AZ

Zəngəzur dəhlizinin giriş qapılarında demarkasiya başlayır...


Əli Orucov: “Yeni delimitasiya prosesi dəhlizin açılmasını sürətləndirə bilər”

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışında Azərbaycanla sərhədlərin delimitasiyası prosesində yeni xəbərlərin mümkün ola biləcəyini deyib: “Sülhün bərqərar olması uzunmüddətli bir prosesdir, bu isə diqqət, ehtiyatlılıq və ardıcıllıq tələb edir”.

Məlumat üçün qeyd edək ki, hələlik sərhədin Qazax istiqamətində delimitasiya prosesi baş verib. Avqustun 8-də Vaşinqtonda imzalanan sazişdən sonra isə bu prosesin daha da intensivləşəcəyi gözlənilir. Ehtimallara görə, növbəti delimitasiya Sünik (Qərbi Zəngəzur) və Zəngilan sərhədində olacaq. Çünki bu günlərdə Ermənistan və Azərbaycan baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi nümayəndə heyətləri iki ölkənin sərhədyanı ərazilərində - Sünik (Zəngəzur) vilayətinin cənub rayonlarında və Zəngilan rayonunda görüşüblər. Nümayəndə heyətlərinə Ermənistan və Azərbaycan Dövlət Sərhədinin Demarkasiyası və Təhlükəsizliyi Komissiyasının, Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Xidmətinin, Xarici İşlər Nazirliyinin və Ərazi İdarəetmə Nazirliyinin nümayəndələri daxil olub.

Maraqlıdır, növbəti delimitasiyanın Zəngilanın Ermənistanla sərhədindən başlayacağını nəzərə alsaq, bu, Zəngəzur dəhlizinin açılması prosesinə necə təsir edə biləcək?

“Belə olmasaydı, delimitasiya Qazaxla sərhəddə davam etdirilərdi”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən AMİP funksioneri Əli Orucovun fikrincə, delimitasiya Zəngilandan başlayacaqsa, deməli Zəngəzur dəhlizinin (Tramp yolu) açılması ilə bağlı proseslər sürətlənir: “Məsələ ondadır ki, 2024-cü ilin aprel ayında delimitasiya və demarkasiya işlərinin sərhədin şimal hissəsində, yəni Qazax-Tavuş istiqamətində aparılması barədə razılaşma əldə olunub. Lakin komissiyaların prosesi sərhədin cənub hissəsinə keçirməsi, çox güman ki, Zəngəzur dəhlizinin (Tramp yolu) açılması istiqamətində ABŞ ilə Ermənistan və Azərbaycan arasında müzakirələrə başlanılması ilə bağlıdır. Bu onunla əlaqədardır ki, Azərbaycanın qərb hissəsi ilə Naxçıvan arasında nəqliyyat-tranzit əlaqələrinin açılması şərti sərhədin məhz cənub istiqamətində delimitasiya və demarkasiya işlərinə tez bir zamanda başlanılmasını zəruri edir. Belə olmasaydı, delimitasiya Qazaxla sərhəddə davam etdirilərdi. Bu baxımdan, çox güman ki, Azərbaycan və Ermənistan delimitasiya prosesini Zəngilan-Mehri istiqamətində davam etdirməyi razılaşdırıb. Horadiz-Mehri-Ordubad dəmir yolu Zəngəzur dəhlizinin (Tramp yolu) əsas halqasıdır. Bu səbəbdən, Zəngilan-Mehri sərhədində delimitasiya və demarkasiyası məsələsi ön plana keçib. Nəzərə almaq lazımdır ki, Birləşmiş Ştatlar Zəhgəzur dəhlizi (Tramp yolu) ilə bağlı 145 milyon dollar vəsait ayırıb. Bütün bunlar əsla təsadüf ola bilməz. Bu baxımdan hesab edirəm ki, yeni delimitasiya prosesi dəhlizin açılmasını sürətləndirə bilər”.

Vidadi ORDAHALLI

Seçilən
10
baki-xeber.com

1Mənbələr