Qaynarinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
"Putinin planlarında Zelenski ilə görüşmək nəzərdə tutulmayıb. Onu legitim president hesab etmir. Tramp isə yenə də oyun oynamaqla məşğuldur".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Azər Qasımov ABŞ prezidenti Donald Trampın bu dəfə Ukrayna prezidenti Volodimir Zelenski ilə Rusiya prezidenti Vladimir Putin arasında ABŞ-ın iştirakı ilə üçtərəfli görüşün təşkili məsələsini gündəmə gətirməsini şərh edərkən deyib.
Ekspertin sözlərinə görə, üçtərəfli görüşün olacağına Trampın özü də əmin deyil:
"Tramp Putinə qarşı addım atacağı təqdirdə bunun nəticə verəcəyinə əmin olmadığı üçün məsələni danışıqlar yolu ilə həll etməyə çalışır. Üçtərəfli görüşün olacağına Tramp özü belə əmin deyil. Sadəcə fikir kimi ortaya atılıb. Putin isə Zelenskini Moskvaya danışıqlara çağırmaqla danışıqlara olan münasibətini göstərib, Zelenskinin bunu etməyəcəyini bildiyi halda belə təkliflə çıxış edir".
Politoloq qeyd edir ki, Putin NATO ölkələri ilə qarşıdurmaya hazırlaşır:
"Səbəb isə hesab edirəm ki, Putinin NATO ilə qısa müddətli qarşıdurmadan sonra Kiyevi oyundankənar saxlayaraq Şimali Atlantika Alyansı ilə hansısa müqavilə imzalayıb, Ukrayna müharibəsini dayandırmaq istəyidir. Yəni Putin Ukraynanın başı üzərindən hərəkət etmək istəyir. Böyük ehtimalla Tramp da bundan xəbərdardır. Nəticədə Tramp araya girib Rusiya-NATO qarşıdurmasını aradan qaldırır və qəhrəman olur".
Qeyd edək ki, Rusiyanı danışıqlar masasına gətirə bilməyən ABŞ prezidenti Donald Tramp bu istiqamətdə növbəti təkliflə çıxış edib. Belə ki o, Ukrayna və Rusiya liderləri arasında ABŞ-ın iştirakı ilə üçtərəfli görüş çərçivəsində danışıqların aparılması ideyasını ortaya atıb. Trampın fikrincə, Rusiya Putin və Volodimir Zelenski arasında yaranmış son dərəcə yüksək düşmənçiliyə görə Ukraynadakı münaqişənin həlli ilə bağlı bütün danışıqları özü aparmalı olacaq:
"Zelenski ilə Putin arasındakı nifrət anlaşılmazdır. Düşünürəm ki, bütün söhbətləri mən etməliyəm. Onlar bir-birinə nifrət edirlər".
Rüfət Sultan
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.