AZ

CHP daxilində dalğalanmalar: nə baş verir? ŞƏRH

Bakupost saytına istinadən ain.az xəbər verir.

Son dövrlər Türkiyənin ana müxalifət partiyası CHP son qurultayı ilə bağlı davam edən məhkəmə prosesi, partiyanın nəzarətində olan bələdiyyələrə qarşı aparılan korrupsiya yoxlamaları ilə gündəmdədir.

Sentyabrın 3-də İstanbul məhkəməsi CHP-nin 2023-cü ildə keçirilən qurultayında qanun pozuntularının “təxminən sübuta yetirildiyi” qənaətinə gəlib və sabiq deputat, “köhnə qanad” təmsilçisi Gürsel Tekin müvəqqəti sədr təyin edilib.

Qeyd olunur ki, Cümhuriyyət Xalq Partiyasının (CHP) 2023-cü ildə keçirdiyi qurultayın nəticələri tam ləğv edilə və Kamal Klıçdaroğlu yenidən CHP rəhbərliyinə gətiriləb bilər.

CHP rəhbərliyi hazırda baş verənləri hökumətin məhkəmələr vasitəsilə partiyanı yenidən formalaşdırmaq səylərinin bir hissəsi kimi qiymətləndirir.

Türkiyədə baş verən bu prosesləri Bakupost.az-a şərh edən siyasi şərhçi Oktay Qasımov bildirib ki, qardaş ölkədə siyasi mübarizə həmişə özünün dinamikliyi ilə seçilib:

“Türkiyədə partiya sistemi kifayət qədər güclü sistemdir. Partiyalar güclüdür və onlar parlamentdə təmsil olunurlar. Amma şübhəsiz ki, partiyalararası mübarizə həm də qarşıdan gələn seçkilərə hesablanıb”.

Onun sözlərinə görə, son 6-7 ay Türkiyə siyasi mühiti gərgin proseslərlə yadda qalıb:

“İstanbul da daxil olmaqla bir çox şəhərlərdə bələdiyyə başqanları rüşvət və korrupsiya ittihamları ilə həbs olunublar, cinayət işləri açılıb. Bu isə ciddi bir presedentdir. Xüsusilə də İstanbul Böyükşəhər Bələdiyyə başqanının həbsi böyük rezonans doğurdu. Belə ki, Əkrəm İmamoğlu prezidentliyə iddia ilə çıxış edirdi. Son dövrlər həm də CHP-nin daxilində müəyyən dalğalanmalar, problemlər müşahidə olunur. Bir qrup iddia edir ki, 2 il əvvəl keçirilən qurultayda pozuntular olub və nizamnamə qaydaları pozulduğu üçün məhkəməyə müraciətlər edilib. Bu baxımdan hazırda həm hüquqi müstəvidə araşdırmalar gedir, həm də yaxın günlərdə CHP-nin fövqəladə qurultayının keçiriləcəyi ilə bağlı fikirlər səslənir. Mediada yayılan məlumata görə, qurultay ayın 21-də baş tutmalıdır. Hər halda müəyyən məhkəmə qərarları var, bəzi təşkilat rəhbərlərinin yerinə qəyyumlar təyin olunub. Kifayət qədər ciddi problemlər mövcuddur”.

O.Qasımov hesab edir ki, qurultay keçiriləcəyi təqdirdə nümayəndələrin verəcəyi qərar bir çox məsələlərə aydınlıq gətirəcək:

“Müxalifətin iddiasına görə, hakimiyyət əlindəki imkanlardan istifadə edərək partiya daxilində nifaq salmağa çalışır. Hakimiyyət isə öz növbəsində bildirir ki, müxalifət bələdiyyə seçkilərindəki uğurlardan bir qədər məst olub və qanunsuz hərəkətlərə yol verdiyi üçün onlarla bağlı hüquqi proses başlanıb. Hər halda izləyək və görək nə olur. Arzulayırıq ki, Türkiyədə bu cür proseslər hüquq müstəvisində və ədalətli şəkildə öz həllini tapsın”.

Lalə Novruz,

BakuPost

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
17
www.bakupost.az

1Mənbələr