AZ

Sürücülər yarımçıq işıqlandırılan yollarda təhlükə ilə üz-üzə qalırmış - ŞOK AÇIQLAMA- FOTO

Yəqin Azərbaycan yollarında gecə hərəkətə edənlər belə bir mənzərənin şahidi olub: işıq dirəklərindəki lampaların 5-6 dənəsindən biri yanır. Lampanın işıqlandırdığı yer aydın olsa da, 20 metr kənarda zülmət qaranlıqdır. Bəs yolların bu cür, adda-budda işıqlandırılması nə dərəcədə doğrudur?

Avtosfer.az xəbər verir ki, Avstraliyanın Monax Universiteti işıqlandırmanın  yol hərəkətinin təhlükəsizliyinə təsirini araşdırıb. 

Məlum olub ki, yolların sarı işıqla keyfiyyətli işıqlandırılması qəza riskini ciddi şəkildə azaldır. Başlıca səbəb görmə məsafəsinin və radiusunun artmasıdır. Yaxşı işıqlandırılan yollarda nə qədər qəribə olsa da, sürücüləri yuxu tutmur. Ən əsası isə, sürücülər yaxın işıqlardan istifadə etdikləri üçün gözqamaşma da olmur. 

Tədqiqat zamanı başqa bir maraqlı hal da üzə çıxıb. Məlum olub ki, təkəmseyrək işıqlandırma sürücülər üçün təhlükəlidir. Səbəb adi fiziki qanundur: insan gözünün qaranlıqdan işığa və əksinə alışması bir neçə saniyə tələb edir. Gündəlik həyatda bu heç kimə çətinlik yaratmır. Lakin, sürətlə gedən avtomobildə 2 saniyə çox şeyi həll edə bilir.

Ordan-burdan, təxminən Azərbaycandakı kimi 100-200 metrdən bir işıqlandırma zamanı sürücü yola adaptasiya ola bilmir, tunel effekti yaranır. Bu hal dəfələrlə təkrarlandıqda sürücü qeyri-iradi olaraq tez yorulur. Sürücünün hansısa kölgəni maneə hesab edib ani tormozlaması digər nəqliyyat vasitələrinə təhlükə yaradır.

Avstraliyalı tədqiqatçılar belə qənaətə gəliblər ki, yollar ya tam işqlandırılmalı, ya da ümumiyyətlə işıqlanmamalıdır. Pis işıqlandırılan yol tam qaranlıq yoldan daha təhlükəlidir. 

Azərbayacana qayıtsaq: bizdə çox vaxt gecə 00.00-dan sonra qənaət məqsədi ilə yollarda işıqlar söndürülür. 21-ci əsrdə bu yanaşma çıxış yolu deyil və çox primitivdir. Dünyada qənaətcil işıqlandırmaya dair çox sayda misallar var. Bu barədə ayrıca bəhs edəcəyik.

Vüqar Yaşaroğlu

Seçilən
3
1
avtosfer.az

2Mənbələr