Otuz ildən sonra azad edilən Qarabağ və Şərqi Zəngəzur bu gün yeni həyatın, quruculuğun və davamlı inkişafın mərkəzinə çevrilib. Tarixi Zəfərimizin yaratdığı imkanlar sayəsində Böyük Qayıdış prosesi mərhələli şəkildə həyata keçirilir, doğma torpaqlara qayıdan hər bir vətəndaş üçün müasir və layiqli yaşayış şəraiti yaradılır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işləri bu bölgələri sürətlə canlandırır, onları Azərbaycanın sosial, iqtisadi və mədəni həyatının fəal tərkib hissəsinə çevirir.
Müxtəlif turizm növlərinin inkişafı üçün əlverişli şərait mövcuddur
Bu gün regionların inkişafında dövlət siyasətinin əsas hədəflərindən biri kimi Qarabağ və Şərqi Zəngəzurun bərpası strateji əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzurda iqtisadi dirçəlişin əsas istiqamətlərindən biri də sahibkarlığın və turizmin inkişafıdır. Bu məqsədlə sahibkarlar üçün maliyyə əlçatanlığı artırılır, güzəştli kreditlər təqdim olunur. Regionun zəngin turizm potensialını nəzərə alaraq, infrastrukturun yenidən qurulması və müasir xidmət sahələrinin yaradılması diqqət mərkəzindədir. Hazırda bölgədə müxtəlif turizm növlərinin inkişafı üçün əlverişli şərait mövcuddur. İşğaldan azad olunmuş ərazilərimiz tarixi-mədəni abidələrlə yanaşı, füsunkar təbiətə, yeraltı və yerüstü sərvətlərə, geniş turizm imkanlarına malikdir. Bölgədə müalicəvi turizm, istirahət turizmi, ekoturizm və turizmin digər növlərinin inkişaf etdirilməsi üçün böyük imkanlar var. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda nəzərdə tutulan əsas prioritetlərdən biri də məhz bu bölgədə turizmin müxtəlif növlərinin inkişafı üçün zəruri təminatların yaradılmasıdır.
2025-ci ildə işğaldan azad edilən ərazilərdə 11 otel fəaliyyətə başlayıb
Şuşa, Xankəndi, Zəngilan və Ağdamda artıq bir neçə otel və konqres mərkəzi istifadəyə verilib. Zəngilanda “Beşdəli Hotel”, Ağdamda “Hilton” otellərinin inşası davam edir. Paralel olaraq, rayonlarda İşğal və Zəfər muzeyləri komplekslərinin layihələndirilməsi aparılır ki, bu da həm turizmin, həm də milli yaddaşın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Hazırda Şuşa şəhərində 4 ədəd, Xankəndi şəhərində 10 ədəd, Ağdam rayonunda 2 ədəd, Zəngilan və Laçın rayonlarının isə hər birində 1 ədəd hotel turistlərin xidmətindədir. Məsələn, Ümumi sahəsi 5325 kvadrat metr olan “Bulud” hotel beş mərtəbədən ibarətdir. Hoteldə 45 nömrə var və 91 qonaq qəbul edə biləcək. Müasir iaşə məkanlarının yaradıldığı hoteldə “Lobby lounge”, kafe, açıq və qapalı restoranlar fəaliyyət göstərəcək. Hoteldə 50 nəfər işlə təmin olunub. Xankəndi şəhərinin mərkəzində yerləşən dəbdəbəli “Qarabağ” Hoteli ötən əsrin ortalarında istifadəyə verilib. Hoteldə təmir-bərpa və yenidənqurma işlərinin həyata keçirilməsindən sonra bina ilkin görkəminə qaytarılıb. Hotelin keçmiş adı da özünə qaytarılıb və “Qarabağ” adı ilə fəaliyyət göstərir. Hoteldə “Ləmpə Restoranı” da mövcuddur. “Palace” adlı hoteldə müxtəlif tipli 54 otaq var. Burada 300 qonağın sığışdığı “Lobby Lounge & Terrace”, “Səhər Yeməyi Restoranı”, “Şirin Coffee & Bakery”, “Café Park”, “Dəfnə” restoranları fəaliyyət göstərir. Hotelin əyləncə və istirahət zonalarında SPA, sauna və qapalı hovuz, idman zalı yaradılıb. “Palace hotel”də standart otaq 150-190 manat, “Qarabağ” hoteldə standart otaq 240-340 manat aralığında dəyişir. Qiymətlərə səhər yeməyi də daxildir. Ötən yay ərzində minlərlə turist və qonaq bu otellərdə gecələyib. Qarabağı ziyarət edənlərin sayının ilbəil artması, Şuşada, Xankəndində, Laçında keçirilən beynəlxalq tədbirlər, musiqi festivalları və digər tədbirlər otellərə olan tələbatı artırıb. Ona görə də yeni otel kompleksləri yaradılır. Məlumat üçün qeyd edək ki, Xankəndidə “Bulud”, “Səfalı”, “Şəfəq”, “Yurd”, “Qızıl Gül”, Xocavənddə “Xocavənd”, Ağdərədə “Ağdərə", “Riverside Hotel”, Laçında “Lachin Hotel & Resort”, Şuşada “Yasəmən Hotel” və Zəngilanda “Ağalı Hotel” 2025-ci ildə fəaliyyətə başlayıb. Bununla da bu il başlayandan Qarabağ və Şərqi Zəngəzur regionunda otellərin sayı 11 olub.
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən millət vəkili Vüqar Bayramovun fikrincə, Qarabağ və Şərqi Zəngəzurda turizmin inkişafı, yeni-yeni otellərin yaradılması ilə bağlı sistemli işlər görülür: “Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması, həm də həmin bölgələrimizdə iqtisadiyyatın inkişafı üçün yeni imkanlar yaradır. Nəzərə almaq lazımdır ki, Prezident İlham Əliyev Qarabağ və Şərqi Zəngəzura son səfərində bir sıra açılışlarda iştirak etdi. Eyni zamanda yeni yaşayış məntəqələrinin təməli qoyuldu. Bir tərəfdən işğaldan azad edilən rayonlarımız bərpa edilir, inkişaf edir. Digər tərəfdən Azərbaycanda separatizmin kökü birdəfəlik kəsildi. Biz Qarabağ və Şərqi Zəngəzurda turizm daxil olmaqla fərqli iqtisadi sektorların inkişafını müşahidə edirik. Artıq 50 mindən artıq vətəndaşımız Qarabağ və Şərqi Zəngəzurda işləyir. Daimi məskunlaşan vətəndaşlarımızın da sayında artımlar müşahidə edilir. Bütün bunlar ondan xəbər verir ki, ümumilikdə işğaldan azad edilən ərazilərimiz yeni inkişaf mərhələsinə qədəm qoyur. Növbəti mərhələdə Azərbaycanın iqtisadi inkişaf drayverlərindən biri də Qarabağ və Şərqi Zəngəzur olacaq. Həmin regionlar inkişaf etdikcə, ora turizm axını artdıqca, yeni-yeni otellərə tələbat yüksəlir. Çünki yalnız mövcud otellər turizm axınının yaratdığı tələbatı təmin edə bilməyəcək. Ona görə də qarşıdakı illərdə yeni-yeni otellərin tikiləcəyi gözlənilir”.
Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.