AZ

“Sülh prosesini sürətləndirməyin yolu yalnız real addımlar atmaqdır” – Şakir Ağayev – ÖZƏL

"Ermənistanda yeni istifadəyə verilən məktəblərdə stulların Azərbaycan bayrağının rənglərində hazırlanması və buna qarşı Paşinyan əleyhdarlarının çıxışları, təbii ki, sülh prosesinə heç bir aidiyyəti olmayan məsələdir. Belə kiçik detalların sülh prosesinə dəxli yoxdur".

Bu fikirləri siyasi şərhçi Şakir Ağayev Olaylar.az-a açıqlamasında deyib. Siyasi şərhçi bildirib ki, sülh prosesinin sürətlənməsinin yeganə yolu və vasitəsi Paşinyan hakimiyyətinin əlindədir. Yəni, Konstitusiyaya dəyişikliklərin edilməsi və Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının götürülməsi ilə sülh prosesi tamamilə həllini tapar və imzalanmış olar.

"Bəli, Ermənistanda müxtəlif təkliflər var. Məsələn, yaxınlarda Almaniyadan olan nümayəndələr Ermənistan cəmiyyətinə aşılamğa çalışırlar ki, Ermənistan malları Azərbaycanda satılsın. Bu da, təbii ki, ictimai-siyasi şüurda müəyyən proseslərin formalaşmasına xidmət edir. Eyni zamanda, beynəlxalq aləmə göstərmək istəyirlər ki, guya sülh prosesini davam etdirirlər, sülhün tərəfdarıdırlar. Vaxt keçir və nə qədər tez bu proses baş versə, region üçün bir o qədər yaxşı olar. Azərbaycan Prezidenti cənab İlham Əliyev də avqustun 8-də Vaşinqtondan qayıtdıqdan sonra verdiyi müsahibədə qeyd etmişdi ki, bunu tez bir vaxtda həyata keçirmək lazımdır", - deyə ekspert qeyd edib.

Siyasi şərhçi əlavə edib ki, belə məsələlər müəyyən qarşılıqlı etimad yaradır, etimadı möhkəmləndirə bilər. Təbii ki, bu, siyasi xarakter daşıya bilər və beynəlxalq ictimaiyyəti inandırmaq üçün də bir forma ola bilər. Ümumilikdə isə deməliyəm ki, sülh lazımdır, müqavilə bağlanmalıdır. Amma ictimaiyyətin şüurunda, insanların düşüncəsində, hətta sülh müqaviləsi bağlandıqdan sonra da uzun bir proses lazımdır ki, səmimiyyətlə etimad yaransın. Bu etimad elə bir şeydir ki, sabah müqaviləyə imza atılsa belə, səhərisi gün yaranması mümkün deyil.

Ş. Ağayev vurğulayıb ki, Ermənistan 30 il Azərbaycan torpaqlarını işğalda saxlayıb. Xocalı soyqırımı və digər soyqırımları törədib. İşğal etdiyi əraziləri demək olar ki, yerlə-yeksan edib: Ağdamı, Füzulini, Cəbrayılı cəhənnəmə döndərib, darmadağın edib. Hətta Ağdamı "Qafqazın Xirosiması" da adlandırırlar. Ona görə də belə qısa müddətdə Paşinyan etimad yarada bilməz. Etimad uzunmüddətli prosesdir. Amma sülh prosesini sürətləndirməyin yolu yalnız real addımlar atmaqdır. Hər hansı şou, jestlərlə deyil, real işlər görməklə mümkündür. Paşinyan və komandası hər gün yeni bir söz, yeni bir fikir deyirlər, amma real addımlar atmalıdırlar. Ermənistan qanunvericiliyində dəyişikliklər edilməli və tezliklə sülh müqaviləsinə imza atılmalıdır.

Sevda Dəniz

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
9
olaylar.az

1Mənbələr