18-19 sentyabr tarixlərində Düşənbədə Yağlı quyruqlu qoyun cinsləri üzrə Beynəlxalq Simpozium və Hisar qoyunlarının festival-sərgisi keçiriləcək.
Hafta.az-ın yazdığına görə, tədbirlər Tacikistan Kənd Təsərrüfatı Elmləri Akademiyasının dəstəyi ilə Heyvandarlıq və Otlaqlar İnstitutu tərəfindən təşkil olunur.
Simpoziumda MDB ölkələri, Çin, Hindistan, Kanada, Əfqanıstan və Monqolustandan mütəxəssis və alimlər, diplomatlar və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.
İclasın əsas məqsədi qoyunçuluğun davamlı inkişafı üçün həll yollarının tapılması istiqamətində səyləri birləşdirməkdir. Seleksiya, yemləmə və baytarlığın innovativ üsullarının tətbiqinə, sənayenin iqtisadi səmərəliliyinin artırılması məsələlərinə xüsusi diqqət yetiriləcək.
Müzakirələr bir çox sahələri əhatə edəcək: yağlı quyruqlu cinslərin damazlıq keyfiyyətlərinin yaxşılaşdırılmasından tutmuş saxlanması və qidalanmasının müasir texnologiyalarına qədər.
İştirakçılar xəstəliklərin qarşısının alınması və müalicəsi sahəsində əldə olunan nailiyyətləri, eləcə də qoyunçuluğun inkişafının iqtisadi perspektivlərini müzakirə edəcəklər.
Qoyun festivalı və sərgisi sentyabrın 19-da Hisar şəhərinin Mərkəzi Stadionunda keçiriləcək.
Dünyada ən böyüyü olan Hisar qoyunu eyniadlı vadidə yetişdirilib, kök quyruğu və dözümlülüyü ilə məşhurdur. Bu cins təkcə Tacikistanda deyil, Mərkəzi Asiya və MDB-nin digər ölkələrində də yetişdirilir.
Ötənilki sərgidə Rudaki rayonundakı Sim-Sim fermasından 192 kiloqram ağırlığında qoç ən yaxşısı kimi tanınıb.
Bu il Hisar qoyun cinsi Qlobal Əhəmiyyətli Kənd Təsərrüfatı İrs Sisteminin (GIAHS) nüfuzlu siyahısına daxil edilib.