AZ

Bakıda bunu çoxu bilmir: hamıya qadağan deyilmiş Vacib nüans

ain.az, GlobalInfo portalına istinadən məlumat verir.

Bəzən paytaxt yollarında, xüsusilə Bakı–Sumqayıt şosesində sıxlıq səbəbindən təcili tibbi yardım və yanğınsöndürmə avtomobillərinin hərəkəti çətinləşir. Son günlər sosial şəbəkələrdə belə nəqliyyat vasitələrinin tıxacda qaldığı anlar müzakirələrə yol açıb. Bildirilir ki, xüsusi maşınların avtobus zolaqlarında hərəkətinə şərait yaradılmalıdır.

Bu, qanunvericilikdə necə tənzimlənir? Avtobus zolağında başqa kimlər üçün şəraitin yaradılmasına ehtiyac var? 

Globalinfo.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı deyib ki, bu məsələdə qaydalara hər hansı bir dəyişiklik və ya əlavə müdaxilə etmək yersizdir.

“Yol hərəkəti qaydalarında açıq şəkildə göstərilir ki, operativ nəqliyyat vasitələri zərurət yarandıqda, təhlükəsizlik qaydalarına əməl etməklə yol hərəkəti qaydalarını poza bilərlər. Bu baxımdan, həmin avtomobillərin avtobus zolaqlarında hərəkət etmələri də hər hansı təhlükə yaratmır. Əksinə, hesab edirəm ki, sıxlıq yaranan hallarda təcili yardım maşınları avtobus zolaqlarından istifadə edə bilməlidirlər və bununla bağlı problem yaşanmamalıdır. Təəssüf ki, bəzi hallarda təcili tibbi yardım avtomobillərinə cərimələr tətbiq olunur. Bildiyim qədərilə, bir neçə sürücü həmin cərimələrin silinməsi üçün dəfələrlə müvafiq qurumlara müraciət etsə də, nəticə əldə edə bilməyiblər. Halbuki bu nəqliyyat vasitələri çağırışa gedərkən səs siqnalı işlək vəziyyətdədirsə, qanunla yol hərəkəti qaydalarını pozmaq səlahiyyətinə malikdirlər. Bu nüans mütləq nəzərə alınmalıdır”.

Elməddin Muradlı

Ekspert bildirib ki, sıxlıqların yaranma səbəbləri artıq hamıya məlumdur:

“Bu problemi aradan qaldırmaq üçün təcili və sistemli tədbirlərin görülməsi vacibdir. Xüsusilə alternativ yolların salınmasına ehtiyac var. Doğrudur, dövlət proqramlarında bu məsələlər nəzərə alınıb, yəni problemin mövcudluğu inkar edilmir və rəsmi şəkildə təsbit olunub. Lakin praktikada işlərin icrası olduqca ləng gedir, bəzən isə ümumiyyətlə görünmür. Məsələn, Bakı-Sumqayıt yolu ilə bağlı konkret addımlar hələ də atılmayıb. Bəzi istiqamətlərdə isə müəyyən işlərə start verilib. Belə ki, metro stansiyalarının tikintisi, yeni yolların salınması və sair bu sırada yer alır. Lakin yenə də Bakı-Sumqayıt yolu üzrə əsaslı və effektiv bir həll planı ortada yoxdur. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Xırdalan dairəsini genişləndirən zaman təklif etdik ki, indiki vəziyyəti yaratmasınlar. Təəssüf ki, daha kompleks bir yanaşma əvəzinə, ən sadə variant seçildi: sadəcə alt zolaqlar genişləndirildi. Halbuki orada çoxzolaqlı, asma körpü tipli bir qovşaq layihəsi həyata keçirilməli idi. Nəticədə isə Xırdalan dairəsində və ümumilikdə Bakı-Sumqayıt yolunda axşam saatlarında hərəkət faktiki olaraq iflic olur”.

Elməddin Muradlı qeyd edib ki, sıxlığın artmasında sürücü intizamsızlığı da mühüm rol oynayır:

“İki zolaqlı yolda sürücülər özbaşına üç zolaq yaradır, üç zolaqlı yolda isə beş zolaqla hərəkət etməyə çalışırlar. Bu isə təcili yardım və yanğın söndürən maşınlarının hərəkətini tamamilə mümkünsüz edir. Belə hallarda həm qaydaların pozulması, həm də insan həyatı üçün təhlükəli nəticələr ortaya çıxır. Ümid edirik ki, bu məsələlərə nəzarət gücləndiriləcək, yol polisi avtobus və digər xüsusi zolaqlarda hərəkət qaydalarını pozan sürücüləri ciddi şəkildə cəzalandıracaq və operativ nəqliyyat vasitələrinin hərəkəti üçün real şərait yaradılacaq”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
globalinfo.az

2Mənbələr