Baku.ws portalından verilən məlumata əsasən, ain.az bildirir.
Bakıda və digər böyük şəhərlərdə aparılan təmir və tikinti işləri çox vaxt küçə–yol şəbəkəsində məhdudiyyətlərə, nəticədə isə əlavə sıxlıq və tıxaclara səbəb olur.
BAKU.WS-in məlumata görə, ənənəvi üsullarla aparılan qazıntılar yolların tam və ya qismən bağlanmasına gətirib çıxardığından nəqliyyat axınını iflic edir.
Halbuki müasir tikinti texnologiyaları bu problemin qarşısını minimuma endirə bilər.
Nəqliyyat eksperti Rauf Ağamirzəyev BAKU.WS-ə bildirib ki, meqapolislərdə aparılan hər bir təmir və tikinti işi küçə–yol şəbəkəsində müəyyən məhdudiyyətlər yaradır. Bu məhdudiyyətlər isə qaçılmaz olaraq əlavə sıxlıq və tıxaclarla nəticələnir:
"Müasir texnologiyalar bu problemi minimuma endirə bilər. "Boru ekran" texnologiyası sıx məskunlaşmış şəhər mühitində yol səthini dağıtmadan yeraltı qurğuların inşasına imkan verir. Borular ardıcıl şəkildə irəli hərəkət etdirilərək qoruyucu kontur yaradılır, daha sonra torpaq çıxarılır və tunelin daxili bəzədilir. Əsas üstünlüyü isə işlərin yuxarıdakı yol və dəmir yolu hərəkətini dayandırmadan aparılmasıdır. Bu metodun tətbiqi nəticəsində sərnişin qatarlarının hərəkəti fasiləsiz davam edir, paralel olaraq yeni avtomobil tuneli inşa olunur.
Eyni zamanda mikrotunel üsulu uzun məsafəli yeraltı kommunikasiya işlərini yuxarıda hərəkəti məhdudlaşdırmadan icra etməyə şərait yaradır. Şaquli şaxtalar isə az sahə tutaraq dərin işlərin aparılmasını mümkün edir".
Ekspert əlavə edib ki, müasir texnologiyadan istifaə nəticəsində hərəkətin tam dayandırılmasına ehtiyac qalmır:

"Vaxt, iqtisadi itkilər azalır və şəhərin məkanından səmərəli istifadə olunur. Təhlükəsizlik və ekoloji risklər xeyli aşağı düşür.
Bakıda artıq bəzi layihələrdə bu üsullar tətbiq edilir. Amma şəhərin böyümə sürətini və nəqliyyat sıxlığını nəzərə alsaq, onların daha geniş istifadəsi labüddür. Müasir texnologiyaların tətbiqi yalnız tikinti prosesini deyil, həm də şəhər həyatının keyfiyyətini yaxşılaşdırır. Bu, həm vətəndaşların rahatlığı, həm də şəhərin gələcək inkişafı üçün vacib addımdır".

Orxan Hüseyn
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.