Razılaşmanın detalları Tramp və Si Tsinpinin telefon danışığında təsdiqlənəcək...
ABŞ və Çin sosial şəbəkə nəhəngi TikTok-un Amerika tərəfinin nəzarətinə keçməsi barədə ilkin razılaşma əldə edib. Məsələ ilə bağlı yekun detallar ABŞ prezidenti Donald Tramp və Çin Xalq Respublikasının sədri Si Cinpin arasında cümə günü keçiriləcək telefon danışığında təsdiqlənəcək.
Poliqon xəbər verir ki, bu barədə Reuters agentliyi Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Qeyd edək ki, ABŞ-da TikTok-un bloklanması üçün son tarix 17 sentyabr idi. Vaşinqtonun tələbinə əsasən, platformanın Çin şirkəti ByteDance-dən ayrılaraq Amerika tərəfinə satılması zəruri sayılırdı. Əks halda, tətbiqin ölkə daxilində fəaliyyətinə qadağa qoyulacaqdı.
ABŞ maliyyə naziri Skott Bessent jurnalistlərə açıqlamasında bildirib ki, razılaşmanın texniki detallarının tamamlanması üçün son tarix uzadıla bilər.
“Biz kommersiya şərtlərini müzakirə etməyəcəyik. Bu, iki özəl tərəf arasında məsələdir. Amma əsas şərtlər artıq razılaşdırılıb”, deyə Bessent Madriddə iki gün davam edən danışıqlardan sonra bəyan edib.
Məlumata görə, hazırkı razılaşma TikTok-un ABŞ bazarında fəaliyyətini davam etdirməsini təmin edəcək. Bununla yanaşı, Amerika hökuməti və Konqresin əsas narahatlığı olan milli təhlükəsizlik riskləri də nəzərə alınacaq.
Xatırladaq ki, Tramp administrasiyası bir neçə aydır Çin mənşəli tətbiqin ABŞ vətəndaşlarının şəxsi məlumatlarının Pekinlə paylaşılacağı ehtimalından narahatdır. Çin tərəfi isə bu iddiaları əsassız adlandırır və TikTok-un müstəqil fəaliyyət göstərdiyini bildirir.
Beləliklə, əldə edilən çərçivə razılaşması həm ABŞ-ın, həm də Çinin kompromis addımı kimi qiymətləndirilir. Yekun mexanizm və nəzarət strukturu isə yaxın günlərdə açıqlanacaq.
Poliqon.info