AZ

Çexiyada nadir arxeoloji artefaktlar tapılıb

Praqa, 15 sentyabr, AZƏRTAC

Arxeoloqlar Çexiyanın ən məşhur tarixi şəhərlərindən biri olan Çeski Krumlovun yaxınlığında mühüm tapıntılar barədə məlumat veriblər.

AZƏRTAC ČT24 telekanalına istinadla xəbər verir ki, son aylarda köhnə şəhərin mərkəzinə yaxın ərazidə aparılan qazıntılar zamanı müxtəlif dövrlərdə yerli sakinlərin həyatına işıq salan onlarla artefakt aşkarlanıb.

Tapıntılar arasında XIV-XV əsrlərə aid keramika qalıqları, son orta əsrlərə aid metal alətlərin, zərgərlik məmulatlarının, sikkələrin fraqmentləri var. Binaların daş bünövrələrinin tapılması, ehtimal ki, şəhərin inkişafının ilkin mərhələsinə, Çeski Krumlovun sənətkarlıq və ticarət mərkəzi kimi yenicə formalaşdığı vaxtlara təsadüf etməsi xüsusi maraq doğurur.

Tədqiqat qrupunun rəhbərinin sözlərinə görə, tapıntılar regionun Mərkəzi Avropanın əsas ticarət yolları ilə sıx əlaqələrini təsdiqləyir. Bundan əlavə, arxeoloqlar sənətkarların gündəlik həyatı ilə bağlı əşyalar - keramik qablar, metal əritmək üçün gil qəliblər və dəri istehsalı elementləri tapıblar.

Bəzi artefaktlar artıq müvəqqəti sərginin planlaşdırıldığı České Budějovicedəki Cənubi Bohemiya Muzeyinə təhvil verilib. Regional hakimiyyət orqanları qeyd edirlər ki, qazıntıların nəticələri Cənubi Çexiyanın tarixi haqqında bilikləri artırmaqla yanaşı, UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş Çeski Krumlovun turizm cəlbediciliyini də artıracaq.

Bu sahədə tədqiqatlar davam etdiriləcək və arxeoloqlar yaxın illərdə yeni kəşflərin olacağını istisna etmirlər.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Praqa

Seçilən
8
3
azertag.az

4Mənbələr