AZ

Şagirdlərə mobil telefon qadağası gəlir - TƏHLİL

Bu addım məktəblərdə nizam-intizamı gücləndirəcək, müəllimin nüfuzunu artıracaq və tədris mühitini sağlamlaşdıracaq

“Ancaq tam qadağa bəzi imkanlardan istifadənin qarşısını ala bilər. Ona görə də balanslı yanaşma vacibdir. Müəllimlərin dərs zamanı tədris məqsədilə mobil tətbiqlərdən istifadəyə icazə verməsi, fövqəladə hallarda valideynlərlə təcili əlaqə üçün telefonlardan yararlanmaq imkanının saxlanılması doğru model olar”

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib ki, 2025-2026-cı tədris ilində şagirdlərin davranış qaydaları bütün ümumtəhsiul müəssisələrində tətbiqinə nail olunacaq. Qaydalara əsasən şagirdlərə tədris vaxtı mobil telefonlardan istifadə qadağan ediləcək. Bu açıqlama bir çox valideynin yuxusunu ərşə çəkib. 

“Mən bilməliyəm uşaq neyləyir, dərsdədir, ya yox, dərsən çıxıb hazırlığa gedir, narahat oluram, əlaqə saxlamalıyam”, deyənlər “n” qədərdir. Repititor hazırlığı həm əsaslı səbəb, həm də əla bəhanədir.  Çünki  mobil telefonlar şagirdlər üçün yalnız ana-ataları ilə əlaqə saxlamaq, eyni zamanda dərsdə başqatmaq, dərsdən yayınmaq, sinif yoldaşlarını, yaxud müəllimləri video-görüntüyə almaq, sonradan lazım gəldikdə bunlardan şantaj vasitəsi kimi istifadə etmək alətidir həm də. Hərçənd bəzi hallarda video çəkilişlər məktəblərdəki neqativ halların aradan qaldırılmasında bəzən işə yarayır. Bununla belə, “şagird mobil telefondan necə, nə vaxt istifadə etməlidir və ya istifadə etməlidirmi” sualına konkret cavab da axtarılır. 

Təhsil məsələləri üzrə ekspert Kamran Əsədov Sherg.az-a açıqlamasında qeyd etdi ki, “Şagird davranış qaydaları”nın tətbiqi ilə bağlı yeni qərarın təhlili göstərir ki, təhsil sistemində nizam-intizamın gücləndirilməsi və tədris prosesində şagirdlərin diqqətinin yayındıran amillərdən uzaqlaşdırılması vacib addımlardan biridir:  

- Mobil telefonlardan istifadənin qadağan olunması məsələsi uzun illərdir müzakirə mövzusudur və həm hüquqi, həm pedaqoji baxımdan əsaslandırılmış qərar kimi dəyərləndirilə bilər. “Təhsil haqqında” Qanunun 18-ci maddəsində qeyd olunur ki, şagirdlərin vəzifələrindən biri məktəbin daxili qaydalarına əməl etməkdir. Bu müddəa təhsil müəssisələrinə intizamı qorumaq üçün müəyyən məhdudiyyətlər tətbiq etmək səlahiyyəti verir. Bununla yanaşı, “Uşaq hüquqları haqqında” Qanunun 15-ci maddəsində uşaqların təhlükəsiz mühitdə təhsil almaq hüququ təsbit olunub. Bu isə bir daha göstərir ki, şagirdlərin sosial şəbəkələrdə çəkilişlər, zorakılıq hallarının yayılması və ya dərs prosesində diqqət dağınıqlığına səbəb olan davranışlardan qorunması üçün mobil telefon qadağası təhsil hüququnun qorunmasına xidmət edir.
Statistik göstəricilər də mobil telefonların istifadəsinin təhsil keyfiyyətinə təsirini ortaya qoyur. UNESCO-nun 2023-cü il hesabatına görə, dünya ölkələrinin 71 faizində məktəblərdə mobil telefon istifadəsinə məhdudiyyətlər tətbiq olunub. Fransada 2018-ci ildən orta məktəblərdə mobil telefonlar tam qadağan edilib və bu addım nəticəsində şagirdlərin dərs zamanı diqqətlilik göstəriciləri 12 faiz yüksəlib. İngiltərədə 2022-ci ildə keçirilmiş tədqiqatlar göstərir ki, mobil telefon istifadəsinin məhdudlaşdırıldığı məktəblərdə şagirdlərin akademik nəticələri orta hesabla 6–8 faiz yaxşılaşıb. Bu faktlar Azərbaycanda qəbul edilən qərarın da qlobal təcrübə ilə uyğun olduğunu təsdiqləyir.

K.Əsədov bildirdi ki, mobil telefonlardan dərs müddətində istifadəyə icazə verilməməsi şagirdlərin dərs prosesinə fokuslanmasına, müəllimlərin dərsə nəzarət imkanlarının güclənməsinə və məktəbdə intizam mühitinin formalaşmasına şərait yaradacaq: 

- Bundan başqa, son illərdə geniş yayılan kiberzorbalıq, icazəsiz video və foto çəkilişlər, sosial şəbəkələrdə paylaşım halları əhəmiyyətli dərəcədə azalacaq. Bu həm məktəb mühitinin sağlamlaşmasına, həm də şagirdlərin psixoloji təhlükəsizliyinin qorunmasına xidmət edir. Bu, müsbətdir. Mənfi tərəfi isə ondan ibarətdir ki, mobil telefonlar yalnız sosial şəbəkə və oyun vasitəsi deyil, həm də tədris prosesində istifadə oluna biləcək texnoloji alətdir. Elektron dərsliklər, lüğətlər, test proqramları və öyrədici tətbiqlər şagirdlər üçün faydalı resurslardır. Tam qadağa bu imkanlardan istifadənin qarşısını ala bilər. Ona görə də balanslı yanaşma vacibdir. Müəllimlərin dərs zamanı tədris məqsədilə mobil tətbiqlərdən istifadəyə icazə verməsi, fövqəladə hallarda valideynlərlə təcili əlaqə üçün telefonlardan yararlanmaq imkanının saxlanılması doğru model olar.
Dünya təcrübəsi ilə müqayisə edildikdə görünür ki, inkişaf etmiş ölkələrin əksəriyyətində tam qadağa yox, məhdudiyyət tətbiq olunur. Məsələn, Yaponiyada telefon məktəbə gətirilə bilər, lakin sinifdə səs rejimində saxlanmalı və yalnız təcili hallarda istifadə edilməlidir. Almaniyada bəzi torpaqlarda məktəbin qərarından asılı olaraq telefonların istifadəsi dərs vaxtı tam qadağan edilsə də, istirahət vaxtlarında icazə verilir. Bu, həm texnologiyanın tədrisdə faydasını qorumağa, həm də neqativ təsirlərin qarşısını almağa imkan verir. Azərbaycanda qəbul edilən qərarın dəyişdirəcəyi əsas məsələ məktəblərdə nizam-intizam mühitinin güclənməsi və tədris prosesinə mane olan amillərin azaldılması olacaq. Dəyişməli olan tərəf isə tətbiqin sərt və qəti qadağa formasında yox, məqsədyönlü istifadənin tənzimlənməsi formasında həyata keçirilməsidir. Əgər məktəblərdə “mobil telefon istifadə qaydaları” konkret hallarla – dərs zamanı qadağa, tədris məqsədi ilə icazə, fövqəladə hallarda istifadəyə şərait – təsbit olunarsa, həm şagirdlərin hüquqları qorunar, həm də təhsil mühiti intizamlı və keyfiyyətli olar. Elm və Təhsil Nazirliyinin bu istiqamətdə atdığı addım müsbət və təqdirəlayiqdir. Nazirlik təhsildə intizamı gücləndirmək, pedaqoji mühitdə müəllimin nüfuzunu artırmaq və şagirdləri daha sağlam öyrənmə mühitinə yönləndirmək üçün düzgün addımlar atır. Bu yanaşma həm beynəlxalq təcrübəyə əsaslanır, həm də qanunvericiliyin müddəaları ilə tam uzlaşır. Belə qərarların ardıcıllığı və nəzarət mexanizmlərinin gücləndirilməsi nəticəsində məktəblərdə həm təhsil keyfiyyəti, həm də sosial-psixoloji mühitin sabitliyi artacaq.

Seçilən
26
1
sherg.az

2Mənbələr