AZ

Özünün xəbəri olmadan adına şirkət açdılar, külli miqdarda vergi borcu yığıldı - GƏDƏBƏY SAKİNİNDƏN BAŞ PROKURORA MÜRACİƏT

Gədəbəy rayonu, Daşbulaq kənd sakini Məmmədhəsənov Natiq Mehti oğlu tərəfindən "Hürriyyət"in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi qəzetimiz vasitəilə Baş prokuror Kamran Əliyevə müraciət edir:

"Cənab Kamran Əliyev!

Mən, Məmmədhəsənov Natiq Mehti oğlu, bildirirəm ki, oxuma-yazma bilməyən adamam. 1 il bundan qabaq Laçın şəhərində “Sultan Eren” şirkətində fəhlə kimi işə başlamışdım. Rəhbər şəxslərdən birinin adı Natiq idi. Soyadını bilmirəm. Şirkət Dərnəgüldə yerləşirdi. Orada mənə dedilər ki, VÖEN-nin olmasa, biz sənə əmək haqqı ödəyə bilməyəcəyik. Məcbur qalıb VÖEN açdırdım. Bilmədim ki, savadsızlığımdan istifadə edib, başıma oyun açacaqlar.

Qeyd edim ki, ASAN imza və digər sənədlərimi də əlimdən aldılar ki, bizdə qalmalıdır.

1 il sonra mənə vergidən məlumat gəldi ki, 2 min manat vergiyə borcun var. 1 inəyim var idi, məcbur qalıb satıb, ödəniş etdim. Hazırda 1000 manat borcum qalıb. Mənim olmayan borcu ödəmək çox çətindir. Şirkət rəhbəri saxtakarlıq edib, vergini mənim boynumda qoyub.

5 manat qazanacağımı düşünərkən 15 manat geri düşmüşəm. Qarabağda işlədiyim zaman məni aldadıb, adıma VÖEN açıblar. Zəng vururam, zənglərimə cavab vermirlər. Xahiş edirəm, mənə kömək edin".

Qeyd edək ki, məsələ ilə bağlı “Sultan Eren” şirkətinin rəhbər şəxsləri ilə əlaqə saxlamağa çaılışsaq da, telefon zənglərimiz cavabsız qaldı. 

Jalə FAMİLQIZI

P.S. Təəssüf ki, son zamanlar ölkədə bu səpkili dələduzluq baş alıb gedir. Kim kimi, harda bacarırsa, aldadır.

Redaksiyamıza gələn şikayətlər nəticəsində bəlli olur ki, gömrük üzərindən də bu oyunlar oynanılır, "qara firmalar" başqa şəxslərin adına VÖEN açıb, dələduzluq edirlər. Təəssüf ki, hüquq-mühafizə orqanları məsələ ilə bağlı sakitliyini qoruyur. Hətta Dövlət Vergi Xidmətinin əməkdaşları işin başında duranı yox, adına borc olanı sıxışdırır. Bir sözlə, zərər-ziyan çəkən kasıb, savadsız insanlar olur.

Maraqlıdır ki, bu kimi hallarda şirkətin rəhbəri istintaqa dəvət edilmir. Bütün oyunu quran şəxslər məsələdən kənar saxlanılır. Yazıq kasıb da nə qədər çabalasa da, işin içindən çıxa bilmir. Vəkil tutmağa da imkanı olmur. Görünən odur ki, ölkəmizdə kasıb, imkansız şəxslər "heç kəsə lazım deyil".

Seçilən
15
1
hurriyyet.az

2Mənbələr