AZ

Tarix və dil dərsliklərinin müəllifləri hərəkətə keçdilər...


Orta ümumtəhsil məktəblərində tədris edilən dəsrliklərin məzmunu, dili, yeni metodolgiyaya nə qədər uyğun olub-olmadığı daim müzakirə mövzusudur. Uzun illərdir ki, dərsliklərdəki nöqsanlar barədə danışırıq, tənqidi fikirlər bildiririk. Amma nədənsə, əksər hallarda nöqsanların necə aradan qaldırılması yollarını dilə gətirmirik.

Dərsliklər müəllimlər, şagirdlər üçün önəmli olduğu qədər ictimaiyyət üçün də əhəmiyyət daşıyır. Bu baxımdan dərsliklərin nöqsansız olmasında hər birimiz maraqlı olmalıyıq, ən çox maraqlı olan tərəf isə, təbii ki, müəlliflər və həmmüəlliflər olmalıdır.

Xeyli müddətdir ki, “Azərbaycan dili” dərslik dili və məzmunu geniş müzakirə olunur. “Azərbaycan tarixi” dərsliyi barədə də analoji yanaşmalar mövcuddur. Söhbət təkcə bu iki fənnə aid dərsliklərdən getmir, başqa fənlərin dərslikləri də nöqsanlardan xali deyil. Bir çox hallarda mütəxəssislər, ziyalılar bu məsələyə tənqidi yanaşanda, xüsusən əlaqədar qurumlar iddia edirdilər ki, ictimaiyyətin yanaşması qərəzli, tələbi haqsız və əsassızdır.

İndi bu məsələyə elm və təhsil naziri Emin Əmrullayev “2025-2026-cı tədris ili: yeniliklər və hədəflər” mövzusunda keçirilən tədbirdə münasibət bildirib.

Nazir çıxışında “Azərbaycan tarixi” və “Azərbaycan dili” dərsliklərində olan problemlərə diqqət çəkib. Onun sözlərinə görə, bu kitabların dili uşaqların yaş xüsusiyyətlərinə uyğun deyil. 10-11 yaşdan 16 yaşına qədər uşaqların anlaşıqlı, ardıcıl milli hekayəyə ehtiyacı var ki, onu hamıya danışa bilsinlər: “Bizim tarix kitablarımızın böyük əksəriyyəti tarixi faktların ardıcıl olaraq sıralanmasıdır. Düşünürəm ki, bu dəyişməlidir.

“Azərbaycan dili” dərsliklərində də problem var. Bu sahədə uşaqların oxuyub-anlaması ilə bağlı problemləri var. On yaşına çatan uşaqların çoxu oxuduğunu anlamır. Bunları dəyişmək üçün mütəxəssis lazımdır. Dərsliklər hər hansı mütəxəssisin arzusu əsasında hazırlanmamalıdır”.

Nazirin bu fikrinə, təbii ki, yanaşma birmənalı deyil, onu tənqid edənlər də, sözlərinin doğru olduğunu deyənlər də var. Heç şübhəsiz, hər kəs öz fikrində haqlıdır.

Maraqlıdır ki, müəlliflər çox nadir hallarda bu məsələyə reaksiya verirlər, bəziləri narazı olsalar da, “bunu nazir deyir, nazirə qarşımı çıxacağam” deyib gerçəyi gizlədir.

Dərslik müəlliflərindən biri ilə söhbətimizdə o bildirdi ki, bu proses olduqca ağır bir prosesdir. Türkiyə təcrübəsində belədir ki, dərslik yazan müəlliflərə Nazirlik tərəfindən bir illik akademik məzuniyyətverilir. Müəlliflər bir il ərazində nazirlikdə bəlli saatlarda bir araya gəlirlər, müzakirələr aparırlar. Dərslikləri bu şəkildə yazırlar. Eyni zamanda prosesdə psixoloqlar, yaş səviyyəsini müəyyən etmək üçün dilçi mütəxəssislər, metodistlər dəiştirak edir, dərslik bütün müəlliflərin vahid müzakirəsi, yanaşması nəticəsində hazır olur. Bizdə də eyni qaydanın tətbiq edilməli olduğunu deyən bəzi müəlliflər hesab edir ki, bu, işin yüksək səviyyədə alınması ilə nəticələnir. Bir də Türkiyədə dərslik yazan müəlliflər proses zamanlı nazirlik tərəfindən lazım olan elmi cihazlarla, elmi mənbələrlə təmin olunur. Bizdə isə hər şey müəllifin üzərinə düşür. Bizim əsas problemlərimizdən biri də mənbələrin bir-biri ilə uzlaşmaması, ziddiyyətlərin olmasıdır və sair.

Digər müəlliflər nazirin irəli sürdüyü fikirlərə necə yanaşırlar? Onun dərsliklərlə bağlı iradını qəbul edirlərmi?

Rafiq İsmayılov: “İdeal dərslik yoxdur...”

“Azərbaycan dili” dərsliyinin müəlliflərindən biri olan Rafiq İsmayılov “Bakı-Xəbər”ə bildirdi ki, nazir çıxışında Azərbaycan dili fənni ilə bağlı daha çox dərsliklərdən deyil, tədrisdən danışdı, tədris prosesində oxuyub-anlama bacarığına az diqqət yetirildiyini bildirdi: “Bu, doğrudan da belədir, müəllimlərimiz indiyə qədər mətnlə işi arxa plana keçirib dil qaydaları üzərində işləməyə üstünlük verirlər. Amma cənab nazir də bilir ki, mən həmişə dərsliklərdə oxu bacarığının inkişafına daha çox yer vermişəm və buna görə müəllimlərin tənqid hədəfinə çevrilmişəm.

İdeal dərslik yoxdur və dərsliklər həmişə tənqid hədəfi olaraq qalacaq, ən azı ona görə ki, hər bir dərslikdən istifadə edən milyonlarla şagird və müəllimin təfəkkür tərzi və intellekt səviyyəsi fərqlidir. Birinin şiddətlə tənqid etdiyi mətni bir başqası ağızdolusu tərifləyir.

O ki qaldı Azərbaycan dili dərsliklərinin dilinə, güman etmirəm ki, burada ciddi problemlər var. Biz hər bir dərsliyin dil-üslubunun müvafiq yaş səviyyəsinə uyğunluğunu nəzarətdə saxlayırıq”.

Hafiz Cabbarov: “Biz dərsliklərimizi bu cür ideoloji yanlışlıqlardan təmizlədik, bu da bizim dərsliklərimizin uğurudur”

“Azərbaycan tarixi” dərsliyinin müəlliflərindən olan Hafiz Cabbarov “Bakı-Xəbər”ə “Cənab nazirin dərsliklərlə, o cümlədən “Azərbaycan tarixi” dərsliklərilə əlaqədar bildirdiyi fikirlərlə bağlı nələri qeyd etmək olar? İlk olaraq onu qeyd etmək istəyirəm ki, Azərbaycanda dərslik yazmaq təcrübəsi də müstəqillik tariximiz qədərdir, bəlkə də bu işə müstəqilliyimizdən xeyli gec başlanılıb. Bildiyiniz kimi, uzun illər Azərbaycanda tarix dərslikləri yazılmırdı, bu dərsliklər əsasən Sovet ideologiyasına uyğun olaraq Moskvada yazılırdı və burda tərcümə olunurdu. Demək olar ki, tariximizin əsas leytmotivləri, mahiyyəti Moskvadan diqtə olunan şəkildə yazılırdı. Dövlət müstəqilliyimizi bərpa etdikdən sonra bir müddət bu istiqamətdə boşluq oldu. Açığı, Azərbaycanda öz dərsliklərimizin yazılması işinin başlanılması 2000-ci illərin əvvələrinə təsadüf edir. Bu təxminən 25 il çəkə bilər. Buna qədər olan müddətdə müvəqqəti dərsliklər yenə də köhnə Sovet dövründə çap olunan dərsliklərin tərcüməsindən, yaxud onların yenidən nəşr olunmasından ibarət idi. Təbii ki, bu təcrübə də çox önəmlidir.

ABŞ-ın, yaxın qonşumuz və qardaşımız olan Türkiyənin, Almaniyanın, Finlandiyanın, Estoniyanın, Avstraliyanın, Kanadanın, Gürcüstanın, Qazaxıstanın, Rusiyanın - dünya təhsil sistemində öz sözünü demiş ölkələrin dərsliklərinə, onların tarix üzrə kurrikulumlarına baxıram, analiz edirəm və onlarla özümüzün müqayisəmizi aparıram. Yəni bizim harda mənfi, harda müsbət cəhətlərimiz var, onu öyrənməyə və mənfi cəhətləri aradan qaldırmağa çalışırıq. Bizim müstəqil dərslik yazmaq müddətində, təbii ki, qüsurlarımız var, amma eyni zamanda uğurlarımız da var. Gəlin etiraf edək, son vaxtlara qədər “Azərbaycan tarixində” Azərbaycanın Qərb əraziləri köhnə Sovet ideologiyasının təsiri ilə “qədim Ermənistan” kimi təqdim olunurdu. Hətta dərsliklərdə “387-ci il müqaviləsi” verilirdi, orda “Ermənistanın bölüşdürülməsi” və s. qeyd olunurdu. Sonra biz obyektiv mənbələr əsasında müəyyən etdik ki, o Ermənistan indiki Ermənistan deyil, Van gölü ətrafında kiçik erməni çarlığı var idi. Armenia coğrafi məkan idi, bu etnonim deyildi, toponim idi. Yəni coğrafi məkanı bildirirdi. Burda müxtəlif xalqlar yaşayırdı. Ancaq Moskvanın diqtəsi ilə bizə göndərilən və tərcümə olunan dərsliklərdə bu, “qədim Ermənistan” kimi qələmə verilirdi, Urartu da “erməni dövləti” olaraq təqdim olunurdu. Təsəvvür edin, 1555-ci ildə Amasiya müqaviləsi ilə guya Ermənistanın bölüşdürülməsi yazılırdı. Biz saxtakarlıqları yığışdırıb obyektiv mənbələr əsasında gerçəklikləri yazmağa başladıq. Çox uzağa getməyək, tarix dərsliyində Nadir şah “işğalçı İran şahı” kimi qələmə verilirdi. Halbuki, Nadir şah Əfşar Azərbaycanın böyük dövlət xadimidir. Ağaməhəmməd Şah Qacar son vaxtlara qədər “işğalçı İran şahı” kimi təqdim olunurdu. Axı, QacarAzərbaycan dövlətçilik tarixinin, Qacarlar tayfası Azərbaycan xalqının bir hissəsidir. Eləcə də digər məqamlar. Azərbaycan Xalq Cumhuriyyəti Azərbaycan dövlətçiliyinin şanlı bir hissəsi kimi öz yerini tutmamışdı. Cumhuriyyəti quranlar, o qurucu babalar Azərbaycan xalqının düşməni kimi təqdim olunurdu. Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam, Azərbaycan-Türk Ordusu ağır döyüşlərdən sonra ingilis, erməni, rus qoşunlarını məğlub edib, şanlı qələbə qazanıb Bakını azad ediblər. Halbuki, vaxtilə bu bizə dərsliklərdə tamamilə başqa cür qələmə verilir, Osmanlı ordusunun Azərbaycanı “işğal etməsi” kimi yazılırdı. Bəlkə də aramızda hələ də bu barədə yanlış düşüncəyə malik olanlar var. Biz dərsliklərimizi bu cür ideoloji yanlışlıqlardan təmizlədik, bu bizim dərsliklərimizin uğurudur. Hesab edirəm ki, dərsliklərin ən vacib hissələrindən biri tarixi obyektivliyi əks etdirməkdir. Belə bir məşhur söz var: tarixçinin ən mühüm vəzifəsi tarixi həqiqətləri olduğu kimi yazmaq və həqiqətləri gizlətməməkdir. Biz tariximizin üzərində mövcud olmuş bütün qara buludları təmizlədik.

Cənab nazirin fikirlərində həqiqət var və onun dediyi kimi, dərsliklərdə bir sıra çatışmayan cəhətlər var və biz də bunu görürük. Daim onların üzərində çalışırıq ki, o nöqsanları aradan qaldıraq”.

H.Cabbarov qeyd etdi ki, nazirin dediyi kimi,dərsliklərin məzmununa diqqət yetirmək və bir qədər də yüngülləşdirmək, azaltmaq istiqamətində dəişləyirlər. O bildirdi ki, əgər dərsliklərə tarixçilər və tarix müəllimləri obyektiv yanaşsalar inkişafı və fərqi görə bilərlər. H.Cabbarov qeyd etdi ki, ötən illər ərzində dərsliklərimizdə xeyli müsbət dəyişikliklər, inkişaf var və bundan sonra da iş prosesi gedəcək. “Vaxtilə tarix dərsliklərində lüzumsuz statistik materiallar vardı. Tutalım, XIX əsrin II yarısında Azərbaycanda necə baş qaramal vardı, neçə hektar torpaq əkilirdi v ə sair. Bu cür lüzumsuz materiallar bu gün bizim dərsliklərimizdə yoxdur. Bu gün biz dərsliklərin istər mətn, istərsə də mənbə hissəsində Azərbaycan şagirdlərinin vətənpərvərlik duyğularını formalaşdırmaq, eyni zamanda Vətənə, dövlətə bağlılıq hissi yaratmaq üçün tariximizin şanlı səhifəsini əks etdirən hekayələr, mənbələr qoyuruq. Cənab nazir özü də deyib ki, bizim belə hekayələrə ehtiyacımız var. Bir məqamı xatırlatmaq istəyirəm. Birinci Qarabağ müharibəsi ilə bağlı bəzən cəmiyyətdə belə fikir formalaşırdı ki, “Azərbaycan məğlub oldu”. Bunu heç vaxt əsla qəbul etməmişəm. Birinci Qarabağ müharibəsində döyüş meydanında yaranan könüllülərdən ibarət Azərbaycan ordusu qəhrəmanlıqla vuruşdu. Ancaq dövrün geosiyasi vəziyyəti, yeni müstəqillik əldə etmiş dövlətin obyektiv və subyektiv çətinlikləri, xarici dövlətlərin düşmənə hərtərəfli yardımı və Azərbaycanın sosial-iqtisadi çətinlikləri bizim torpaqlarımızın işğalı ilə nəticələndi. Amma Azərbaycan Ordusu döyüş meydanında məğlub olmamışdı. O zaman Azərbaycan Ordusunun qəhramanlığı ilə bağlı real hekayələr ətrafında araşdırmalar aparırdıq ki, bunu şagirdlərimizə aşılayaq. Bu araşdırma nəticəsindəMilli Qəhrəman Natiq Qasımovun qəhrəmanlığı ilə bağlı 2015-ci ildə mətbuatda bir yazı ilə tanış oldum və bunu V sinif “Azərbaycan tarixi” dərsliyində verdim. İtalyan jurnalistin Natiq Qasımov haqqında film çəkməsindən və onun KİV-lərdə tirajlanmasından, Vətən müharibəsindən sonra onun qəhrəmanlığı məşhurlaşdı. Həmişə dərslikləri tənqid edənlər, çox təəssüf edirəm ki, bu qəhrəmanlıq hekayəsini görməmişdilər. Niyə görmədikləri maraqlıdır. Biz dərslikləri təndiq edərkən qara nöqtələr axtarırıq, orda müsbət məqamları görmək istəmirik. Heç bir həmkarımız bu qəhrəmanlıq hekayəsi ilə bağlı heç bir müsbət rəy verməmişdi, o zaman bir mənfi rəy almışdıq, bu da məni indiyə qədər ağrıdır. Müəllimlərdən biri sosial şəbəkədə yazmışdı ki, Natiq Qasımovun sonrakı taleyi nə oldu? Niyə dərsliyə yazmırlar? O zaman itkin düşmüş sayılan Natiq Qasımovun yolunu gözləyən anaya necə deyə, yaxud hekayədə necə yaza bilərdik ki, onu ermənilər qəddarlıqla, amansızlıqla qətlə yetiriblər...

Demirik ki, dərsliklər nöqsansızdır, tamamilə müsbət məqamlardan ibarətdir. Əlbəttə, özümüz də bu mənfi cəhətləri görürük və bunu işləyib inkişaf etdirməyə çalışırıq. Müəyyən müddətdən sonra dərsliklər yenilənir. Bu yeniliklər elmdə aparılan tədqiqatlar nəticəsində qazanılmış yeni elmi nailiyyətlərin dəsrliklərdə əks etdirilməsi ilə bağlıdır”-deyə H.Cabbarov qeyd etdi.

İradə SARIYEVA

Seçilən
32
baki-xeber.com

1Mənbələr