AZ

Masallıda 15 sentyabr Bilik günü qeyd olundu » AzadMedia.az


15 sentyabr Bilik günü münasibətilə Masallı rayonunda silsilə tədbirlər keçirilib. Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, aparatın məsul əməkdaşları, Masallı Rayon Təhsil sektorunun müdiri Elman Rzayev və media nümayəndələri bu münasibətlə rayonda yerləşən bir sıra təhsil ocaqlarında olublar.

Tədbirlər çərçivəsində Rafiq Əlhəsənov adına Masallı şəhər 1 saylı tam orta, Bəşir Nuriyev adına Binə Xocavar kənd tam orta, Qəhrəman İsmayılov adına Şərəfə kənd tam orta və Rövşən Nəbiyev adına Təzəkənd kənd tam orta ümumtəhsil məktəbində şagirdlər, müəllimlər və valideynlərlə görüşlər təşkil edilib.

Rayon rəhbəri tərəfindən görüşlərdə yeni dərs ilinin başlanması münasibətilə təbriklər səsləndirilib, təhsilin inkişafı və gənclərin savadlı, vətənpərvər ruhda yetişməsinin əhəmiyyəti vurğulanıb. Bildirilib ki, təhsil gənc nəslin gələcəyinin təminatıdır və hər bir şagird bu imkanlardan səmərəli yararlanmalıdır.

Qeyd olunub ki, dövlətin təhsilə göstərdiyi diqqət və qayğı nəticəsində Masallıda məktəblərin maddi-texniki bazası ildən-ilə möhkəmlənir.

Tədbir çərçivəsində Rövşən Nəbiyev adına Təzəkənd kənd tam orta ümumtəhsil məktəbində əlavə olaraq Heydər Əliyev Fondu tərəfindən tikilmiş sinif otaqlarına baxış keçirilmişdir.

Eyni zamanda şəhid Raqib Əzizovun övladı Ayan Əzizova, şəhid Məhəmməd Vəliyevin övladları Xədicə Vəliyeva və Hüseyn Vəliyev, Nurlan Əbilovun övladı Fərrux Əbilova 1-ci sinifə başdamaları münasibətilə rayon rəhbərliyi tərəfindən hədiyyələr təqdim olunub.

Sonda şagirdlərə dərslərində uğurlar arzulanıb, müəllimlərə isə gənc nəslin formalaşmasında göstərdikləri fədakar əməyə görə minnətdarlıq ifadə olunub.
Seçilən
7
1
azadmedia.az

2Mənbələr