AZ

Azərbaycanda bu şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulacaq? – VACİB AÇIQLAMA

Türkiyədə 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdən istifadəsinə qadağa qoyulması ilə bağlı təşəbbüs gündəmdədir. Dünyanın müxtəlif ölkələrində də bu istiqamətdə oxşar addımlar atılır. Azərbaycanda da belə bir qadağanın tətbiqi məsələsi müzakirə olunsa, cəmiyyətin münasibəti maraq doğurur. Maraqlıdır, Azərbaycanda 16 yaşdan kiçiklər üçün sosial şəbəkələrin qadağan olunması cəmiyyət tərəfindən necə qarşılanar?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən sosioloq Nailə İsmayılova bildirib ki, sosial şəbəkələrdə qeydiyyat zamanı rəsmi olaraq 18 yaş tələb edilsə də, faktiki olaraq azyaşlıların da bu platformalardan istifadə etdiyi açıq şəkildə görünür:

 

 

“Valideynlərin özləri sosial şəbəkələrdə olduqları üçün uşaqlar da onların yanında oturaraq bu məkanı izləyirlər. Hətta azyaşlılar belə sosial şəbəkələrin təsirinə məruz qalır. Əslində bu, qadağa olmasa belə, düzgün deyil. Amma valideynlər hər biri öz dünya görüşünə və tərbiyəsinə görə davranır. Türkiyədə 16 yaş həddinin tətbiqi müzakirə olunur, amma bu, onların daxili qaydasıdır. Azərbaycanda belə bir qadağa olsa, cəmiyyət tərəfindən birmənalı qarşılanmayacaq”.

Sosioloq hesab edir ki, uşaqların sosial şəbəkələrdən istifadəsinə müəyyən məhdudiyyətlər tətbiq olunmalıdır:

“Valideyn nəzarəti vacibdir. YouTube kimi platformalarda da uşaqlar üçün xüsusi nəzarət mexanizmləri tətbiq olunmalıdır. Çünki sosial şəbəkələrin müsbət tərəfləri ilə yanaşı, ciddi mənfi tərəfləri də var. Etik normalara uyğun olmayan videolar, söyüşlü ifadələr uşaqlar üçün ciddi təhlükə yaradır. Bu baxımdan mən qadağanın tərəfdarıyam”.

İsmayılova əlavə edib ki, xüsusilə pandemiya dövründə uşaqların internetdən istifadəsi artıb və bu, onlarda asılılıq yaradıb:

“Pandemiya uşaqların sosial şəbəkələrə meyilliliyini artırdı. Bu, ən böyük zərbələrdən biri oldu. Uşaqların 16 yaşdan aşağı sosial şəbəkələrdən istifadəsinə qadağa qoymaq üçün isə mütləq mexanizm işlənib hazırlanmalıdır. Necə tətbiq ediləcəyi və nəzarətin hansı formada olacağı da önəmli məsələdir”.

Aynurə İsmayıl
KONKRET.az

Seçilən
31
2
konkret.az

3Mənbələr