AZ

Birinci sinif şagirdləri üçün 6 vacib qayda

ain.az, Metbuat portalına istinadən məlumatı açıqlayır.

Yeni tədris ilinin başlaması ilə minlərlə uşaq ilk dəfə məktəbə qədəm qoyub. Bu həm uşaqlar, həm də valideynlər üçün böyük həyəcan və məsuliyyət deməkdir.

Metbuat.az birinci sinif şagirdlərinin məktəb həyatına uyğunlaşması valideynlərə diqqət edilməli olan məqamları sadalayıb:

Uşağı qorxutmayın - Məktəb uşaqlara qorxulu yer kimi təqdim edilməməlidir. “Dərs oxumasan, müəllim cəzalandıracaq” kimi ifadələr uşaqlarda məktəbə qarşı mənfi münasibət yarada bilər. Məktəb haqqında maraqlı və müsbət danışmaq, uşağa yeni dostlar qazanacağı və faydalı şeylər öyrənəcəyi izah edilməlidir.

Səbrli və dəstəkləyici olun - İlk həftələrdə uşaqlar yorğun, həvəsiz və hətta məktəbə getmək istəməyən ola bilər. Bu, tamamilə normaldır. Valideyn uşağı danlamaq əvəzinə dinləməli, məktəb günündən danışmasına şərait yaratmalıdır.

Düzgün gündəlik rejim - Onların gecə ən azı 9-10 saat yatması, səhər yüngül və sağlam qidalanması, dərs hazırlığı üçün müəyyən vaxt ayrılması tövsiyə olunur. Qaydalara öyrəşmək uşağın məktəb həyatını asanlaşdırır.

Texnologiya istifadəsinə nəzarət - Məktəb yaşına çatan uşaqlar üçün telefon və planşetdən həddindən artıq istifadə diqqət dağınıqlığı yarada bilər. Axşam saatlarında ekran vaxtının məhdudlaşdırılması həm yuxu keyfiyyətinə, həm də dərslərə diqqətə müsbət təsir edir.

Asudə vaxt - Birinci sinif şagirdlərinin dərslərlə yanaşı oyun və istirahətə də ehtiyacı var. Uşağın dərs hazırladıqdan sonra gəzintiyə çıxması, sevdiyi oyunu oynaması psixoloji rahatlıq yaradır.

Müəllimlə əlaqə - Müəllimlə mütəmadi ünsiyyət qurmaq uşağın dərslərdəki vəziyyətindən xəbərdar olmağa kömək edir. Həmçinin müəllimin müşahidələri valideynə övladının hansı sahələrdə dəstəyə ehtiyacı olduğunu göstərir.

Sevinc İbrahimzadə / Metbuat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
29
metbuat.az

1Mənbələr