AZ

Azad Məsiyev: “Xankəndidəki hadisə sıradan cinayət deyil, siyasi terror aktıdır” – ÖZƏL

"Xankəndində baş verən hadisə kütləvi informasiya vasitələrinin və ümumilikdə cəmiyyətin diqqət mərkəzində olan bir hadisədir. Xankəndi sakini, erməni əsilli Karen Avanesyanın törətdiyi terror hadisəsi ictimai-siyasi baxımdan araşdırılmalı bir mövzudur. Çünki Azərbaycan-Ermənistan arasında aparılan sülh sazişi ərəfəsində belə bir aksiyanın törədilməsi təsadüfi deyil".

Bu fikirləri Olaylar.az-a açıqlamasında Strateji Planlaşdırma və Araşdırmalar İnstitutunun rəhbəri, siyasi şərhçi Azad Məsiyev deyib. Siyasi şərhçi bildirib ki, Karen Avanesyan məqsədli şəkildə bu terror aktına hazırlaşıb: "Silahın əvvəlcədən gizlədilməsi, silah-sursatın - yəni avtomatın, güllə daraqlarının və qumbaraların əvvəlcədən saxlanılması təsadüfi deyil. Bu, əvvəlcədən planlaşdırılmış hazırlıq prosesinin göstəricisidir. Ermənilərin Xankəndidən Ermənistana köçməsi ərəfəsində həmin şəxsin burada qalması da təsadüfi deyil. O, qəsdən təxribat törətmək niyyəti ilə qalıb. Çünki onun hansısa sosial probleminə görə etiraz etdiyi müşahidə olunmurdu".

Bu cinayətin məhz indi törədilməsi də diqqət çəkir. Niyə məhz indi? 5 ay və ya 1 il əvvəl yox? 

"Bu suallara istintaq dəqiq cavab verəcək. İstintaq müəyyən edəcək ki, o, niyə məhz bu dövrdə belə bir aksiyanı həyata keçirmək istəyib. Çünki Ermənistan-Azərbaycan arasında sülh sazişinin razılaşdırılması prosesi gedir və bu dövrdə gərginlik yaradılması təsadüfi hesab edilə bilməz. Eyni zamanda, bu şəxsin Ermənistandakı müəyyən mərkəzlərlə əlaqəsi də araşdırılmalıdır. Əgər bu aksiya yüksək peşəkarlıqla həyata keçirilsəydi və çoxlu insan tələfatı ilə nəticələnsəydi, Azərbaycan cəmiyyətində ciddi narazılıq yaranacaqdı. Bu isə, böyük ehtimalla, Ermənistan tərəfdəki gizli təşkilatlardan aldığı təlimat əsasında planlaşdırılmışdı. Məqsəd Ermənistan-Azərbaycan danışıqlarına zərbə vurmaq və Xankəndidə yaşayan ermənilərin mövqeyini beynəlxalq ictimaiyyətə diqqət mərkəzində saxlamaq idi.
Belə bir terror hadisəsi baş tutsaydı, həm Azərbaycan, həm də beynəlxalq KİV-də gündəmə çevriləcək və Qarabağdakı ermənilər mövzusu yenidən qabardılacaqdı. Bununla yanaşı, Ermənistandakı separatçı qüvvələrin fəaliyyətinə də yeni imkanlar yaradılacaqdı".

Siyasi şərhçi qeyd edib ki, baş verən hadisə köklü şəkildə araşdırılmalıdır. Azərbaycanın hüquq-mühafizə orqanları diplomatik kanallar vasitəsilə Ermənistandan məlumat mübadiləsi aparmalı və bu aksiyanın mənbəyini müəyyən etməlidirlər. Çünki bu şəxsin Ermənistanda hansı təşkilatlarla əlaqədə olduğu və sifarişin haradan gəldiyi aydınlaşdırılmalıdır. Bu hadisə sıradan bir cinayət deyil, siyasi terror aktıdır. Əgər uğurla nəticələnsəydi və çoxlu itkilərə səbəb olsaydı, ciddi siyasi əhəmiyyət daşıyacaqdı. Məqsəd Azərbaycan-Ermənistansülh prosesinə zərbə vurmaq idi. Buna görə də cinayətin sifarişçiləri - Ermənistanın xüsusi xidmət orqanlarının bu işdə rolu müəyyən edilməlidir. Bu, həm də Paşinyanın apardığı siyasətə kölgə sala bilər, həm də Azərbaycan-Ermənistan münasibətlərində sülh prosesini zədələyə bilər.

"Azərbaycan dövləti Ermənistanın davranışını diqqətlə izləyəcək. Əgər Ermənistan tərəfi Azərbaycanın sorğularına səmimi cavab versə, bu, onların hadisədə iştirak etmədiyini göstərə bilər. Əks halda, Paşinyan hakimiyyətinin bu təşkilatlarla əlaqəli olduğunu ehtimal etmək olar. Hazırda istintaq prosesi davam edir və nəticələr həm Azərbaycanın, həm də Ermənistanın mövqeyini daha aydın göstərəcəkdir", - deyə Azad Məsiyev əlavə edib.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
28
olaylar.az

1Mənbələr