AZ

Azərbaycan-İran münasibətləri: Dostluq yoxsa şübhə?

Azərbaycanla İran arasında diplomatik münasibətlərin zəngin tarixi keçmişi vardır. İran və Azərbaycan xalqları islam aləminə mənsub olan xalqlardır. 

İki xalqın din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda, ortaq tarixə malik olması dövlətlərarası əlaqələrin inkişafına müsbət dinamika verir. 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra iki dövlət arasında diplomatik münasibətlər sürətlə inkişaf etməyə başladı. İran İslam Respublikası Azərbaycanın müstəqilliyini 25 dekabr 1991-ci ildə tanıyıb. 

1992-ci ilin fevralında o vaxtkı Prezident Ayaz Mütəllibovun başçılığı ilə geniş tərkibli nümayəndə heyəti İslam İnqilabının ildönümü münasibətilə Tehranda səfərdə olmuşdu. Ermənistanın Azərbaycana qarşı irəli sürdüyü ərazi iddiası nəticəsində 1990-cı ildən blokada şəraitinə düşmüş Naxçıvan Muxtar Respublikası iqtisadi cəhətdən ağır günlərini yaşayırdı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin sayəsində İranla iqtisadi, humanitar və ticarət sahəsində əlaqələrin qurulması muxtar respublikanın vəziyyətini qismən də olsa yüngülləşdirmişdi.  Sezar pizza

1991- ci ildə İranın Mərənd və Makunun fərmandarları, Şərqi Azərbaycan ostandarı Naxçıvana səfər etmiş, iqtisadi-ticari əlaqələrin qurulmasına köməklik göstərmişdilər. 1992-ci ildə İran İslam Respublikasının Azərbaycandakı səfiri Əli Əsgər Nəhavandian Naxçıvana səfər etmiş, Naxçıvanda konsulluğun açılması barədə İran XİN-in məktubunu Heydər Əliyevə təqdim etmişdi.  İki ölkə arasında münasibətlər heç də həmişə hamar səciyyə daşımasa da, hər iki dövlətin siyasi elitasında müştərək tarixi-mədəni irsə, ümumi mənafelərə istinadla, əlaqələrin mehriban qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində qurulması və inkişafına əsaslanan baxışlar üstünlük təşkil etmişdir. Azərbaycan Respublikası məhz İranla ən uzun sərhədə (765 kilometr) malikdir. 

Sərhədin o tayında isə on milyonlarla etnik azərbaycanlı yaşamaqdadır. Bu amillər münasibətləri normal məcrada saxlamağı hər iki ölkə üçün zəruri edir. 

Mövzu ilə bağlı “Yeni Sabah”a danışan tanımış şərqşünas Kənan Rövşənoğlu bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra, Bakı-Tehran münasibətləri dəyişkən fonda olub:

“Hər şeydən öncə, Azərbaycan və İran 2 qonşu ölkədir. Üstəlik 700 kilometrə yaxın sərhəd xəttimiz mövcuddur. Eyni zamanda sərhədin o tayındakı azərbaycanlılarla sıx qohumluq əlaqələri var. Nəzərə almaq lazımdır ki, İranda yaşayan azərbaycanlıların sayı, Azərbaycan Respublikasında yaşayan azərbaycanlılardan çoxdur. İqtisadi əlaqələrə gəlincə, Azərbaycan və İran arasında daha çox ticarət və ərzaq alış-verişi olub. 

Azərbaycanlılar İrana daha çox dini ziyarət və tibbi müalicə məqsədi ilə üz tutur. Təbii ki, hər iki ölkə enerji resurslarının ixracatçısı olduğu üçün, bu istiqamətdə elə bir əməkdaşlıq yoxdur. Əksinə, Xəzər dənizində mübahisəli neft-qaz yataqları ilə bağlı zaman-zaman fikir ayrılıqları olub. Azərbaycana İrandan çoxlu ərzaq məhsulları idxal olunur. 

Müstəqilliyin ilk illərində Bakı və Tehran arasında münasibətlər olduqca yaxşı olub. Xalq Cəbhəsinin hakimiyyəti illərində Azərbaycan-İran münasibətlərində soyuqlaşma müşahidə olundu. Cəbhə hakimiyyəti özündə millətçi motivli olduğu üçün, “güney” məsələsini ön plana çıxarırdı və bu Tehranla münasibətlərin pozulmasına gətirib çıxardı. Lakin Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra, münasibətlər normallaşıb, əlaqələr bərpa olunub”. 

Kənan Rövşənoğlu qeyd edib ki, Tehranın Azərbaycanla bağlı siyasəti daha çox mühafizəkar və liberal qanadın hakimiyyətinə görə formalaşır:

“Azərbaycan əsas istiqamətini Avro-Atlantik istiqamətinə çevirdiyi üçün, İranla münasibətlər müəyyən sərhədlər üzərində qurulub. Xüsusən İranda mühafizəkar qrupların Azərbaycanla münasibəti mənfi frazada inkişaf edib. Birmənalı olaraq, uzunmüddətli və sabit münasibətlərdən bəhs etmək olmaz. 

Müəyyən dövrdə pisləşmə, müəyyən dövrdə isə yaxşılaşma müşahidə olub. Son illər isə iki ölkə arasında münasibətlərin bir növ “relsə oturtmaq” cəhdləri özünü göstərdi. İrandakı mühafizəkar və qatı-millətçi qanadın Azərbaycana və Cənubi Qafqaza qarşı özünün təsir dairəsi olaraq görmə siyasəti var. Azərbaycanın xüsusən qərblə münasibətləri Tehranda o qədər də xoş qarşılanmırdı. Buna görə də Azərbaycana qarşı münasibətdə konkret bir siyasi xətt yoxdur. 

Məsələn, liberal, islahatçı hökumətlərin dövründə münasibətlər siyasi maraqlar üzərindən yaxşılaşdırma cəhdləri olub. Amma mühafizəkarlar dövründə soyuqlaşma özünü göstərib. İranın içərisində fərqli siyasi qruplaşmalar var. Onların baxışları Tehranın Azərbaycan siyasətinə təsir göstərir. Ümumilikdə Azərbaycan-İran münasibətləri situativ münasibətlərdir”.

Nazim Hacıyev

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” istiqaməti üzrə hazırlanmışdır.   


Telegram kanalımız
Seçilən
36
yenisabah.az

1Mənbələr