AZ

Ermənistan bu ərazidən imtina etdi Bakı və Ankaraya xoş xəbər

GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Ermənistan Nazirlər Kabineti noyabr ayının 1-dən ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrı dağının təsvirini çıxarmaq haqqında qərar qəbul edib. Bu qərar Ermənistanda ciddi müzakirələrə səbəb olub və İrəvanın növbəti dəfə Bakı-Ankara tandemi önündən geri çəkilməsi kimi qiymətləndirilib.

Bəs Ermənistan qondarma “soyqırımı” iddiasından geri çəkiləcəkmi? Azərbaycana və Türkiyəyə qarşı konstitusiyasındakı maddələri təmizləyəcəkmi? Bütün bunlar referendum yolu ilə konstitusiya islahatlarına gediləcəyinin anonsudur?

Globalinfo.az-a danışan deputat, politoloq Elçin Mirzəbəyli deyib ki, Ağrı dağı uzun illərdir Ermənistanın dövlət rəmzlərində (gerb, pul vahidləri, poçt markaları və s.) Türkiyəyə qarşı ərazi iddialarının simvolu kimi saxlanılıb:

“Bu addım İrəvanın real siyasətdə geosiyasi məcburiyyət qarşısında müəyyən korrektələrə getdiyini göstərir. Ermənistanın bu qərarı bir tərəfdən Türkiyə ilə normallaşma prosesinə, digər tərəfdən isə hazırda beynəlxalq səviyyədə dəstək qazanan “regionda sərhədlərin toxunulmazlığı” prinsiplərinə uyğun gəlir. Əgər İrəvan Ağrı dağı simvolunu istifadədən çıxarırsa, bu, ən azı formal səviyyədə Türkiyəyə qarşı ərazi iddialarından imtinanın başlanğıcıdır.

Bu məqamda əsas sual yaranır: Ermənistan yalnız ərazi iddialarından, yoxsa həm də qondarma “soyqırım” narrativindən də geri çəkiləcək? İndiki mərhələdə İrəvan üçün “soyqırım” iddiasından imtina etmək mümkün görünmür. Çünki bu məsələ hələ də Ermənistanın daxili siyasətində ciddi ideoloji dayaqlardan biridir. Amma beynəlxalq arenada “soyqırım” iddiasını yumşaltmaq və Türkiyə ilə münasibətlərin normallaşmasına uyğun ritorika seçmək ehtimalı var.

Məlum olduğu kimi, Ermənistan Konstitusiyasında müstəqillik bəyannaməsinə istinadən və birbaşa həm Azərbaycana, həm də Türkiyəyə qarşı açıq şəkildə ərazi iddiaları yer alır. Əgər Paşinyan hökuməti həqiqətən yeni siyasi kurs götürmək niyyətindədirsə, bu maddələrin referendum yolu ilə dəyişdirilməsi qaçılmaz olacaq. Bu həm də ABŞ-nin dəstəklədiyi əsas istiqamətdir. Ermənistan regionda “münaqişə mənbəyi” statusundan çıxmalıdır”.

Politoloq qeyd edib ki, Ermənistanın Ağrı dağı məsələsində geri çəkilməsi Azərbaycan üçün də mühüm presedent ola bilər:

“Bu, İrəvanın ardıcıl şəkildə həm Türkiyə, həm də Azərbaycanla bağlı konstitusiya islahatlarına getməsi üçün əsasdır. Azərbaycan üçün əsas sual budur: Ermənistan yalnız simvolik addımlar atacaq, yoxsa real hüquqi dəyişikliklərə də gedəcək? Əgər konstitusiya dəyişiklikləri baş verərsə, bu, həm formal sülh müqaviləsinin imzalanması, həm kommunikasiyaların açılması, həm də sərhədlərin delimitasiyası məsələsində prosesləri sürətləndirə bilər”.

Elçin Mirzəbəyli

Deputat deyib ki, Ağrı dağı simvolunun vizalardan çıxarılması Ermənistanın regionda reallıqlarla və tarixi-hüquqi həqiqətlərlə barışmağa doğru ilk rəsmi addımı hesab oluna bilər:

“Amma bu, yalnız simvolik səviyyədə qalarsa, real nəticə verməyəcək. İrəvanın Türkiyəyə və Azərbaycana qarşı konstitusiyada yer alan ərazi iddialarından imtina etməsi isə yalnız referendumla mümkündür.

Möhürlərin üzərindən Ağrı dağını cimvolizə edən elementin çıxarılması yalnız Türkiyə ilə sərhədlərin açılmasına hesablanmış addım kimi atıla bilər. Məlum olduğu kimi, son günlər Türkiyə ilə Ermənistan arasında diplomatik təmaslar artmaqdadır. Belə bir ehtimal çox az olsa da, bütün hallarda nəzərə alınmalıdır. Ola bilsin ki, Ermənistan hələlik Azərbaycanın maraqlarına toxunan məsələlərdə deyil, məhz Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində “yol açmağa” çalışır.

Ermənistanın vizalardan Ağrı dağı simvolunu çıxarması hələlik taktiki jestdir. Bu, ilk növbədə Türkiyə ilə sərhədlərin açılmasına yönəlib. Ancaq Azərbaycanın maraqları baxımından bu addımın əhəmiyyəti yalnız o halda artacaq ki, İrəvan Ermənistan konstitusiyasında müstəqillik bəyannaməsinə istinadən və birbaşa (konstitusiyanın gerblə bağlı hissəsində yer alan Ağrı dağı ilə bağlı müddəa) ərazi iddialarını referendum yolu ilə dəyişsin. Əks halda Ermənistanın bütün jestləri kosmetik dəyişikliklərdən o tərəfə keçməyəcək. Reallıqlar göstərir ki, bölgədə sabitliyin və inteqrasiyanın açarı Bakı və Ankaranın mövqelərinə uyğun davranışdan keçir”.

Turan Rzayev

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
globalinfo.az

1Mənbələr