AZ

İnvestisiyasız universitet suyu quruyan dəyirmana bənzəyir - İlham Əhmədov

Yazını böyüt
Yazını kiçilt

Tanınmış təhsl eksperti, ADPU-nun dosenti İlham Əhmədov yeni-2025-2026-cı il tədris ilinin başlanması ərəfəsində hafta.az-a verdiyi müsahibəsində təhsilimizdəki mövcud problemlərdən və onların həlli yollarından bəhs edib. Ekspert xüsusən orta məktəblərdə şagirdlərin dərs və dərslik yükünün ağırlığını, ali məktəblərdə isə tələbələrin həm dərslik, həm də yataqxana problemlərini diqqətə çatdırıb.

-Məlumatınız yoxdur ki, Elm və Təhsil Nazirliyi 2025-2026-cı tədris ili üçün hansı yenilik və tədbirləri planlaşdırıb, hansı problemlərin həlli üçün plan və proqramlar irəli sürüb?

- Bütün bu işlər əslində təhsil strategiyasından qaynaqlanmalıdır. Ona görə sistemsiz, xaotik, ziddiyyətli addımlar və nəticədə təhsilin ilbəil çökməsi  müşahidə edilr.  Ən pisi isə odur ki, ETN bu tənəzzülün qarşısını ala bilmir.  Həm dediyimiz kimi, proseslərə konseptual baxış yoxdur, həm peşəkarlıq zəifdir, həm də  vəziyyəti düzəltməyə maraq hiss edilmir.  Arada hay-küylü forumlar və s. tədbirlər olur, məqsəd  ictimaiyyətin nəzərində  iş görüntüsü yaratmaqdır. Təhsil isə çökməkdə davam edir.  Təhsildəki bu ağır durumun  ETN-də nə  həkimi, nə diaqnozu, nə müalicəsi, nə dərmanı var.  Amma bu  problemlərin hamısını son 5 ilin ayağına yazmaq da ədalətsizlik olardı. Təhsildəki ağır  durum 25 ildir pisdən daha pisə doğru irəliləyir. Sadəcə son illər təhsil daha sürətlə batır...

Bu çökmənin bir səbəbi də odur ki, ölkənin bir çox sahələrində müəyyən mənada beyin mərkəzləri olsa da, bu günə qədər təhsilimizdə “Beyin mərkəzi”  olmayıb. Ən pisi isə budur ki, məmurlar buna heç ehtiyac da duymayıblar. Ona görə də 25 illik “təhsil islahatları” nəticəsində tərsinə qurulmuş təhsil binası yaranıb...

Bəlkə belə “beyin mərkəzi”  ya Azərbaycan Respublikası Təhsil İnstitutu(ARTİ), yaxud ETN olsun?  Təəssüf ki, ARTİ -nin elmi potensialı son 10 ildə yox edildi, ETN isə nazirin bildirdiyi kimi “elmi qurum deyil.”

Bəs təhsildə “beyin mərkəzləri”nin rolu nədir?.. Təhsilimiz bu gün dünyada gedən sürətli inkişafa cavab verə biləcək bir şəkildə fasiləsiz yenilənməlidir. Bunu təmin etmək üçün yalnız praktik təcrübə kifayət deyil, strateji baxış və elm əsaslı qərarlar zəruridir. Bu səbəbdən “beyin mərkəzləri”nin fəaliyyətinə ehtiyac var.

“Beyin mərkəzləri” elmi təhlil və araşdırmalar edərək təhsil siyasətinə yön verər, dövlət və ictimaiyyət üçün məlumat əsaslı qərarların qəbulunu dəstəkləyə bilər.

Belə “beyin mərkəzləri” təhsilə dair elmi araşdırmalar aparar, analitik hesabatlar hazırlayar, ictimai əhəmiyyətli tövsiyyələr, təhsil siyasətinə dair təkliflər verə bilər...

-Orta məktəblərimizin şagirdləri kiçik istisnalarla hər il adətən yetərincə yeni dərsliklərlə təmin edilir. Bəs ali məktəblərimiz: universitet və akademiyalarımız; onlarda sovet dövründən bəri qalan dərslik problemi yenə də qalırmı? Yəni bu il tələbələrimiz yenə də əksər dərslikləri baha qiymətə kitab mağazalarında axtarmalı və ya Milli Kitabxanadan götürüb üzünü çıxarmalı olacaq?

-Düzdü dediyiniz kimi, orta məktəblərdə şagirdlərin dərsliklərlə təminatı məsələsi kəmiyyət baxımından nisbətən həll olunub. Lakin keyfiyyət baxımından vəziyyət çox pisdir. Dərsliklərin məzmunu uşaqların yaşına uyğunluğu və anlaşılması baxımından çox bərbaddır. Bəyənmədiyimiz sovet dövrünün məktəb dərsliklərini indikilərlə müqayisə edəndə, çox böyük fərq görürük... Bir nümunə olaraq, 10 il əvvəl oxudum ki, İsrailin bəzi məktəblərində  XX əsrin 50-ci illərinin sovet dərsliklərindən istifadə edirlər. Bu dərsliklər artıq köhnə olsa da, bilavasitə dərslik kimi istifadə olunmasa da,  olimpiada hazırlığı və ya digər məqsədlər üçün yenidən istifadə olunur. Azərbaycanda isə müstəqillik əldə edilən kimi akademik Kolmoqorov səviyyəsində alimlərin yazdığı dərslikləri atdıq kənara və məktəbə aidiyyatı olmayan, məktəb təcrübəsinə malik olmayan şəxslərə bütün fənnlər üzrə dərsliklər yazmağı həvalə etdik... Və dərsliklər də nəyin əsasında çap olundu? Bir keyfiyyətsiz kurikulum proqramı əsasında. Nəticədə nə müasir standartlara, milli-mənəvi ənənlərimizə, nə də uşaqların yaşına uyğun olmayan dərsliklər meydana çıxdı...

O ki, qaldı ali məktəblərə. Ümumiyyətlə, son 30 il ərzində nazirlik xətti ilə akademiya və universitetlər üçün heç bir dərslik çap olunmayıb, heç bir proqram hazırlanmayıb. Hazırlanan proqramlar isə ictimai əsaslarla, yəni keyfiyyətsiz... Müəllimlərə göstəriş verilir ki, dərslikləri özünüz yazın, öz hesabınıza çap eləyin, aparın, tərəbələrə satın. Yəni, anlamaq olmur; müəllim alimdir, dərslik müəllifidir, yoxsa kitab satandır. Və bu yanaşma da 25 ildir bizim təhsil sistemimizdə var. Ona görə ailə məktəblərdə dərslik problemi orta məktəbdəkindən daha kəskindir. Bu problem nə keyfiyyət, nə kəmiyyət baxımından həll olunur. Və bu minvalla bu tədris ilində də ali məktəblər üçün heç bir dərslik çapı gözlənilmir…

-İbtidai sinif şagirdləri yenədəmi, az qala, çəkilərinin yarısına bərabər ağır dərslik və əlavə vəsait yükü ilə məktəbə getməli olacaqlar?

-Bəli, dərsliklər çox ağırdır. Ona görə ki, onların çap olunduğu kağızları da məktəb dərslikləri üçün nəzərdə tutulmuş standartlara uyğun deyil. Yəni qalındırlar.  Biz məktəbdə oxuyanda da dərsliklərimiz  vardı, amma onları  çantalarımızda daşıyanda çətinlik çəkmirdik, ata-anamız bizə kömək etməyə məcbur olmurdu. İndi isə bu vəziyyət uşaqlar üçün onların sağlamlıqları baxımından fəlakət halına gəlir...

Dövlətin on illər öncə verdiyi qərarla dərsliklər pulsuzdur. Amma nazirlik pul qazanmaq üçün çıxış yolu tapdı və əlavə vəsaitlər, metodik materiallar çap etməyə və onları satmağa başladılar. Şagirdlərin çantalarını ağırlaşdıran da əsasən əlavə vəsaitlərdir... Təəssüf ki, 20-25 ildir Azərbaycanda təhsil öyrətməkdən çox biznes məqsədi daşıyır. Harada nə pul qazanmaq imkanı varsa, təhsil məmurları tez oraya “innovasiyalar” tətbiq edirlər.

Problemin ikinci tərəfi ondan ibarətdir ki, müasir ölkələrdə uşaqların məktəbə gündə dəslik aparmasına ehtiyac yoxdur. Çünki məktəblərdə uşaqlara pulsuz planşet paylayıblar. Və  bütün dəsliklər elktron formatda planşetlərə yerləşdirilib də var. Odur ki, şagirdlər çantalarında məktəbə yalnız bir neçə kitab və dəftər gətirir. Yəni əlavə yükə ehtiyac olmur.

-Bəs ali məktəb tələbələrinin yataqxana problemi nə yerdədir? BDU 10-15 il öncədən məcburi köçkünləri yataqxanalardan çıxartdıraraq yeni müasir tipli tələbə şəhərciyi tikəcəyini bildirirdi. Amma bu müddətdə cəmi 1 bina tikilib. Hansı ali məktəblərimiz yataqxana problemini xeyli dərəcədə həll edə bilib?

-Təəssüf ki, Bakı şəhərində universitetlərin yataqxana təminatı hələ də aşağı səviyyədədir. Çox az universitetin yataqxanası var və mövcud yataqxanalar da tələbələrin 5- 10 faizini təmin edə bilir. Təxminən, universitetlərin yalnız 10 faizində yataqxana mövcuddur. Bu sahədə durum ciddir, bu böyük problemdir. Çünki paytxatda kirayə mənzillərin və təhsil haqqının qiyməti günbəgün artır. Nəticədə valideynlər üçün maddi yük ağırlaşır. Onlar övladlarının təhsil haqqı, nəqliyyat xərcləri, kirayə, qidalanma və digər ehtiyaclarını ödəməkdə çətinlik çəkirlər.

Kirayədə qalan tələbələrin əksəriyyəti regionlardan gəlir. Məlumdur ki, regionlarda əhalinin maddi vəziyyəti Bakıya nisbətən aşağıdır. Problemin həlli isə universitetlərin daxili imkanları ilə mümkün deyil. Bakı şəhərində boş torpaq sahəsi demək olar ki, yoxdur. Əgər universitetə Qaradağ rayonunda yataqxana tikməyə torpaq ayırsalar belə, tələbələrin ordan şəhərə-universitetə gedib-gəlməsi çətinlik yaradacaq. Tələbələrimiz üçün çətinlik yaradan Bakı şəhərində nəqliyyat tıxacları da bir başqa problemdir.

-Ali məktəblərin paytaxtdan kənara və bölgələrə köçürülməsi məsələsi nə yerdədir?

-Universitetlərin şəhərdən kənara köçürülməsi mövzusu da çoxdan müzakirə edilir. Bu müzakirələr 15 il əvvəl bir az aktiv oldu, sonra qapandı. Son vaxtlar bu mövzu yenidən aktivləşib. Əvvəlki müzakirələrdə universitet kampuslarının Bakı ətrafında yerləşdirilməsi nəzərdə tutulurdusa, indi regionlara, o cümlədən Qarabağ və Zəngəzur bölgələrinə köçürülməsi məsələsi müzakirə olunur. Bu isə ciddi əlavə problemlər yaradır.

O mənada kı, bu günədək ali məktəblərə ayrılan milyonlar əsasən daşa-divara xərclənib. İndi də həmin daş-divarı qoyub köçəcəklər rayonlara. Nəticədə bütün bu təmir-tikinti işləri və binalar regionlara köçməklə səmərəsiz olacaq. Yəni universitetlərin regionlarda fəaliyyətini sıfırdan başlamaq lazım gələcək. Bununla yanaşı, yeni kampuslarla birlikdə müasir tədris proqramları, fənn proqramları və tədris planları hazırlanmalıdır...

Həmçinin hesab edirəm ki,  universitetlərin bütün professor və müəllim heyətinin regionlara köçməsi də çox çətin prosesdir. Onların məişətinin təşkil olunması və ailələrinin yerləşdirilməsi problem yaradacaq; ailə Bakıda yaşayacaq, ailənin bir üzvü digəri regionda işləməli olacaq. Bu isə ailələrə əlavə çətinliklər yaradır.

Bu problemin həllində maliyyə məsələsi də mühüm rol oynayır. Kampusların şəhərdən kənara köçürülməsi və yeni kampusların tikilməsi çox böyük investisiyalar tələb edir. Hazırda əsas maliyyə vəsaitləri Qarabağın yenidən qurulmasına yönəldildiyi üçün universitetlər üçün kampus tikintisi asan olmayacaq. Universitetlərin öz maliyyə imkanları isə buna yetərli deyil, dövlət dəstəyi isə hələ müəyyən deyil. Buna görə də problem hələ də açıq qalır.

Son 20 il ərzində dəfələrlə təklif etmişik ki, başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da universitetlərdə distant təhsil sistemi yaradılsın. Distant təhsil tətbiq olunsa, regionlardan gələn tələbələr onlayn oxuya bilər və bu təhsil keyfiyyətcə əyani təhsildən geri qalmayacaq. Beləliklə, onların nəqliyyat xərcləri azalacaq, təhsil haqqı daha münasib olacaq. Eyni zamanda, Bakıda yaşayan tələbələr də hər gün dərsə gəlmək məcburiyyətində qalmayacaq. Onlar distant və ya hibrid təhsil ala bilər: məsələn, həftədə iki gün universitetə gəlir, qalan günləri isə onlayn dərs keçirlər...

Yadımdadır ki, təxminən 17-18  il əvvəl də bu mövzu müzakirə ediləndə konkret universitetlərə Hocahəsənli qəsəbəsində yeni kampus tikmək üçün torpaq sahəsi və layihə smeta sənədləri də hazırlanmışdı. Səhv etmirəmsə, hər kampusun inşasına ortalama o vaxtki qiymətlərlə 150 milyon manat (təxminən 200 milyon $) vəsait nəzərdə tutulurdu. Onda da elə indiki kimi, təhsilin keyfiyyəti ilə əlqədar heç bir işə pul ayrılmırdı, təhsilin real inkişafına xidmət edəcək hər bir işi Təhsil Nazirliyi ictimai əsaslarla icra etməyi tələb edirdi. O vaxt belə müzakirələrin birində biz də iştirak edirdik. Çıxışımda bildirdim ki, gəlin əvvəl universitetlərimizi universitet edək, sonra hara istəsəniz, köçürək...

- İlham müəllim,  görəsən, ali məktəblərimiz bu ildəmi büdcələrinin əsas hissəsini elm və innovasiyalara yox, təmir işlərinə ayıracaq?

-Bəli, bu gedişlə yenə prioritetlik təmir tikintiyə veriləcək, son 25 ildə olduğu kimi.  Çünki, təhsil strategiyası, inkişaf proqramları  yoxdur. Kim necə bacarır, elə də “idarə edir”. İnvestisiyasız universitet suyu quruyan dəyirmana bənzəyir. Təhsil, xüsusilə də universitetlər yalnız təhsil verən müəssisə deyil, həm də elm, innovasiya və insan kapitalı yaradan mərkəzlər olmalıdır. Bunun üçün isə güclü və məqsədyönlü investisiyalar tələb olunur. Təəssüf ki, son 25-30 ildə Azərbaycanda universitetlərə edilən investisiyalar əsasən təmir-tikinti işlərinə yönəlib. Halbuki bu, inkişaf yönümlü sərmayə sayılmır. Ali təhsil sisteminə yatırılan vəsaitin səmərəliliyi təhlil olunmalı, vəsaitlərin ən azı 50 faizi elm və insan kapitalının inkişafına ayrılmalıdır. Beynəlxalq təcrübədə – MIT, Oxford, ETH Zürich, KAIST kimi nüfuzlu universitetlərdə – sərmayə əsasən tədqiqat, innovasiya, akademik heyətin inkişafı, tələbə dəstəyi və beynəlxalq əməkdaşlığa yönəldilir. Bizdə isə nə Təhsil Nazirliyi, nə də özəl sektor universitetlərə ciddi şəkildə sərmayə yatırır. Universitetlər yalnız təhsil haqqı hesabına mövcudluğunu davam etdirirsə, onlar inkişaf edə bilməz və qlobal rəqabətdə geri qalmağa məhkumdur. Müasir universitetlərin rəqabət gücü elmi tədqiqat, innovasiya və beynəlxalq əməkdaşlıq üzərində qurulur. Bunun üçün Azərbaycanda ali təhsil sisteminə təxminən 10 ildən çox vaxt və ən azı 1 milyard dollardan artıq hədəflənmiş investisiya lazımdır. Əks halda universitetlərimiz dünya təhsil sistemindən geri qalmağa davam edəcək.

Seçilən
13
hafta.az

1Mənbələr