AZ

“Xankəndidəki təxribatın arxasında şovenist şəbəkələrin izi var” - Əkbər Qoşalı

Yazını böyüt
Yazını kiçilt

Erməni separatçı rejim öz ampluasında qalır. Bir neçə gün əvvəl ermənilərin Xankəndidə terror aktı törətmək cəhdi bundan xəbər verir və növvəti mübahisəli məqamları ortaya çıxarır. Uzun illər Azərbaycan dövlətinə qarşı terror əməlləri, hərbi təxribatlar törədən erməni sepratçıların hazırda aparılan sülh prosesində hansı qüvvələrin suları bulandırmağa çalışdığı birmənalı qarşılanır.

Regionun erməni əli ilə qarışdırılmasnda kimlər maraqlıdır və səbəbləri nədr?

Bu istiqamətə hafta.az-a açıqlama verən siyasi şərhçi Əkbər Qoşalı bildirib ki, sentyabrın 14-də Xankəndidə baş verən olay bir fərdə - şəhərin erməni sakini Avanesyan Karen Albertoviçə aid olsa belə, “erməni xəstəliyi” və zehniyyəti baxımından düşünülmüş təxribat aktı kimi xarakterizə oluna bilər.

Ə.Qoşalı vurğulayıb ki, ermənipərəst mərkəzlərdə, revanşist dairələrdə illərdir zəhərlə qidalanan “partizan-terrorçu düşüncə”nin zaman-zaman müxtəlif yerlərdə, amma eyni məqsəddə üzə çıxdığı bəllidir:

"10 noyabr Üçtərəfli Bəyanatdan sonra Ermənistandan Ağdərə yönünə 100-dən artıq silahlı hərbçi-terrorist qrupun göndərilməsi, 2022-ci ilin 12-14 sentyabrında Kəlbəcər başda olmaqla, şərti dövlət sərhədi boyunca təxribatçı hücumun baş verməsi, o vaxtlar rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə “fortifikasiya” eyləmləri və nəhayət, 2023-cü ilin 18-19 sentyabrında Qarabağda mülki şəxslərə və polisimizə qarşı qanlı təxribat - terror aktı törədilməsi yadımızdan çıxmayıb. Bu dəfə Xankəndidə təzahür edən üç qumbara, bir avtomatlı terror cəhdi də həmin zehniyyətsizliyin bir məhsuludur”.

Ə.Qoşalı hesab edir ki, bu terror cəhdi Azərbaycanın Qarabağda tam suverenliyinə kölgə salmaq kimi yaramaz və perspektivsiz istək içində olmanın uğursuz nəticəsidir. Ekspert deyib ki, Xankəndidə sabitlik bərqərar olandan, eləcə də dövlət idarəetməsinin güclənməsi, sosial-iqtisadi layihələrin start götürməsindən sonra bölgəni qarışdırmaq istəyənlər təxribat planlarını dayandırmayıbsa, bu, onların səbatsızlığı, öz hirs-hikkələri ilə gerçəklik arasındakı fərqi idrak etməməsi ilə bağlıdır:

"Bu təxribatın ya bir erməninin, ya Ermənistandakı radikal müxalifət və onların xaricdəki havadarlarının maraqlarına xidmət etməsinin fərqi yoxdur. Bu, təxribatdır və aldığı adekvat cavabı haqq edirdi. Ermənistanı silahlandıran, Qafqazda sabitlikdən yox, gərginlikdən bəhrələnən aktorlar var. Paşinyan hökuməti Azərbaycanla münasibətdə normallaşmaya məcbur olduğu bir dönəmdə daxildən təzyiq altındadır. Əgər Avanesyanın terror cəhdi nəticə versəydi, həmin qüvvələr üçün böyük fürsət olardı. Çünki “sakitləşməyən Cənubi Qafqaz” obrazı dünya erməniliyinin, onların İrəvandakı uzantılarının planının tərkib hissəsidir”.

Ekspertin qənaətinə görə, Xankəndidə baş verən terror olayı göstərir ki, Azərbaycan dövləti öz ərazisində terrora qarşı qətiyyətli mövqedədir. Odur ki, sabitliyi pozmaq istəyən istənilən şəxs və ya qüvvələr anındaca zərərsizləşdiriləcək:

“Dövlətin gücü və milli iradə bölgədə geridönməz gerçəklik yaradıb. Heç bir silahlı təxribat bu gerçəkliyi dəyişdirə bilməyəcək. Xankəndidə baş verən olay Azərbaycanın haqlı mövqeyinin, ayıq ruhunun daha bir təsdiqidir. Qətiyyətin, milli dövlətin gücü sayəsində Bakının, Şuşanın, Xankəndinin, ümumən ölkəmizin üstündəki qara buludlar daha sürətlə dağılır. Təxribatın arxasında yalnız bir nəfərin vücudu, köhnə şovenist şəbəkələrin isə kəsafət qoxuyan nəfəsi var. Onların nəfəsi tükənəcək, Azərbaycan isə gücünü gələcəyə, sabitliyə, dirçəlişə verəcək”.

Seçilən
28
hafta.az

1Mənbələr