üzrə 265 min ton hasilat plan göstəricisinə (307 min ton) nisbətən 13.7% az olub. Neft koksunun istehsalı 183.3 min ton təşkil edərək həm əvvəlki il, həm də proqnoz göstəricilərindən geri qalıb. Sürtkü yağları üzrə isə maraqlı vəziyyət yaranıb: istehsal cəmi 12.2 min ton olsa da, bu, əvvəlki ilin göstəricisini üstələyərək artım dinamikası göstərib.

Ümumilikdə 2024-cü ildə NEZ-də əmtəəlik neft məhsullarının istehsalı 5 milyon 331.8 min ton olub. Bu nəticə proqnoz göstəricisindən (6 milyon 232.3 min ton) 14.4% aşağıdır.

İl ərzində satılmış neft məhsullarının 89.1%-i daxili bazara yönəldilib, qalan 10.9%-i isə ixrac olunub.

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ilin yanvar-avqust aylarında avtomobil benzini istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,8% azalıb və 946,4 min ton təşkil edib. Eyni dövrdə dizel yanacağı istehsalı isə 4,1% artaraq 1 milyon 628,8 min ton həcmində qeydə alınıb.

Qeyd edək ki, bu zavodda ölkə tarixində ilk dəfə 95 oktanlı avtmobil benzini də istehsalına başlanılıb.

Seçilən
29
banker.az

1Mənbələr