Səhiyyə nazirliyi yanında Xüsusi Təftiş Komissiyasının apardığı araşdırmalardan sonra apreldə sənədlərinin əsaslılığı təsdiq olunmuş 42 həkim-mütəxəssisə plastik cərrah kimi əməliyyat etmək üçün icazə verildi.
Lakin təəssüf ki, hələ də ölkədə plastik cərrah kimi fəaliyyət göstərməyə icazəsi olmayan həkimlər ard-arda plastik əməliyyatlar icra edirlər. Hətta bunu sosial şəbəkə hesablarında açıq şəkildə paylaşırlar. Yəni, mövcud problem hələ də tam şəkildə həllini tapmayıb. Qərarlar kağız üzərində qalıb.
Xezerxeber.az-ın xəbərinə görə, plastik, rekonstruktiv və estetik cərrah uzman Tale Qasımov deyir ki, "plastik cərrah" adını siyahıda olmayan həkimlərin istifadə etməsi yolverilməzdir.
Həkimin sözlərinə görə, hələ də plastik cərrahiyyə təhsili almayan şəxslərin yanında əməliyyat olunan və sonradan ağırlaşma yaşayan xəstələr var.
Uzman plastik rekonstruktiv və estetik cərrah Dilqəm Məmmədov isə problemin həllini vətəndaşların bu sahədə maariflənməsində, araşdırma aparmasında görür.
Səhiyyə Nazirliyindən isə "Xəzər Xəbər"ə bildirildi ki, nazirlik qanunsuz plastik əməliyyatlara qarşı sıfır tolerantlıq siyasəti həyata keçirilir. Hər bir belə hal dərhal araşdırılır və ən sərt tədbirlər görülür. Bu ilin ilk altı ayında Analitik Ekspertiza Mərkəzi tərəfindən aparılan yoxlamalar nəticəsində 12 nəfər barəsində qanunsuz cərrahi fəaliyyət faktı aşkarlanıb. Onlar barədə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokollar tərtib olunaraq aidiyyəti üzrə göndərilib. Bu şəxslərdən bəziləri sertifikatsız əməliyyat aparmaqda, bəziləri isə saxta sənədlərlə plastik cərrah kimi çalışmaqda ittiham olunub. Nazirlik bir daha xatırladır ki, plastik cərrahiyyə yalnız Təftiş Komissiyasının təsdiq etdiyi siyahıda yer alan və sertifikasiyadan keçmiş həkimlər tərəfindən aparıla bilər. Siyahıda adı olmayan şəxslərin bu sahədə fəaliyyəti qanunsuz sayılır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.