AZ

“Bakının azadlığı təkcə Azərbaycan deyil, bütün türk dünyası üçün dönüş nöqtəsi oldu”

"15 sentyabr 1918-ci il tarixi Azərbaycanın siyasi həyatında ən şərəfli səhifələrdən biridir. Həmin gün Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu Bakını bolşevik-daşnak birləşmələri və xarici qüvvələrin işğalından azad etdi".

Bu fikirləri Bakının işğaldan azad edilməsinin 107-ci ildönümü ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Qəvami Sadıqbəyli bildirdi.

Onun sözlərinə görə, bu, yalnız bir şəhərin qurtuluşu deyil, bütün Cənubi Qafqaz türklərinin milli mövcudiyyətinin təminatı idi:

"Azərbaycan Xalq Cümhuriyyəti ordusuz və silahsız qaldığı bir vaxtda, Osmanlı dövləti özünün ağır şəraitinə baxmayaraq Azərbaycana qardaş köməyi göstərdi. Qafqaz İslam Ordusu Gəncə, Kürdəmir, Şamaxı və digər bölgələrdə qanlı döyüşlərdən keçərək Bakıya qədər irəlilədi. Minlərlə türk və azərbaycanlı igid şəhidlik zirvəsinə ucalaraq böyük tarixi qələbəni təmin etdi. Bakının azad olunması həm Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi, həm də regionda tarixi ədalətin bərqərar olması baxımından dönüş nöqtəsi oldu. Qurbanların qanı ilə yazılan bu zəfər Anadolu ilə Qafqaz arasında sarsılmaz qardaşlıq bağlarını daha da gücləndirdi. 15 sentyabr yalnız Bakının qurtuluşu günü deyil, həm də Anadolu və Qafqaz türklərinin birliyinin təcəssümüdür. O dövrdə Qafqaz üzərində nəzarəti ələ keçirmək istəyən böyük güclər - Rusiya, İngiltərə, Fransa və digərləri bölgəni öz maraqlarına tabe etdirməyi planlaşdırırdılar. Qafqaz İslam Ordusunun qələbəsi həmin niyyətlərin qarşısını aldı".

Politoloq əlavə etdi ki, müasir dövrdə də oxşar proseslər müşahidə olunur:

"Hazırda Qafqaz və Orta Asiya coğrafiyası enerji ehtiyatları, geostrateji mövqeyi və nəqliyyat dəhlizləri ilə qlobal rəqabətin əsas mərkəzinə çevrilib. Mövcud şəraitdə Türkiyə və Azərbaycanın strateji əməkdaşlığı “bir millət, iki dövlət” konsepsiyası sadəcə tarixi yaddaş deyil, həm də müasir geopolitikanın əsas dayaqlarından biridir. 15 sentyabrın dərsi bizə göstərdi ki, türk xalqlarının birliyi müstəqilliyimizin qarantıdır. Bu hadisə sübut etdi ki, Anadolu və Qafqaz türkləri bir amal uğrunda çiyin-çiyinə dayananda böyük güclərin planları iflasa uğrayır".

Nuriyyə NATİQQIZI

Seçilən
34
1
redaktor.az

2Mənbələr