AZ

Vilayətidən növbəti SƏRSƏMLƏMƏ – “Müşavir” İran hökumətinin siyasətinə necə QARŞI ÇIXIR?

Azərbaycana qarşı daim qərəzli açıqlamaları ilə gündəmə gələn İranın ali dini lideri Əli Xameneinin müşaviri Əli Əkbər Vilayəti yenidən təxribatçı bəyanatları ilə diqqət çəkib. Belə ki, Vilayəti Tasnimagentliyində dərc olunan məqaləsində bu ilin noyabrında Avropa Ravvinlər Konfransının Bakıda təşkil olunmasını sərt tənqid edib.

Vilayəti daha da irəli gedərək, Azərbaycanı İslama zidd addımlar atmaqda ittiham edib.

İran ali rəhbərinin müşaviri ölkəmizlə bağlı ilk dəfə deyil ki, təxribatçı bəyanatlarla çıxış edir. Daha dəqiq desək, Vilayəti hər əlinə fürsət düşəndə Azərbaycanla bağlı sərsəm fikirlər səsləndirir.

Ancaq...

Vilayətinin bu cür açıqlamalarının heç bir siyasi əhəmiyyəti yoxdur. Azərbaycan Prezidenti İlham Əliyev ötən ay Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində İranda müşavir kimi adlandırılan bəzi keçmiş rəsmilər tərəfindən səsləndirilən iddialara münasibət bildirib. Dövlət başçısı qeyd edib ki, onların mövqeyi bizim üçün heç cür əhəmiyyətli deyil.

“Bizim üçün bunun əhəmiyyəti sıfırdır, çünki dövlətlərarası münasibətlərimiz hökumətlər, prezidentlər, xarici işlər nazirləri arasında qurulur. Buna görə də “müşavir”lərin bu yalançı rəvayətlərinə qətiyyən məhəl qoymuruq”.

Prezidentin də vurğuladığı kimi, dövlətlərarası münasibətlərdə önəmli faktor rəsmi şəxslərin mövqeyidir. Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Pezeşkianla, o cümlədən iki prezidentin administrasiyaları arasında münasibətlərin konstruktiv, mehriban olduğunu bəyan edib.

Yəni, Vilayəti kimi şəxslərin sərsəm bəyanatlarının heç bir önəmi yoxdur.

Üstəlik, Azərbaycanın istənilən tədbirə, o cümlədən, noyabrın 4-6-da Avropa ravvinlərinin nümayəndəli konfransına ev sahibliyi etməsi ölkəmizin daxili işidir. Bu məsələyə hər hansı bir şəxsin müdaxilə etməyə haqqı yoxdur.

Vilayətinin özü MOSSAS agentidir?

Digər tərəfdən, məlum olduğu kimi, bu ilin iyununda 12 gün davam edən İsrail-İran müharibəsi nəticəsində Tehranda xeyli sayda MOSSAD agentlərinin fəaliyyət göstərdiyi üzə çıxdı. Onlardan bəziləri saxlanılsa da, çoxları hələ də gizli şəkildə fəaliyyətlərinə davam edirlər. Üstəlik, İsrailin asan şəkildə İranın bütün strateji hədəflərini məhv edə bilməsi yüksək ranqlı məmurlar, nüfuzlu şəxslər tərəfindən informasiya sızıntısı olması ehtimalının böyük olduğunu göstərir.
 

Bu gün Vilayətinin Azərbaycanı hədəf alan açıqlamaları İran dövlətininin siyasətinə ziddir. Çünki İran Prezidenti Azərbaycanla mehriban qonşuluq münasibətlərinin qurulmasına önəm verdiyi halda, Vilayəti bu əlaqələri pozmağa çalışır.  


Bu isə Vilayəti barəsində İranda xüsusi araşdırma aparılmasınını zəruri edir. Bəlkə də, belə bir araşdırma aparılarsa, Vilayətinin özünün MOSSAD agenti olduğu üzə çıxacaq.

Bizim.Media-nın analitik qrupu

Seçilən
22
2
bizim.media

3Mənbələr