AZ

8 avqustun nəticələri - erməni lobbisi ABŞ Konqresində 2 ağır zərbə aldı...


Elşad Həsənov: “Bu isə o deməkdir ki, erməni lobbisi artıq buna mane ola bilməyəcək”

ABŞ Nümayəndələr Palatasının Qaydalar Komitəsi FY2026 Müdafiə Səlahiyyətləri Haqqında Qanuna (NDAA) təqdim edilən anti-Azərbaycan məzmunlu iki mühüm düzəlişi gündəliyə daxil etməyib.

Söhbət konqresmenlər Frenk Pallone (D-NJ) və Qas (Gus) Bilirakis (R-FL) tərəfindən irəli sürülmüş təkliflərdən gedir. Onlardan biri ABŞ Prezidentinin 907-ci düzəlişi dayandırmaq səlahiyyətlərini ciddi şəkildə məhdudlaşdırmağı, digəri isə Pentaqondan hər il “Azərbaycanın Ermənistanın suverenliyini tanıdığı” barədə xüsusi təsdiq tələb etməyi nəzərdə tuturdu. Hər iki düzəliş “made in order” siyahısına salınmadığından səsverməyə çıxarılmayacaq və qanunvericilik prosesindən kənarda qalacaq. Bu qərar erməni lobbi təşkilatlarının geniş kampaniyalarına rəğmən qəbul olunub və Vaşinqtonda anti-Azərbaycan istiqamətli addımların qarşısının alınması kimi qiymətləndirilir. Bir sözlə, Pallone və Bilirakisin təqdim etdiyi düzəlişlər rəsmi şəkildə rədd edilib.

“Çünki Birləşmiş Ştatların strateji maraqları hər şeydən öndə gəlir”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən siyasi ekspert Elşad Həsənov hesab edir ki, dünyada artıq yeni reallıqlar yarandığı üçün erməni lobbisi artıq Azərbaycana problem yarada bilmir: “Tramp prezident seçiləndən sonra ABŞ-Azərbaycan münasibətləri normallaşmağa doğru inkişaf edir. Azərbaycan-ABŞ münasibətləri yeni inkişaf müstəvisinə daxil olduqca, regionda ölkəmizin önəmi daha da artır. Vaşinqton görüşü və Ağ Evdə aparılan danışıqlar, əldə edilən razılaşmalar, verilən bəyanatlar onu göstərir ki, ABŞ Azərbaycanın regionda strateji əhəmiyyətinə xüsusi verir. Bu isə o deməkdir ki, erməni lobbisi artıq buna mane ola bilməyəcək. Çünki Birləşmiş Ştatların strateji maraqları hər şeydən öndə gəlir. Nəzərə almaq lazımdır ki, ABŞ-da hakimiyyətdə Respublikaçılar Partiyasıdır. Demokratlardan fərqli olaraq, Respublikaçılar xarici siyasətdə ABŞ-ın milli maraqlarını daha prioritet hesab edir. Demokratların siyasəti isə fərqlidir. Üstəlik, Demokratlar Partiyasına erməni lobbisinin təsir imkanları böyükdür. Bunun nəticəsi idi ki, Baydenin prezidentliyi dövründə ABŞ-la münasibətlər gərgin oldu. Ancaq Trampın qalib gəlməsi erməni lobbisinin planlarını pozdu. Üstəlik, Azərbaycan Qarabağda suverenliyini tam bərpa edib. Həm işğala son qoyulub, həm də suverenliyimiz tam bərqərar olunub. Bundan sonra erməni lobbisi nəyəsə nail ola bilməyəcək. Çünki ərazilərimiz işğaldan azad edilib. Rəsmi Vaşinqton həm də bu amili nəzərə alaraq erməni lobbisinin çağırışlarını saya salmayacaq. Çünki nə ATƏT-in Minsk Qrupu var, nə də digər təsir vasitələri. Tamamilə yeni reallıqlar formalaşıb və ABŞ da bundan çıxış edərək Azərbaycanla münasibətləri quracaq”.

Vidadi ORDAHALLI

Seçilən
58
baki-xeber.com

1Mənbələr