AZ

Türkiyənin tələbi yerinə yetirilir: Ermənistan konstitusiyasından da Ağrı dağı çıxarılır

Noyabrın 1-dən Ermənistan hakimiyyəti ölkə sərhədini keçənlərin pasportlarına vurulan möhürlərdən Ağrı dağının ( Ararat) təsvirini yığışdıracaq. 

Müvafiq qərarı Ermənistan Nazirlər Kabineti qəbul edib. Hökumətin qərarı ilə 12 may 2011-ci il tarixli qərarda dəyişiklik edilib. Dəyişikliklərdə markanın təsvirində “Ararat” adı çəkilmir. Bundan əlavə, Ağrı dağının da olmadığı hökumətin saytında möhür nümunəsi dərc edilib. 

Qərarda onun 2025-ci il noyabrın 1-dən qüvvəyə minəcəyi dəqiqləşdirilib. Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan vətəndaşları Ermənistanın ən hündür nöqtəsinin Araqats (Alagöz və ya Ələyəz) dağı olduğunu tanımağa və Türkiyədə yerləşən Ararata diqqət yetirməməyə çağırıb. Daha sonra ofisinin divarını Alagöz dağının təsviri ilə bəzədib. 

Qeyd edək ki, Ağrı dağının təsvirinin Ermənistanın dövlət gerbində və digər rəsmi sənədlərində əks olunması ermənilərin Türkiyəyə məxsus bu əraziyə tarixi iddiası ilə bağlıdır. Ağrı dağının təsviri 1918-1920-ci illərdə mövcud olmuş Ararat Respublikasının, sonra Ermənistan SSR-in, müstəqillik dövründə Ermənistanın dövlət gerbində yer alıb. 

Ağrı dağının təsviri Ermənistanın 1992-ci ilin aprel ayında qəbul edilmiş “Dövlət gerbi haqqında” Qanunda da təsbit olunub. Türkiyə Ermənistanla münasibətlərin normallaşması üçün gerbin dəyişdirilməsini İrəvan qarşısında əsas şərtlərdən biri kimi irəli sürür. Baş nazir Nikol Paşinyan, Ermənistan parlamentinin spikeri Alen Simonyan gerbin dəyişdirilməsinin vacibliyi məsələsini dəfələrlə gündəmə gətiriblər. 

Onlar gerbdəki təsvirlərin, o cümlədən Ağrı dağının Ermənistana aidiyyəti olmadığını, bu səbədən də dövlət rəmzinin dəyişdirilməli olduğunu bildiriblər. Lakin buna nail olmaq üçün ilk növbədə Ermənistanın konstitusiyasına dəyişiklik edilməlidir. Ermənistan konstitusiyasının 21.2 maddəsində Ağrı dağının dövlət gerbində təsvir olunduğu qeyd edilir. 

Ermənistanın xarici pasportlar üçün dövlət möhürlərindən Ağrı dağının təsvirinin çıxarılması yeni konstitusiya layihəsinin mətnində Türkiyənin tələbinin yerinə yetirildiyini deməyə əsas verir. Çox güman ki, bu məsələ Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələrin sentyabrın 12-də keçirilmiş görüşündə də müzakirə olunub. Yəqin ki, referendumda qədər Ermənistanın yeni dövlət gerbinin layihəsi də ictimaiyyətə təqdim olunacaq və onun təsviri konstitusiyaya daxil ediləcək. 

Türkiyənin Ermənistan qarşısında irəli sürdüyü tələblərdən biri konstitusiyanın preambula hissəsinin ali qanunun mətnindən çıxarılması ilə bağlıdır. Xatırladaq ki, Ermənistanın Müstəqillik Bəyannaməsinin 11-ci bəndində qondarma erməni soyqırımının bütün dünyada tanınması qarşıya məqsəd kimi qoyulur və Türkiyənin 6 şərq vilayəti “Qərbi Ermənistan” adılandırılır. Konstitusiyanın preambula hissəsində isə Müstəqillik Bəyannaməsinə istinad edilir. 

Ona görə də Ermənistan hakimiyyəti yalnız 21-ci maddəni dəyişməklə, yəni Ağrı dağının təsvirinin dövlət gerbindən çıxarılması ilə kifayətlənməməli, həm də preambula hissəsinin konstitusiyadakı mövcudluğuna hüquqi xitam verməlidir. 

Seçilən
19
1
cebheinfo.az

2Mənbələr