AZ

Ermənistandan Türkiyə ilə bağlı sürpriz qərarın pərdəarxası: Ankara hansı cavabı verəcək?

Xəbər verdiyimiz kimi, noyabrın 1-dən etibarən Ermənistana giriş-çıxış zamanı Ağrı dağı artıq sərhəd möhürlərində təsvir olunmayacaq. Bu barədə qərar hökumətin sentyabrın 11-də keçirilən iclasında qəbul edilib.

Bəs, Ermənistanın bu addımı nəyə hesablanıb? Normallaşma prosesinə necə təsir edəcək? Bənzər addım gerb üçün də atıla bilərmi?

Globalinfo.az-a danışan ermənişünas alim Qafar Çaxmaqlı bildirib ki, Ermənistanın gerbindəki atributların heç biri gerçək Ermənistanın xarakterini ifadə etmir:

“Bu, sovet dövründən qalma gerbdir. Ermənistan Respublikası 1991-ci ildə müstəqilliyini elan edərkən bu gerbi parlamentdə qəbul edib. Ağrı dağının təsviri, subasma ilə əlaqədar görüntü, şir fiquru Ermənistanda müxtəlif dövrlərdə müzakirə olunub. Baş nazir Nikol Paşinyan da bildirmişdi ki, gerbdəki fiqurlar dəyişdirilməlidir, çünki bunlar Ermənistanın gerçək kimliyini əks etdirmir. Ağrı dağının təsviri Türkiyənin ərazisinə iddianın göstəricisi kimi qəbul olunur. Subasma (Nuhun gəmisi ilə bağlı motivlər) isə hələ dünya elmi tərəfindən tam şəkildə təsdiqlənməyib. Paşinyan həmçinin qeyd etmişdi ki, gerbdəki şir təsviri də ermənilərə aid deyil. Şir artıq uzun müddətdir ki, Ermənistan meşələrində yaşamır və onun gerbdə yer almasının heç bir mənası yoxdur.

qafar

Qafar Çaxmaqlı

Siyasi baxımdan isə Ermənistan hazırda Türkiyə ilə sərhədlərin açılması və münasibətlərin qurulması istiqamətində bir prosesin içərisindədir. Bu proses davam etməkdədir. Gələcəkdə Ermənistan sərhədindən keçən türk vətəndaşının pasportuna Ağrı dağı təsvir olunan möhürün vurulması ikitərəfli münasibətləri zədələyə bilər. Bu baxımdan Ermənistan məcburdur ki, Ağrı dağının təsvirini həm də gerbindən çıxarsın. SSRİ ilə Türkiyə arasında soyuq müharibə dövründə münasibətlər gərgin idi. Rəsmi Ankaraya qarşı erməniləri qaldıran və “erməni soyqırımı” adlanan yalanı uyduran da sovet ideologiyası idi.

Artıq noyabrın 1-dən etibarən Ağrı dağının möhürlərdən çıxarılacağına dair qənaət formalaşıb. Ermənistan hökumətinin bu məsələdə nə qədər qərarlı olacağını isə zaman göstərəcək. Bütün bu addımlar Ermənistan-Türkiyə münasibətlərinin normallaşması istiqamətində atılır. Danışıqlar prosesində Türkiyə bu məsələni rəsmi olaraq ön şərt kimi irəli sürməsə də, Ağrı dağının möhürdən götürülməsi və digər ərazi iddialarının aradan qaldırılması baş vermədən Ankara-Ermənistan münasibətlərinin müsbət nəticə verəcəyinə inam azdır”.

Siyasi şərhçi Anar İsayev isə məsələyə belə münasibət bildirib:

“Bu məsələ, əslində, Ermənistanın son aylarda atdığı simvolik, amma siyasi baxımdan mühüm addımlar silsiləsinin bir hissəsidir.

Ermənistanın dövlət rəmzlərində və vizual atributlarında (məsələn, gerbdə, pul nişanlarında, rəsmi sənədlərdə) Ağrı dağının təsviri uzun müddət mübahisə doğurub. Çünki dağ faktiki olaraq Türkiyə ərazisində yerləşir.

Sərhəd möhürlərində bu simvolun olması həm Türkiyə, həm də beynəlxalq aləmdə Ermənistanın qeyri-rəsmi “ərazi iddiası” kimi qəbul edilirdi. İndi isə bunun aradan qaldırılması, İrəvanın normallaşma istiqamətində real addım atmağa hazır olduğunu göstərir.

Bu qərarın qəbulu, Ermənistan hökumətinin Türkiyə ilə münasibətlərin normallaşması istiqamətində atdığı bir addım kimi dəyərləndirilə bilər. Ankara uzun illər boyu bu kimi simvolları “ərazi iddialarının davamı” kimi qəbul edib. Ermənistan isə bu jestlə Türkiyənin sərt mövqeyini yumşaltmağa çalışır.

anar

Anar İsayev

Eyni zamanda, bu addımla Qərbə mesaj vermək istəyir ki, regionda kommunikasiyaların açılması və sülh gündəminin irəliləməsi üçün üzərinə düşən öhdəlikləri yerinə yetirir.

Həmçinin bu, Azərbaycanla aparılan proseslərə dolayı təsir göstərir. Belə ki, Ermənistan bu cür simvolik jestlərlə nümayiş etdirməyə çalışır ki, “ərazi iddiaları”na dair ittihamları aradan qaldırır və nəticədə sülh sazişi müzakirələrində əlini gücləndirir.

Azərbaycanla münasibətlərdə bu addım, “ikiüzlü ritorika” ittihamlarını zəiflətməyə yönəlmiş bir gediş kimi qiymətləndirilə bilər. Lakin həlledici faktor, Qarabağ və sərhəd məsələləri olacaq.

Ermənistanın gerbində isə hələ də Ağrı dağının təsviri qalır. Əgər sərhəd möhürlərindəki dəyişiklik Türkiyənin etirazlarını azaltmağa yönəlibsə, gerbdə də dəyişiklik ehtimalı nəzəri baxımdan mümkündür. Lakin bu, siyasi baxımdan çox çətin bir addımdır. Çünki bu dəyişiklik Ermənistan cəmiyyətində ciddi daxili mübahisələrə səbəb ola bilər.

Daha çox kompromisli həll yolunun seçilməsi mümkündür: məsələn, gerbdə dəyişiklik edilmədən, lakin rəsmi sənədlərdə və beynəlxalq istifadədəAğrı dağının vizual təsvirlərindən tədricən imtina olunması”.

Seçilən
19
editor.az

1Mənbələr