AZ

2026-cı ildə Xocalı hava limanı istifadəyə verilə bilər - DEPUTAT

Xocalı hava limanında yenidənqurma işləri aparılır.

Bu barədə Modern.az-a açıqlamasında 118 saylı Ağdam-Xocalı seçki dairəsinin deputatı Elman Məmmədov məlumat verib.

O qeyd edib ki, Xocalı hava limanı həqiqətən də strateji əhəmiyyətə malik bir məkandır.

“Hazırda burada hava limanın bərpası istiqamətində müəyyən addımlar atılır. Cənab Prezidentin ötən il verdiyi tapşırığa əsasən, hava limanında yenidənqurma işləri aparılır. Uçuş zolağı həm uzununa, həm də eninə genişləndirilir. Hava limanında yerləşən müvafiq xidməti binaların da yenidənqurma işləri görülür. Yəqin ki növbəti il Xocalı hava limanının istifadəyə verilməsi ilə bağlı şad xəbəri alacağıq",- deyə millət vəkili əlavə edib:

Deputat bildirib ki, Xocalı aeroportu Qarabağ bölgəsinin mərkəzində, Xocalı şəhərinin ərazisində yerləşir:

"Hava limanı Xankəndi şəhərindən 8-9 km, Şuşa şəhərindən 15-16 km, Ağdam şəhərinin mərkəzindən isə 16-17 km məsafədə yerləşir. Bu da onun strateji mövqeyini bir daha təsdiqləyir".

Xatırladaq ki, Xocalı Hava Limanı 1974-cü ildə istismara verilib. 2020-ci ildə Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatı - Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Xocalı Hava Limanına UBES indeksi verməklə onun Azərbaycana məxsus olduğunu təsdiqləyib.

Dəniz səviyyəsindən 575 metr hündürlükdə yerləşən Xocalı aeroportunun ərazisi 188,5 hektardır. Hazırda hava limanında 2170 metr uzunluğunda və 45 metr enində bir uçuş-enmə zolağı, iki sürmə yolu, bir perron və bir terminal mövcuddur. Perron ərazisində hava gəmiləri üçün ümumilikdə üç dayanacaq mövcuddur.

Xocalı Hava Limanının infrastrukturunun inkişaf etdirilməsi məqsədilə bir sıra təkmilləşdirmə işlərinin aparılması nəzərdə tutulub. Belə ki, mövcud uçuş-enmə zolağının uzunluğu 3000 metrədək, eni isə 60 metrədək genişləndiriləcək. Hava limanının ərazisinin optimallaşdırılması işləri həyata keçiriləcək və burada ümumi sahənin 177,27 hektar, perron ərazisinin isə 47 min kvadratmetr olması planlaşdırılır. Görüləcək bütün işlər beynəlxalq norma və standartlara uyğun şəkildə həyata keçiriləcək, hava limanı ən müasir səviyyəyə çatdırılacaq.

Seçilən
15
2
modern.az

3Mənbələr