"2040 hədəfləri" təxirə salınır
Avropa Komissiyasının 1990-cı il səviyyələri ilə müqayisədə 2040-cı ilə qədər istixana qazı emissiyalarını 90 faiz azaltmaq təşəbbüsü sentyabrın 18-də ətraf mühit nazirləri tərəfindən qəbul edilməyəcək. Bu barədə Brüsseldəki mənbəyə istinadən Euronews telekanalı bildirir. Bu semestrdə Aİ-yə sədrlik edən Danimarka üzv dövlətlərə bu hədəfi təsdiq etməyi təklif edib, lakin nazirlər özlərini buna hazır hiss etmirmər.
Yeni 2040-cı il iqlim hədəfi faktiki olaraq Avropa Komissiyasının elan etdiyi Aİ iqlim qanununa düzəlişdir. Bu düzəliş iyulun əvvəlində təklif edilib və 2050-ci ilə qədər Aİ-nin tam karbonsuzlaşması yolunda aralıq nəticəni ifadə edir.
"Biz mətni olduğu kimi dəstəkləyə bilmərik. Geosiyasi baxımdan, vaxt yaxşı deyil. Həm də sənəd olduqca gec təqdim olunub", - deyə ikinci mənbə telekanala bildirib və ölkələrin hədəflər və rəqabət qabiliyyəti arasında daha yaxşı tarazlıq görmək istədiyini qeyd edib.
Qeyd olunur ki, sentyabrda keçiriləcək ətraf mühit nazirləri şurasının iclasında məqsəd “çalışmaq istəməyənlərin xeyrinə olacaq” yekdil səsvermə ehtimalını rədd etməkdir.
2040-cı il iqlim hədəfi, Braziliyanın Belem şəhərində keçiriləcək COP30 konfransında təqdim olunacaq Paris Sazişinə əsasən Aİ-nin milli iqlim fəaliyyət planlarına təsir göstərəcək. Slovakiya və Macarıstan kimi ölkələr Komissiyanın 2040-cı ilə qədər CO2 emissiyalarının 90 faizini azaltmaq təklifinə açıq şəkildə qarşı çıxıblar və bunun sənaye üçün ölüm hökmü olacağını iddia ediblər. Fransa hesab edir ki, belə əhəmiyyətli qərarı nazirlər deyil, Aİ liderləri verməlidir.
Təklifin elan edilməsindən qısa müddət sonra Slovakiyanın ətraf mühit naziri Tomas Taraba bildirib: "Bu ideoloji təkliflər - 2040-cı il iqlim hədəfi - Brüssel bürokratlarının artıq reallıqla əsas əlaqəni itirdiyinin daha bir sübutudur. Onlar Avropanın və təəssüf ki, Slovakiya sənayesinin hansı iqtisadi təhlükə ilə üzləşdiyini bilmirlər".
Aİ diplomatlarının müzakirə etdiyi əsas aspektlər arasında beynəlxalq karbon kreditlərinin 2040-cı il hədəfinə töhfəsi də var. Sühbət ölkələrə və ya şirkətlərə Aİ-dən kənar layihələrdən emissiyaların azaldılması üçün kredit almağa imkan verən mexanizmdən gedir. "Biz bu fikrin əleyhinə deyilik, lakin bizə daha çox aydınlıq lazımdır", - Aİ mənbələri deyir.
Avropa Parlamentində 2040-cı il iqlim hədəfinə cavabdeh olan “Yaşıllar”dan olan millət vəkili avstriyalı Lena Şillinq, karbon kreditlərinin nəzərdən keçirilməsinin "vergi ödəyicilərinə qarşı məsuliyyətsizlik" və gənclərə "xəyanət" olduğunu vur]ulayıb: "Aİ-nin iqlim hədəfini karbon kreditləri ilə qarışdırmaq, Avropada real iqlim tədbirləri yerinə, yalnız xaricdə çirklənməyə nəzarət üçün milyardlarla vəsait xərcləmək demək olardı. AB daxilində 2040-cı ilə qədər emissiyaların ən azı 90 faiz azaldılmasına ehtiyacımız var".
İqlim Fəaliyyəti Şəbəkəsinin (CAN) Avropa bölməsinin iqlim şöbəsinin rəhbəri Sven Harmeling də beynəlxalq karbon kreditlərindən istifadə ilə bağlı ehtiyatlı olmağa çağırıb: “Aİ öz sərhədlərindən kənara on milyardlarla avroya qədər vəsait köçürməli olacaq, halbuki bunu daxili dekarbonizasiyaya xərcləyə bilərdi”.
Rizvan CƏFƏROV,
“Azərbaycan”