Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Qazax rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqə idarəsindən hafta.az-a verilən məlumata görə, məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanması olub.
“Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə qüvvələrinin xəbərdarlıq toplanışı üzrə nümunəvi mülki müdafiə məşqi” mövzusunda keçirilən məşqə ümumilikdə rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatlardan 212 nəfər əməkdaş və 65 ədəd texnika cəlb edilib.
Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.
Məşqdən sonra əldə edilmiş nəticələr müzakirə olunub, aidiyyəti üzrə tapşırıqlar verilib.