AZ

“Putin Azərbaycana qarşı xüsusi əməliyyatdan danışır” – Moskvanın ssenarisində diqqət çəkən məqamlar

Azərbaycanla Rusiya arasında münasibətlərdə gərginlik artan xətt üzrə davam edir. Rusiyanın televiziya kanallarında, internet məkanında və xəbər portallarında Azərbaycana qarşı ardıcıl şəkildə əks-təbliğat aparılır.

Rusiyanın Avropa ilə dərinləşən qarşıdurması fonunda Bakı da hərbi təhdidlərə məruz qala bilərmi? Proseslər bu səviyyəyə çata bilərmi?

Məsələ ilə bağlıGlobalinfo.az-a danışan politoloq Elşad Həsənov bildirib ki, Azərbaycan–Rusiya münasibətlərindəki gərginliyin əsas səbəbkarı Moskvadır:

“Gərginlik AZAL-a məxsus mülki təyyarənin vurulmasından sonra başladı. Bu hadisədən sonra iki ölkə arasında etimadsızlıq dərinləşdi. Rusiya nə hadisəyə hüquqi qiymət verdi, nə də təqsirkarları cəzalandırdı. Hətta Azərbaycana kompensasiya da ödənilmədi. Bu, münasibətlərin pozulmasında əsas rol oynadı”.

Politoloqun sözlərinə görə, bu ilin 27 iyun tarixində Yekaterinburqda azərbaycanlılara qarşı baş verən zorakılıqlar, beş nəfərin qətlə yetirilməsi və diaspor təşkilatlarına qarşı davam edən mənfi münasibət, Rusiyada Azərbaycan əleyhinə aparılan siyasətin dəyişməz qaldığını göstərir:

“Azərbaycan öz haqq yolundan geri çəkilmir və adekvat cavab verir. Rusiya mediasında ölkəmizə qarşı təxribat xarakterli materiallar yayımlanır. Hətta neft infrastrukturuna zərbə endirilməsi ilə bağlı çağırışlar edilib. Süni intellekt vasitəsilə hazırlanmış dezinformasiyalar, məsələn, guya Prezident Putinin “Azərbaycana qarşı xüsusi hərbi əməliyyat başlayacağına” dair saxta çıxışları informasiya savaşının bir hissəsidir. Bu dezinformasiyalar Rusiyadakı bəzi mərkəzlərin və xüsusilə media üzərində təsirə malik olan erməni lobbilərinin maraqlarına xidmət edir”.

Elşad Həsənov qeyd edir ki, iqtisadi əlaqələr müsbət istiqamətdə inkişaf etsə də, siyasi və diplomatik münasibətlərdə gərginlik açıq şəkildə hiss olunur:

“Hazırda Rusiya Ukraynada nəticəsi görünməyən bir müharibə aparır və bu, artıq 2000-ci günə çatıb. Rusiya hələ də istədiyi nəticəni əldə edə bilməyib. Paralel olaraq, ABŞ Prezidenti Donald Trampın da Moskvaya qarşı sərt sanksiyalar paketi hazırladığı bildirilir.

Bu gün Rusiya bir neçə istiqamətdə gərginlik yaradır. Finlandiyaya qarşı hərbi ritorika sərgiləyir, Polşa ilə sərhəddə təzyiqləri artırır, Rumıniya ərazisinə dron hücumları həyata keçirir. Bütün bunlar Kremlin dərin narahatlığından və təcrid olunmuş vəziyyətindən xəbər verir. Amma sual budur: Rusiya eyni vaxtda bir neçə cəbhədə müharibə aparmağa hazırdırmı? Resursları buna imkan verirmi? Xeyr”.

E.Həsənov hesab edir ki, Rusiyanın Azərbaycana qarşı hərbi təcavüz nümayiş etdirməyə siyasi iradəsi çatmayacaq:

“Rusiya bu gün Avropadan təcrid olunmuş vəziyyətdə neft və qazını Azərbaycan üzərindən satır. İrandan böyük həcmdə qaz almaq üçün bağladığı müqavilənin reallaşması da Azərbaycanın tranzit imkanlarından keçir. Rəsmi Bakı Rusiyanın aqressiv siyasətini dəstəkləmir və Ukraynaya qarşı müharibəni qəbul etmir. Bu, təbii ki, Kremlin qıcıqlanmasına səbəb olur. Amma unutmamalıdırlar ki, bu siyasət Rusiyanın özünü tükəndirəcək və nəticədə məhvə aparacaq”.

Seçilən
26
2
editor.az

3Mənbələr