AZ

Heç bir təxribat və şantaj sülh gündəliyinə mane ola bilməyəcək

Prezident Donald Trampın şahidliyi ilə Azərbaycan və Ermənistan dövlət başçıları arasında avqustun 8-də Ağ Evdə imzalanmış tarixi sənədlərdən ötən müddət bir daha sübut edir ki, normallaşma prosesi bəzi aktorların ürəyincə deyil. Belələri bu prosesdə iştiraka münaqişə tərəflərinə yalnız təzyiq imkanı kimi baxmaqda davam edir.

 

Hətta onların istifadə etdikləri “ən yumşaq” diplomatik üslub belə aydın şəkildə göstərir ki, yaxın gələcəkdə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin olunması perspektivi bu dairələrin planları ilə üst-üstə düşmür.  Həmin ünvanlardan eşitdiyimiz ziddiyyətli bəyanatlar isə “diplomatik müqavimətin” yalnız görünən hissəsidir.

 

Növbəti dəfə əmin oluruq ki, əgər Azərbaycan Prezidenti ötən illər ərzində əyilməz iradə göstərməsəydi və hadisələrin gedişatını keçmiş vasitəçilər üçlüyünün öhdəsinə buraxsaydı, işğal əbədi olaraq davam edəcək, milli heysiyyatımız isə təhdid altında qalacaqdı.  Prezident İlham Əliyev məhz bu gerçəkliyi nəzərə alaraq 2022-ci ilin aprelində Şuşada keçirilən Dünya Azərbaycanlılarının V Qurultayında tarixi Qələbəmizin arxasında dayanan həqiqətləri öz adı ilə bu cür ifadə etmişdi:

 

“Biz təkcə Ermənistanla müharibə aparmamışıq. Biz təkcə dünya erməniliyi ilə müharibə aparmamışıq, biz Ermənistanın himayədarları ilə müharibə aparmışıq və bu müharibədə Qələbə qazanmışıq. Ona görə bu Qələbənin tarixi əhəmiyyəti daha böyükdür”.

 

Bu gün onu da görürük ki, Azərbaycanın öz daxili imkanları hesabına Qarabağda və Şərqi Zəngəzurda apardığı irimiqyaslı bərpa-quruculuq işləri, sıfırdan inşa etdiyi şəhər və kəndlər, həyata keçirdiyi böyük infrastruktur layihələri, ən başlıcası, keçmiş məcburi köçkünlərin öz dədə-baba yurdlarına ləyaqətli qayıdışı dost və qardaş ölkələri nə qədər sevindirirsə, bədxahlarımızı bir o qədər məyus edir. Heç birimiz üçün o da sirr deyil ki, bu məyusluq  təkcə passiv seyrçiliklə və ya yalnız qısqanc bəyanatlarla müşayiət olunmur. Onların Ermənistanda revanşist kəsimi yenidən diriltmək, Azərbaycanda isə xalqımızın tarixi birliyinə kölgə salmaq cəhdlərinin arxasında hər zamankı çirkin niyyətləri dayanır. “Kalaşnikov” avtomatı və beş ədəd qumbara ilə silahlanmış Xankəndi sakini Karen Avanesyanın sentyabrın 14-də şəhərdə keçirilən kütləvi tədbir məkanına

yaxınlaşmaq cəhdinin arxasında hansı cinayət məqsədinin dayandığını, onun bu cinayətdə təşkilatçı və ya yalnız iştirakçı olduğunu istintaq orqanları müəyyən edəcək. Lakin hər bir halda təkzibolunmaz həqiqət ondan ibarətdir ki, müharibədən ötən beş il ərzində Xankəndidə yaşamağa davam edən bir erməninin məhz Vaşinqton razılaşmalarından və bəzi dairələrin bununla bağlı təhdid və şantaj xarakterli bəyanatlarından sonra əlisilahlı kütləvi tədbir yerinə yaxınlaşmaq cəhdi sıradan bir cinayət kimi qiymətləndirilə bilməz.  Əminəm ki, istintaq cəmiyyətimizi düşündürən bu suallara da cavab verəcək.

 

 Prezident İlham Əliyev sentyabrın 14-də Füzuli rayonunda Qaraxanbəyli kəndinin təməlini qoydu və Hadrud qəsəbəsində inşa olunmuş məscidinaçılışını etdi. Xocavənd rayonunun Qırmızı Bazar, Hadrud qəsəbələrinin və Sos kəndinin, Xocalının Şuşakənd, Seyidbəyli, Badara və  Daşbulaq kəndlərinin sakinləri ilə görüşdü. Karen Avanesyanın tərkisilah edildiyi gün Prezident Xankəndidə Qarabağ Universiteti Klinikasının binasının, Tibb və sağlamlıq fakültəsinin tədris korpusunun açılışında iştirak etdi, müəllim-tələbə heyəti ilə geniştərkibli görüş keçirdi. Prezident İlham Əliyev tarixi Zəfərimizi hələ də həzm edə bilməyən, Vaşinqton razılaşmalarına açıq-aşkar qısqanclıqla yanaşan, sülh gündəliyini şantaj və təxribatlarla əngəlləməyə çalışan dairələrə Qarabağdan bu mesajı verdi: “Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi... 44 gün və bir gün- heç bir ölkə son 80 il ərzində belə mütləq, tam və ədalətli qələbə qazanmamışdır. Bununla fəxr edirik. Fəxr edirik, necə ki,

müharibədə döyüşmüşük, vuruşmuşuq, eləcə də sülh şəraitində qurub-yaradırıq”.

 

Prezident bununla həm Ermənistana, həm də oradakı revanşist kəsimin əli ilə Cənubi Qafqazı yenidən qarışdırmaq istəyən dairələrə o mesajı verdi ki, Azərbaycan regiona sülh gündəliyini və dəhlizlərin açılması reallığını gətirməklə təkcə özünə deyil, bütün qonşuları və bütövlükdə Avrasiya məkanı üçün faydalı iqtisadi əməkdaşlıq naminə tarixi fürsət yaradıb. Hamılıqla bundan faydalanmağın yolu yalnız səmimi niyyətdən və xoşməramlı istəkdən keçir. 

Ülvi Quliyev                                                 

Milli Məclisin deputatı   

Seçilən
3
4
modern.az

5Mənbələr